İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dan Qarabağ hesabatı - Bakıda narahat deyillər

1532 15.09.2021 09:50 Siyasət A A

AŞ PA-nın sentyabrın 27-30 aralığında keçiriləcək payız sessiyasında “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat dinləniləcək, bu barədə debat aparılacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hesabatı Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) hazırlayıb. İrlandiyalının hesabatı yayılmasa da, güman etmək olar ki, bu dəfə də “erməni qaçqınları” haqda “humanitar rəylər” daha çox əks olunacaq.

Məlumdur ki, 44 günlük müharibənin nəticəsi olaraq, Azərbaycan öz tarixi ərazilərini Ermənistanın hərbi birləşmələrindən təmizləyib. Bu ərazilərdə zorla məskunlaşdırılan ermənilər isə qaçıb gediblər. “Qaçqınlar məsələsini” isə Ermənistan müharibədən sonra Azərbaycan əleyhinə təbliğata yönəltməyə mənasız cəhdlər edir. Torpaqlarımızdan çıxarılan, Ermənistan hökuməti tərəfindən aldadılaraq ərazilərimizdə zorla məskunlaşdırılan “qaçqınlar” isə İrəvanda hökumətə xeyli sayda problemlər yaradırlar. Əslində bütün dünya bilir ki, bu ərazilər tarixən Azərbaycana aid olub və son 30 ildə məhz azərbaycanlılar qaçqın həyatı yaşamalı olublar. Təəssüf ki,dünya bir çox hallarda bu faktları susqunluqla qarşılayıb. İndi isə Azərbaycan öz torpaqlarını silahlı ermənilərdən təmizlədiyi halda, yenidən haqsız duruma salmağa cəhdlər var. Yeni məruzədə də “erməni qaçqınlar” mövzusunun aktual olacağını indidən gözləmək mümkündür.

Bir sözlə, görünən odur ki, Azərbaycanın 44 gün ərzində düşməni darmadağın etməsini ermənilərin havadarları hələ də qəbul edə bilmirlər.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Bütövlükdə bu, ermənilərin və onların himayədarlarının apardıqları prosesdir”

AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “bu məsələdən narahat olmağa dəyməz” deyir: “Açığı, indiyə qədər nümayəndə heyətinin tərkibində sessiyalarda iştirak etmədiyim üçün konkret olaraq müzakirənin orada hansı formada keçəcəyini indidən söyləyə bilmərəm. Amma təbii ki, bizim nümayəndə heyətinin üzvü olan həmkarlarım bu mövzuda çıxış edib, mövzu ilə bağlı fikirlərini bildirəcəklər. Bütövlükdə bu, ermənilərin və onların himayədarlarının apardıqları prosesdir. Vaxtaşırı bu məsələ gündəmə gətiriləcək. Amma bundan narahat olmağa dəyməz. Əsas məsələ torpaqlarımızı azad etmək idi və reallıqda bunu da etdik. Əvvəllər biz çalışırdıq ki, ermənilərin işğalçılıq siyasəti gündəmdən düşməsin. İndi isə məğlub bir xalq kimi ermənilər imdad diləyirlər. Nəyi pisdir? Qoyun, müəyyən məsələlərdə yazıqlıqlarını göstərsinlər. Miskin bir vəziyyətdə olduqlarını imkan verək göstərsinlər. Biz ədalət tərəfi olduğumuza görə torpaqlarımızı azad etdiyimiz üçün başıdik dayanmışıq. Bu baxımdan məsələni narahatedici amilə çevirmək olmaz. Biz çalışmalıyıq ki, bütün platformalarda qalib ölkə kimi öz mövqeyimizi çatdıraq, ədalətli olduğumuzu göstərək, erməni vəhşiliyinə qarşı sərgilədiyimiz davranışlarımızı bir daha nümayiş etdirək. Bu vəhşilər nələr ediblər, amma biz torpaqlarımızı azad etdikdən sonra onlara yenə də yaşamağa şərait yaradırıq. Bu fərqi mütləq göstərməliyik. Belə platformalarda bu cür məsələlərə narahatedici yanaşmaq olmaz. Əslində belə müzakirələr faydalı fikirlərimizə imkan yarada da bilər. Strategiyanı bunun üzərində qurmalıyıq”.

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu: “Nə deyirlərsə-desinlər, biz haqlı tərəfik, düzgün siyasət yürütdük”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu məsələdən narahat deyil: “Biz öz missiyamızı yerinə yetirdik. Məcburi köçkünlərimizi tezliklə öz torpaqlarına qaytaracağıq. Bu gün kim hansı hesabatı yazırsa-yazsın. Öncəliklə onlar yazmalıdır ki, son 30 ildə bizə nə qədər ziyan dəyib. Əgər erməni qaçqınları yadlarına düşürsə, belə ədalətlidirlərsə, bizim köçkünləri də unutmasınlar. Son 30 ildə insanlarımız maddi imkanlarından, normal yaşayışlarından məhrum olublar. Bu illər o insanlara elə bir zərbə vurub ki, heç nə ilə bunu əvəz etmək mümkün deyil. Ermənilər də o torpaqlarda yaşayıb, bunu inkar etmirik. Niyə bizim köçkünlər haqqında reportajlar etmirlər? Bizim onlara sualımız belə ola bilər. Məcburi köçkünlərimizi öz yerlərinə qaytarmaq məsələsini niyə bir dəfə də olsun qaldırmayıblar? Hazırda o boyda torpaqlar minaların altında qalıb. Bu məsələni niyə qaldırmırlar? Nə deyirlərsə-desinlər, biz haqlı tərəfik, düzgün siyasət yürütdük, 44 günə torpaqlarımızı azad etdik. Heç kəsi biz qovmamışıq. Öncəliklə Xankəndində Azərbaycanı qəbul etsinlər. Ermənilər də bizim pasportlarımızı alıb Xankəndində yaşasınlar. Amma heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycana bu məsələlərlə bağlı nəsə desin. 30 il ərzində heç kəsdən bir kömək görmədik. Bizə kimsənin yazığı gəlmədi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR