AŞ PA-nın müşahidə missiyasından iqtidarın və müxalifətin gözləntiləri
Sentyabrın 21-22-də Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı missiyası Azərbaycanda səfərdə oldu. Parlamentdə təmsil olunan partiyalar və bəzi müxalifət partiyalarının, vətəndaş cəmiyyəti, media təmsilçiləri ilə görüşlər keçirdilər. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov AŞ PA-nın seçkiqabağı missiyasının səfəri ilə bağlı APA-ya müsahibəsində deyib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürüb.
Avropa Şurasının üzərinə götürdüyü öhdəliklərdən biri də seçkilərin müşahidəsinin aparılması ilə bağlıdır. Beləliklə, AŞ PA nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək seçkilərin müşahidə edilməsi bu qurumun öhdəliklərinin tərkib hissəsidir. Odur ki, AŞ PA-nın seçkiqabağı missiyasının seçkiqabağı prosesi və 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqları qiymətləndirmək məqsədilə 21-22 sentyabrda Bakıya səfər etmələri təqdir olunmalıdır: “1 noyabr parlament seçkilərində seçki müşahidə missiyasının həyata keçirilməsi vacibdir. Belə ki, prosedur qaydalarına əsasən monitorinq prosesində olan istənilən üzv ölkədə belə müşahidə missiyasının keçirilməsi məcburidir. Odur ki, seçkiqabağı missiyanın ölkəmizə səfər etməsi, müxtəlif görüşlər keçirməsi, seçkilərə hazırlıqla bağlı məlumatlar əldə etməsi müsbət dəyərləndirilməlidir”.
E.Süleymanov deyib ki, bir müddətdir aparıcı güc mərkəzlərində, beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar: “Həmin qüvvələr Avropa Parlamentində seçkiləri müşahidə etməmək barədə qərarın qəbul edilməsinə nail oldular.
Anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar seçkilərlə bağlı Azərbaycanın təcrid edilmə kampaniyasına start verməli idi. Təəssüflər olsun ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da sentyabr ayında müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina etdi. Azərbaycan tərəfi seçkiləri müşahidə etməklə bağlı DTİHB-yə dəvət göndərmişdi. DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən anti-Azərbaycan qüvvələri bütün beynəlxalq təşkilatların oxşar qərarlar verəcəyinə ümid edirdi. Odur ki, DTİHB-də bu qərarın qəbul edilməsi ölkəmizi Avropa cəmiyyətindən təcrid olunmasına əmin olmaq üçün təşkil edilib. Biz anti-Azərbaycan qüvvələrinin ölkəmizi təcrid etmə planları və addımları barədə dəfələrlə KİV vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmışıq. AŞ PA-da da kifayət qədər güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələri mövcuddur və bu qüvvələr hər vəchlə AŞ PA-nın Azərbaycanda seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar. Bununla belə, xüsusi vurğulamalıyam ki, Avropa Şurasının Bakı ofisi açıq şəkildə bildirdi ki, 5 il bundan əvvəl keçirilən parlament seçkilərindən sonra irəliləyiş əldə edilib və bu ölkə təcrid oluna bilməz. Avropa Şurasının Bakı nümayəndəliyi seçki müşahidə missiyasını dəstəkləyib. Fikrimcə, AŞ PA seçki müşahidə missiyasının 1 noyabrda Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edəcək. Onların iştirakı qiymətləndirməsindən daha çox vacibdir”.
Azərbaycan müxalifətinin AŞ PA müşahidə missiyasından gözləntilərinin nə olduğuna gəlincə, seçkiyə qatılan müxalifət təşkilatlarının rəhbərlərinin açıqlamalarından belə məlum oldu ki, onlar AŞ PA müşahidə missiyasına etimad etmirlər.
KXCP sədri Mirmahmud Mirəlioğlu AŞ PA müşahidəçiləri sırasında olan Türkiyə təmsilçisinin mövqeyinin Yeni Azərbaycan Partiyasının təmsilçilərinin mövqeyindən fərqli olmadığını bildirdi: “AŞ PA müşahidəçisi olan Türkiyə təmsilçisi Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməni başadüşülən hesab eləmədiyini dedi. AŞ PA-dan gələn müşahidə missiyasının bir-iki müxalifətçini çıxmaq şərtilə əsasən müxalifət partiyalarından ayrılan, dünən meydana çıxanları görüşə dəvət eləməsi, verdikləri açıqlamalar həmin müşahidə missiyasının məhz sifarişlə Azərbaycana gəldiyinin göstəricisidir. Bu, kürü diplomatiyasının davamıdır. Dar məqamda bunları tək qoymaq olmaz yanaşması ilə dəvət əsasında reallaşan missiyadır. Normalda diqqətlə izləyən seyrçi nəyin necə olduğunu gözəl bilir. Hakimiyyət guya indi istəyir ki, AŞ PA müşahidəçilərini gətirməklə səhvini düzəltsin. Amma üzrü günahından betər olur”.
M.Mirəlioğlu seçkini ATƏT-in müşahidə missiyasının izləməsinin vacibliyi və ATƏT-in bunun üçün Azərbaycana buraxılmamasına da münasibət bildirdi: “Azərbaycan hakimiyyəti ATƏT-i seçkiləri müşahidə etməyə buraxmaq istəmir. ATƏT illər boyu özünün əkdiklərini biçdi. 22 il müddətində keçirilən bütün seçkilərə, referendumlara müsbət rəy verəndə, demokratiyaya doğru addım atıldığını bəyan edəndə bilməli idilər ki, axırı belə olacaq. Hakimiyyət indi ATƏT-in özünə də yerini göstərdi. İllər boyu ATƏT-in tutduğu yol Azərbaycanda onun özünün də missiyasına son verilməsinə gətirib çıxardı”.
Müsavat Partiyasının başqanı Arif Hacılı AŞ PA-nin müşahidə missiyasına şübhə ilə yanaşdığını bildirdi: “Əslində seçkilərdə etimadlı, real müşahidə missiyası ATƏT-in müşahidə missiyasıdır. Bildiyiniz kimi, hakimiyyət ATƏT-in müşahidəçilərini tam tərkibdə seçki prosesini müşahidəsinə imkan vermir. İndiki halda AŞ PA müşahidə missiyasına xüsusi diqqətin ayrılması qəribə deyilmi?! 25 illik siyasi təcrübəm, bu barədə əldə etdiyim məlumatlar və siyasi intuisiyam mənə deyir ki, AŞ PA müşahidə missiyası bu seçkilərdə neqativ rol oynayacaq əsas qurumlardan biri olacaq. Bütün əlamətlər göstərir ki, Azərbaycan hakimiyyəti məhz AŞ PA müşahidə missiyasının seçkiləri müşahidə etməsində maraqlıdır. Çünki əslində seçkilərdə müşahidə missiyasını həyata keçirən əsas qurum ATƏT olduğu halda Azərbaycan hakimiyyəti ATƏT-in 380 nəfərlik müşahidəçi missiyasını Azərbaycanda qəbul edə bilməyəcəyini bəyan etdi. Bunun nəticəsində ATƏT-in müşahidə missiyasının Azərbaycana gəlməsi yasaqlandı. Belə olduğu halda AŞ PA-dan məhdud sayda müşahidə missiyasının Azərbaycana dəvət olunması və bu missiyanın nümayəndələrinə xüsusi diqqətin yetirilməsi, bu missiyanın xüsusi vacib bir missiya kimi təqdim olunması müəyyən suallar yaradır. Mənim narahatçılığım da bununla bağlıdır”.
AXP sədri Pənah Hüseyn isə bəyan etdi ki, AŞ PA-nın müşahidə missiyasından heç bir müsbət gözləntisi yoxdur: “Bizim daxil olduğumuz geosiyasi məkanda seçkiləri müşahidə üzrə əsas funksiyanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həyata keçirir. Ona görə də bizim müraciətimiz olub ki, Azərbaycan hökuməti müşahidəçilərin sayı məsələsində ATƏT-lə kompromis əldə eləsin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xətti ilə 1 noyabr parlament seçkilərinin müşahidəsi təşkil olunsun. Çünki seçkilərin beynəlxalq birlik tərəfindən hansı dərəcədə qəbul edilib-edilməməsi məsələsində də həlledici fikir məhz ATƏT-in müşahidə missiyasının rəyi ilə bağlıdır”.
Etibar SEYİDAĞA






