İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA məruzəçisi Kristofer Ştrasserdən “Yeni Müsavat”a önəmli açıqlamalar...

3879 07.04.2014 20:05 Siyasət A A

2009-cu ildən Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilən Kristofer Ştrasserin 2011-ci ildə Azərbaycana gəlişi hakimiyyət tərəfindən əngəllənmişdi. Bunun əsas səbəbi K.Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzələri ilə əlaqələndirilir. 

Musavat.com-un əməkdaşı Kristofer Ştrasserlə Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycandakı siyasi məhbuslar və s. məsələlərlə bağlı müsahibə alıb: 

- Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətinə əməl etməyə həvəsli görünmür. Avropa Şurası rəsmi Bakının mövqeyinə hələ nə qədər səbr etmək fikrindədir? 

- Mən insan haqlarını, qanun və qaydaları, fundamental demokratik prinsipləri əsas götürən və əhəmiyyətli qurum olan Avropa Şurasının Parlament Assambleyasının bir üzvü kimi, onu deyə bilərəm ki, Avropa Şurası Azərbaycanı bu qurum qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır. Bu səbəbdən də, indiyə qədər Azərbaycandə dəfələrlə Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyası tərəfindən müntəzəm olaraq, monitorinqlər aparılıb. Bu, barmaq işarəsi ilə həyata keçirlən bir iş deyil. Avropa standartlarının yerinə yetirilməsi məqsədilə yaradılan Avropa Şurası və onun üzvləri bu qurum qarşısında götürülən öhdəliklərə riayət etməlidirlər. Azərbaycan da gərək bunları nəzərə alsın. Belə olan təqdirdə, inanıram ki, bu, həm Azərbaycana, həm də Avropa Şurasına maraqlı gələcək. 

- Mətbuatda gedən məlumatlara görə, rəsmi Bakı Avropa Şurasının bəzi üzvlərini bahalı hədiyyələrlə ələ alır. Bu barədə məlumata maliksinizmi?

- Mediada yazılan yazılara şərh vermək istəmirəm. Amma  mənim fikrimcə əsas, vacib olan şey Avropa Şurasında təmsil olunan bütün dövlətlərin razılaşdırılmış beynəlxalq standartlara və qaydalara hörmət eməsidir. Əgər belə olmasaydı, bu, böyük narahatlığa səbəb olardı. 

- Azərbaycan hakimiyyəti ayrı-ayrı siyasi məhbusları azad etməklə, bu problemi həll etdiyini bəyan edir. Ancaq ölkədə yeni siyasi məhbuslar ordusu da yaranır. Siyasi məhbus problemini birdəfəlik həll etmək üçün hansı addımları atmaq lazımdır? 

- Azərbaycanda belə halın olması sizə də təəccüblü gəlməməlidir. Azərbaycanda siyasi həbslərin davam etməsi təbii ki, qəbuledilməzdir. Əgər, Azərbaycan Avropa Şurasının üzvüdürsə, orada siyasi məhbus olmamalıdır. Bu, bizim ümumi standartlara uyğun deyil. Açıq və demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və ağıllı siyasi müxalifət mövcud olmalıdır. İnsanları siyasi fəaliyyətlərinə görə ciddi şübhəli ittihamlar əsasında həbs etmək, işgəncələrə, təqiblərə məruz qoymaq kimi hallar baş verməməlidir. Onu vurğulamaq istəyirəm ki, insanların ədalətli mühakiməsi və onların hüquqlarının təmin olunması üçün Avropa Şurasının üzvü olan dövlətlərin ratifikasiya etdikləri Avropa İnsan Haqları Konvensiyası var. Və çox istərdim ki, beynəlxalq və ikitərəfli problemlər gələcəkdə öz həllini tapsın. Ümid edirəm ki, Azərbaycan gec-tez problemlərin həlli üçün zəruri addımlar atacaq.  

- Azərbaycan məhkəməsi martın 17-də İsmayıllı hadisələrinə görə Tofiq Yaqublunu 5 il,  İlqar Məmmədovu isə 7 il müddətinə azadlıqdan məhrum etdi. Həm müxalifət, həm də məhkəməni izləyən beynəlxalq müşahidəçilər  hesab edirlər ki, istintaq ciddi qanun pozuntuları ilə aparılıb…

- Açıq deyim ki, martın 17-də İlqar Məmmədov və Tofiq Yaqubluya verilən sərt həbs cəzası mənim böyük narahatlığıma səbəb oldu. Onların məhkəməsi zamanı beynəlxalq müşahidəçilər tərəfindən sənədləşdirilmiş ciddi məhkəmə pozuntuları, məhkəmənin siyasi xarakter daşımasından şübhələnməyə ciddi əsaslar verir. Mən Azərbaycan hakimiyyətini ədalətli məhkəmə araşdırması üçün Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəmə qərarından verilmiş apelyasiya şikayəti üzrə məhkəmədə qanunun aliliyini nəzərə almağa çağırıram. 

- Azərbaycan hökumətinin Sizin Bakıya səfərinizə mane olduğu bildirilir.  Belə fikir yaranır ki, öz hüququnu qoruya bilməyən bir məruzəçi siyasi məhbusların problemini həll edə bilməz. Bu fikirlərə münasibətiniz necədir? 

- Mən siyasi məhbuslar məsələsi ilə bağlı Avropa Şurasının Parlament Assambleyasının xüsusi məruzəçisi kimi, onu deyə bilərəm ki, bu məsələdə Azərbaycan hökuməti AŞ PA-nın qərarlarına hörmət etmədi. Təəssüflər olsun ki, nəticədə mənim Azərbaycana səfərimə icazə verilmədi. Ancaq təbii ki, bu, mənim mandatımı yerinə yetirməyə mane olmadı. Avropa Şurası Parlament Assambleyası 2012-ci ilin oktyabr ayında  mənim hesabatım əsasında "siyasi məhbus" anlayışını böyük səs çoxluğu ilə qəbul etmişdir. Onu da deyim ki, Azərbaycanın hakimiyyət orqanlarının davranışı, yaratdıqları mövcud problemlərə beynəlxalq diqqət artıb.
  
May ayında Azərbaycan ilk dəfə olaraq, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Həmin bu dönəmdə mövcud problemləri həll etmək üçün Azərbaycanın əlinə böyük bir fürsət düşür.  Düşünürəm ki, Azərbaycan Avropa Şurasının standartlarını özünə nümunə götürərək, bu fürsətdən istifadə edəcək. Hazırda Azərbaycan üçün ən ciddi məsələlərdən biri də ölkədə siyasi məhbusların olmasıdır. Bu dönəm isə siyasi məhbus məsələsinin həlli üçün Azərbaycana verilən fürsətdir. Yuxarıda qeyd etdiyim kimi, bütün siyasi məhbuslar ədalətli və hüquqi yolla məhkəmə araşdırılması nəticəsində nə qədər tez azad olunsalar, bir o qədər yaxşı olar.

- Prezident İlham Əliyev Brüsselə səfəri zamanı öz çıxışında Azərbaycanda siyasi məhbusların olmadığını demişdi. Ümumiyyətlə, hökumət Azərbaycanda siyasi məhbusların olduğunu həmişə inkar edib. Ancaq ölkədə kifayət qədər siyasi məhbusın olduğu da bildirilir. Onların sırasında Tofiq Yagublu, İlqar Məmmədov, “Nida”çı gənclər, Yadigar Sadıqlı, Anar Məmmədli və başqalarının adları çəkilir. Avropa Şurası , Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar - "Amnesty İnternational", "Freedom House", "Human Rights Watch" və s. Azərbaycanda siyasi məhbusların olduğunu dəfələrlə elan edib. Sizın Azərbaycan hakimiyyətinin belə açıqlamalarına münasibətiniz necədir?

- Təəssüf ki, Azərbaycanda siyasi məhbusların olduğunu inkar etmək, bu məsələnin təcili sürətdə Azərbaycanın səlahiyyətli orqanları tərəfindən həll edilməsinə ciddi ehtiyacın olduğunu deməkdir. Mənim 2012-ci ilin oktyabr ayında verdiyim və AŞ PA tərəfindən qəbul edilmiş "siyasi məhbus" anlayışı ilə bağlı hesabatda bu, daha aydın görünür. Sizə dediklərim, məni doğrudan da narahat edir. Bu vəziyyət qəbuledilməzdir. Biz Azərbaycan hökumətini, Avropa Şurasının üzvü kimi, Azərbaycanda siyasi fəaliyyətinə görə həbs olunmuş fəalların sivil və siyasi hüquqlarına hörmət etməyə, onları yenidən ədalətli məhkəmə qarşısına çıxarmaqla, azad etməyə çağırırıq və çağırmaqda da davam edəcəyik. 

- Sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxması ilə bağlı beynəlxalq qurumların tələblərinə baxmayaraq o, hələ də həbsdədir. Eyni zamanda, Avropa Şurası da Azərbaycan hökumətindən Əli İnsanovun azad edilməsini dəfələrlə tələb edib. Ancaq hakimiyyət onu hələ də həbsdə saxlayır. Bu məsələdə Avropa Şurasının mövqeyi necədir?  

- Əli İnsanovun adı mənim AŞ PA-da siyasi məruzəçi mandatım dönəmində siyasi məhbuslar siyahısına daxil edilib. Eyni zamanda, Əli İnsanov hümanitar səbəblərdən ayrı-seçkiliyə məruz qalır. Ümumiyyətlə, Əli İnsanov məhkumlara tətbiq olunan standartlarıın əsas götürülməsiylə, onun yaşlılğı və səhhəti nəzər alınaraq, azadlığa buraxılmalıdır. 

Nərgiz Yaqublu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR