İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dakı deputatlarımız Müsavatın müttəfiqinə səs verməyiblər

1542 29.01.2014 08:25 Siyasət A A


“Yeni Müsavat”a AŞPA-dakı mənbədən verilən məlumata görə, Azərbaycanın AŞ PA-dakı deputatları An Brasserin lehinə səs verməyiblər.

AŞ PA-nın yeni sədrinin personasını Azərbaycan cəmiyyəti üçün maraqlı edən məqam onun Azərbaycan hakimiyyətinə qarşı sərt münasibəti ilə seçilməsi və Müsavat Partiyası ilə bir təşkilatda müttəfiq olmasıdır. An Brasserin Azərbaycandan Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasının üzvü Müsavat Partiyasıdır. Ermənistanı Erməni Ümummilli Hərəkatı, Rusiyanı PARNAS və “Yabloko”, Gürcüstanı isə Respublikaçılar Partiyası və “Azad Gürcüstan” Partiyası təmsil edir. Qeyd edək ki, 2011-ci ildən Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasına üzv olan Müsavatın bu addımı o zaman ciddi müzakirə mövzusuna çevrilmişdi. 


Lüksemburqdan olan An Brasser Alyansın fraksiya rəhbəri kimi AŞ PA-nın iclaslarında Azərbaycan hökumətini kəskin tənqid edən deputat kimi tanınıb. AŞ PA-dakı Liberal Demokrat Alyansı Avropa Uğrunda Liberal Demokrat Alyansı Partiyasını (LDAP) təmsil edir. 1993-cü ildə yaradılan LDAP Belçikada qeydiyyatdan keçib. Bu quruma Avropa Şurasına üzv olan ölkələrdə fəaliyyət göstərən liberal və liberal-demokratik yönümlü partiyalar daxildir.   


Müsavat Partiyası müttəfiqinin AŞ PA-ya sədr seçilməsini müsbət qiymətləndirib. Bu barədə modern.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. A.Hacılı deyib ki, Avropa Şurasının qərarlarının qəbul olunmasında onun sədrinin elə də həlledici rolu yoxdur: “Amma hər halda, müttəfiqimiz olan bir şəxsin nüfuzlu bir quruma rəhbərlik etməsindən Azərbaycanın mənafeləri üçün istifadə etməyə çalışacağıq”.

Müsavat təmsilçisi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib: “Azərbaycanda tənqid olunmalı məsələlər həddindən artıq çoxdur. Ölkəmiz Avropa Şurasına daxil olarkən bir sıra öhdəliklər götürüb. Siyasi məhbusların azadlığa buraxılması, ölkədə fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və mətbuat azadlığının, siyasi partiyalara bərabərhüquqlu rəqabət şəraitinin yaradılması kimi öhdəlik mövcuddur. Amma təəssüf ki, bu öhdəliklər yerinə yetirilmir”.

Milli Şura isə AŞ PA üzvlərinə müraciət ünvanlayıb. Müraciətdə Avropa Şurasının indiyədək olan yanlış qərarlarının və güzəştli mövqeyinin ölkədə demokratiya və insan haqları ilə bağlı durumun pisləşməsinə, siyasi məhbusların sayının hədsiz artmasına səbəb olması vurğulanır, Avropa Şurasına Avropa dəyərləri, ümumi öhdəliklər və Azərbaycan xalqının maraqları naminə prinsipiallıq göstərməyə çağırış edilir.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR