İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nın Bakıya qərəzinin daha bir səbəbi - Xankəndidə ofis istəyirmişlər

904 07.02.2024 11:12 Siyasət A A

Ekspert: “Bu yanaşmaya nə ad veririksə-verək, bunun əsl adı düşmənçilikdir”

İlin sonuna qədər Avropa Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin qurumda səlahiyyətini təsdiq etməsə, rəsmi Bakı Avropa Şurasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində üzvlüyünü dayandıra bilər. Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın rəhbəri ilə görüşündə bununla bağlı rəsmən bəyanat verib.

Məlum olduğu kimi, əslində AŞ PA öz müşahidə missiyasının seçkilərə buraxılmaması səbəbindən Azərbaycana qarşı mövqeyini sərtləşdirib.

Bu haqda mötəbər mənbələrdən verilən məlumata görə, qurumun bu istəyinin pərdəarxasında isə Ermənistanla bağlı məsələ dayanır. Belə ki, AŞ PA Qarabağda qondarma seçkiləri müşahidə etmək imkanı axtarıb. “Seçkidən sonra” isə bu monitorinq missiyalarını Xankəndi və Şuşa şəhərlərində daimi ofislərinə çevirmək istəyib.

Məqsəd Qarabağda erməni əhalinin hüquqlarının guya pozulması ilə bağlı Avropa strukturlarında qərarlar verilməsi üçün hüquqi məlumat yaratmaq olub. Azərbaycan isə buna imkan verməyib. Buna isə AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməklə cavab verib.

Xatırladaq ki, Avropa İttifaqı da Ermənistanla sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədilə mülki missiya yaradıb. Bu missiya sərhədyanı ərazilərdə Ermənistanın maraqlarını qoruyur və bu yaxınlarda daha 1500 patrul göndərilib.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov burada sadə bir səbəb görür. O da Azərbaycanın uğurlarıdır: “Biz artıq müstəqilliyimizin ilk illərindən Qərb ölkələrinin və strukturlarının Ermənistanla Azərbaycan arasında yaranmış münaqişədə nə qədər ləyaqətsiz bir mövqe tutduğunun şahidiyik. Biz Qərbin bu yanaşımına bir çox hallarda ikili standartlar deyirik, bəzən də bunu xristian həmrəyliyi adlandırırıq. Bu yanaşmaya nə ad veririksə-verək, bunun əsl adı düşmənçilikdir. Bir tərəf ki, demokratiyadan, insan haqlarından danışıb, erməni vəhşiliyinin qurbanı olmuş bir milyona qədər qaçqınımızı görmək istəmirsə, yerlə yeksan edilmiş yüzlərlə yaşayış məntəqələrimizin acınacaqlı mənzərəsinə göz yumursa, o tərəfin adı elə düşməndir. Bunlar indi də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından əndişəlidilər. Həzm edə bilmirlər! Şokdadırlar! Özlərinə sual verirlər - necə oldu ki, Azərbaycan kimi kiçik bir dövlət, bizim Cənubi Qafqazda qurmaq istədiyimiz oyunu bu qədər sürətlə və heç bir iz buraxmadan poza bildi. Hər şey əllərindən çıxdı. Nə qədər çalışsalar da sonuncu antiterror əməliyyatlarından "insan haqlarının pozulması", “genosid”  kimi alətlər düzəldə bilmədilər. Bunu da bacarmadılar! Çünki Azərbaycan Ordusu sentyabr ayının 19-da o qədər peşəkar bir əməliyyat həyata keçirdi ki, bir erməninin burnu belə qanamadı. Azərbaycan rəhbərliyi bu prosesləri o qədər yüksək ağılla idarə etdi ki, qarşı tərəf deməyə söz belə tapa bilmədi. Bax Qoca qitəyə sahiblik etmək istəyən Fransanı və Almaniyanı qıcıqlandıran da bunlardır. Bunlar Avropa Birliyinin harayında deyillər. Fransa kimi xarici siyasəti çirkab üzərində qurulmuş bir ölkə öz harayındadır. Bunlar uzağa baxırlar. Anqlosaksların uzaq planlarından çox əndişəlidirlər. Bunlar İngiltərənin Avropa Birliyindən çıxmasını sadə bir məsələ hesab edəcək qədər axmaq deyillər. Bilirlər ki, gələcək dünya ABŞ-la Çin arasında bölüşdürüləcək, Avropa Birliyi kimi normal ittifaq olan bir struktur isə tamamilə parçalanıb dağılacaq. Bu səbəbdən indidən öz günlərini ağlayırlar. Afrikadan qovulduqdan sonra Fransaya ayaqda qalmaq üçün yeni resurs ölkələrində əsaslanmaq lazımdır. Dəfələrlə yazmışam - Fransanın erməni sevgisi yoxdur - fransızlar erməni xislətinin nəyə qadir olduğunu türklərdən daha yaxşı bilirlər. Onlar bu gün Cənubi Qafqaza girmək üçün əldən çıxan imkanlarını məhz tarix boyu böyük güclərin əlində alət olmuş ermənilərdən istifadə edərək bərpa etməyə çalışırlar. Ancaq necə? Bax bu necəni AŞ PA kimi oyuncaq strukturların əli ilə etməyə çalışırlar. Makron kimi xəstə təxəyyüllü cılız bir siyasətçi başa düşmək istəmir ki, Azərbaycan 30 ildən sonra qanla işğaldan azad etdiyi torpaqlarına yadların təkrar girməsinə imkan verməz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR