AŞPA-da Elmar Hüseynov və Rafiq Tağının qətlə yetirilməsi müzakirə olunacaq
Yanvarın 26-30-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. AŞPA-nın veb-səhifəsində sessiyanın gündəliyinə daxil edilən məsələlər haqqından ətraflı bilgi verilir.
Qış sessiyasında ən geniş müzakirələr Ukrayna ilə bağlı olacaq. Xəbərdə bildirilir ki, sessiya dönəmində Avropa Şurasına daxil olan ölkələrdə söz azadlığının qorunması haqqında da geniş müzakirələr gözlənilir. Əsas vurğu Avropada xristianlara qarşı dözümsüzlük və diskriminasiyaya ediləcək.
Sessiya ilk iş gününə sədr və onun müavinlərinin səlahiyyətləri üzrə çıxışları ilə başlayacaq. Daha sonra Büronun və Daimi Komitənin fəaliyyəti ilə bağlı hesabat dinlənəcək. İkinci məruzə 2014-cü il Tunisdə keçirilən prezident və parlament seçkiləri haqqındadır. Bu hesabatın ardınca Moldova Respublikası üzrə həmməruzəçilər 2014-cü il noyabrın 30-da keçirilən parlament seçkiləri haqqında rəylərini açıqlayacaqlar.
Sessiyanın ikinci günü Avropa İnsan Haqları Məhkəməsi hakimlərinin seçkisi ilə başlayacaq.
Günün əsas müzakirələri isə Ukraynadakı qaçqın və məcburi köçkünlərlə bağlı humanitar durum haqqında olacaq. Müzakirələrdən sonra AŞPA-nın Ukraynaya humanitar dəstək verilməsi üzrə konkret təkliflər verəcəyi gözlənilir. Günün ikinci yarısında parlamentarlar Avropa Şurası ilə Avropa Birliyi arasında qarşılıqlı anlaşma Memorandumunun həyata keçirilməsi haqqında müzakirələrə başlayacaq. İkinci iş günü Çernoqoriyanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı hesabatın dinlənməsi ilə başa çatacaq.
İyunun 28-də AŞPA Avropa KİV-lərində söz azadlığının qorunmasını müzakirəyə çıxaracaq. İkinci məruzə bərabərlik və böhran haqqındadır. Hər iki hesabatı AŞPA sədrinin müavinləri təqdim edəcək. Günün ikinci yarısında isə sessiya kollektiv danışıqlar və tətil hüququ üzrə vəziyyət, ardınca isə Avropada mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə məsələləri haqqında müzakirələr gözlənilir.
Yanvarın 29-da iki məsələnin müzakirəsi nəzərdə tutulub –Avropada xristianlara qarşı dözümsüzlük və diskriminasiya və AŞPA-dakı milli nümayəndə heyətlərinin tərkiblərindəki siyasi mənsubiyyətlər.
Cümə günü baş tutacaq sonuncu sessiyada isə əməkçilərin demokratik iştirakı və məhdud imkanlara malik insanların bərabərliyi məsələləri müzakirə olunacaq.
Yada salaq ki, qurumun Nazirlər Şurasının dönəm sədrliyi Azərbaycandadır. Azərbaycan 2014-cü ilin yay sessiyasından bu
vəzifəni icra edir. Gündəlikdən göründüyü kimi, AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı hər hansı məsələsinin müzakirəsi gözlənilmir. Ancaq “Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, Avropa məkanında söz azadlığının və medianın durumu müzakirə edilərkən “Monotor” jurnalının baş redaktoru Elmar Hüseynovun və yazıçı Rafiq Tağının qətlə yetirilməsi bu məsələyə pis örnək kimi qeyd olunacaq.
Diqqət çəkən faktlardan biri də odur ki, AŞPA-nın qış sessiyasında Azərbaycanı daha kiçik nümayəndə heyəti təmsil edəcək. Rəsmi nümayəndə heyətinin tərkibinə dəyişiklik olmasa da, QHT sektoru təmsilçiləri sırasında sessiyaya olduqca məhdud sayda insan qatılacaq. Təbii, bunun obyektiv səbəbləri də var. Avropa Şurasının sessiyalarına davamlı olaraq qatılan “Hüquq Maarifçiliyi” cəmiyyətinin sədri İntiqam Əliyev, “Sülh və Demokratiya” İnstitutunun sədri Leyla Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov həbsdədir, RATİ-nin rəhbəri Emin Hüseynovun yeri bəlli deyil – o təqiblərdən uzaqlaşmaq üçün gizlənir. Digər hüquq müdafiəçiləri isə “Yeni Müsavat”a açıqlamalarında Azərbaycan məsələsi müzakirə olunmadığı üçün sessiyada iştirak etməyəcəklərini deyiblər.
QHT sektorunun AŞPA sessiyasında iştirak etməmə səbəblərindən biri kimi onların bank hesablarına həbs qoyulması göstərilir. Başqa sözlə, onların sessiyada iştirakı üçün vəsaitləri yoxdur. Yada salaq ki, ötən ilin payızından vergi yoxlamaları gərəkcəsi ilə vətəndaş cəmiyyətin institutlarının böyük çoxluğunu bank hesabları qapalıdır.
Aygün Muradxanlı, musavat.com






