Fəzail Ağamalı: “Prezident fikir və arqumentlərində kifayət qədər iradəli, cəsarətli və qətiyyətli görünürdü
Prezident İlham Əliyevin 12 fevralda Real.TV-yə müsahibəsində Azərbaycanda aparılan islahatların əhatə dairəsi, əsas hədəfi, növbəti addımları barədə suallara cavabları, Dağlıq Qarabağ problemi ətrafında gedən danışıqlar, Azərbaycan Ordusunun gücü mövzusunda fikirləri maraq doğurub.
AVP sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında dedi ki, prezidentin müsahibəsini iki dəfə diqqətlə dinləyib: “Kifayət qədər geniş xarakter daşıyan, dövlətimizin dünəninin çox lakonik şəkildə şərhindən və keçdiyimiz yola verilmiş lakonik qiymətdən başlamış, ta ki, dövlətimizin bugünkü hədəfləri, ölkənin xarici və daxili siyasəti, ictimai münasibətlər, məmur-vətəndaş münasibətləri, işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı prinsipial mövqe, dövlətin xətti və gələcək inkişafımıza istiqamətlənən və prinsipial xarakter daşıyan istəklər müsahibədə kifayət qədər inamlı, arqumentli şəkildə ifadə olundu. Doğrusu, bir vətəndaş olaraq prezidentimizin bu çıxışından sonra rahat duyğular keçirtdim. Üstəlik, nəinki özümüz, indiki durumla bağlı, eyni zamanda, açıq etiraf edim ki, övladlarımızın taleyi ilə bağlı da məndə bir daha tam mənada arxayınçılıq və əminlik yarandı. Prezident söyləmiş olduğu fikir və arqumentlərdə kifayət qədər inamlı, iradəli, cəsarətli və qətiyyətli görünürdü. Bu, əsl liderə xas olan keyfiyyətlərdir”. F.Ağamalı qeyd etdi ki, xüsusilə də prezidentin Şamaxıya, zəlzələ bölgəsinə getməsi və orada təsadüfən ağbirçək nənə ilə görüşü ilə bağlı təəssüratlarını bölüşməsi, yaşlı nənənin timsalında xalqımıza verdiyi qiymət onu xeyli duyğulandırıb: “Prezidentin yaşlı nənənin üzündən və əlindən öpməsi səhnəsini mən də görmüşdüm.

Bu, tək-tək liderin özündə daşıya biləcəyi səmimiyyətdən doğan bir keyfiyyətidir. Məncə, nənə ilə görüş ölkə prezidentinə bir daha böyük inam aşıladı ki, Azərbaycan xalqı ilə onun lideri çox uzun hədəflərə gedə bilər, ən ciddi baryerləri aşa bilər. Nənə ilə prezidentin görüşü həm də xalqımızın prezidentlə, dövlətimizlə birliyinin təcəssümünə, simvoluna çevrildi. Baxın, bu görüş hətta prezidentimizi də duyğulandırdı, dedi ki, mən bir daha nənə ilə görüşə gedəcəyəm, onun evinin açılışında iştirak edəcəyəm. Bu, vətəndaş-prezident münasibətlərinin unikal bir ifadəsidir”. Deputat bildirdi ki, bütün bunlara görə, o, prezidentlə sözün həqiqi mənasında fəxr edir: “Fəxr edirəm ki, prezidentimizin rəhbərliyi altında bu ölkədə gedən proseslərdə iştirak edirəm, imkanlarım daxilində dövlətimizə, xalqımıza xidmət etməyə çalışıram. Çalışıram ki, prezidentimizin atdığı addımların möhkəmlənməsi üçün bir vətəndaş mövqeyimi ortalığa qoyum, onunla bərabər olum. Cənab prezident də əmin olmalıdır ki, Azərbaycan xalqının mütləq əksəriyyəti onunla birdir. Bu gün Azərbaycanı sevən, ona bütün varlığı ilə bağlı olan bütün peşə adamları, içi mən qarışıq siyasətçilər daxil olmaqla vətəndaşlarımızın mütləq əksəriyyəti cənab prezidentlə bərabərdir. Allah onu qorusun! Allah prezidentimizə cansağlığı, uzun ömür qismət eləsin ki, o hədəflərə biz bərabər çataq və Azərbaycan dövləti daha yüksək zirvələrdə söz sahibi olsun!”
“Azərbaycan prezidenti cənab İlham Əliyevin müsahibəsində daxili və xarici siyasətdə prioritet istiqamətlərin nədən ibarət olduğu bir daha vurğulandı. Daxili siyasətdə Azərbaycan vətəndaşının rifahı üçün aparılan islahatlar və onların davamlı olacağı prezident tərəfindən təsdiqləndi. Məhz buna görə sosial inkişafın vacibliyi əsas meyar kimi götürülür. Eyni zamanda prezident hər bir vətəndaşın keçirilən islahatlardan tam şəkildə faydalanmalı olduğunu ön plana çəkdi, bu həmişə olmalıdır, istər təbii fəlakət, istərsə də digər təhlükələrə təhdidin qarşısının alınmasında”.
Bu fikirləri politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert digər məsələlərə də diqqət çəkdi: “Bundan başqa, prezident korrupsiya, rüşvətxorluq və bu kimi faktların qarşısının alınmasında yeni metodların tətbiqi, məmur-vətəndaş təmasının normal və sivil qaydada aparılmasının vacibliyini, gənc kadr potensialından istifadə edilməsini, yeni innovativ metodların tətbiqinin vacibliyini məxsusi vurğuladı. Azərbaycanın kadr potensialını artırmaq üçün gənclərə olan inam çox mühüm məsələdir, savad, bilik, milli hisslərə hörmət vacib məsələdir və müsahibədə bu da öz yerini tapdı. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamətdir və cənab İlham Əliyev bunu həmişə olduğu kimi, bu dəfə də xüsusi qeyd etdi. Bu istiqamətdə diplomatik addımlar mühüm məsələ olduğu kimi, güclü dövlət olmaq da mütləqdir, çünki dünyada güc faktoru artıq aktuallaşıb. Güclü orduya sahib olmaq üçün güclü iqtisadiyyat da olmalıdır və aparılan islahatların bir istiqaməti də bundan ibarətdir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı və turizmin daha da bir ixrac potensialına çevrilməsi də vacib amildir”. A.Nağıyevin sözlərinə görə, prezidentin vurğuladığı ən vacib məqamlardan biri də balanslı və ya tarazlaşmış siyasətlə bağlı aydınlıq gətirməsi oldu: “Bir daha qeyd etdi ki, biz mənəvi dəyərlərimizə hörmətlə yanaşır və siyasətimiz bu istiqamətdə qururuq. Bu, həm xarici həm də daxili siyasətdə mühüm rol oynayır. BMT və digər qurumlarla mühüm əlaqələrimiz, Qoşulmama Hərəkatındakı rolumuz da bunun bariz nümunəsidir”. A.Nağıyev bildirdi ki, cənab prezident bütün bunların həyata keçirilməsində medianın da mühüm və müsbət rolunu qeyd etdi..
.jpg)
Elxan Şahinoğlu: “Prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, prezidentin cəmiyyətə ünvanladığı xüsusi mesajlarından hiss olunurdu ki, son dəyişikliklər fonunda İlham Əliyev məhz yerli televiziya kanalı vasitəsilə cəmiyyətə hansısa fikirlər çatdırmaq istəyib: “Əvvəla, ondan başlayaq ki, prezident uzun illərdən sonra yerli kanala müsahibə vermək qərarına gəldi və hiss olunurdu ki, dövlət başçısı ondan müsahibə götürən Mirşahini tələsdirmirdi. Birincisi, İlham Əliyev dedi ki, 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək. ”2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır" deyən prezident islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: “Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”. Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu".
E.Şahinoğlunun sözlərinə görə, prezident Qarabağdan danışarkən əvvəllər də dediyi “dünyada ”kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür" fikrini bu şəkildə genişləndirdi: “”Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq". Başqa sözlə, İlham Əliyevin indi danışıqlar apardığı Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasının münaqişənin həllində addım atacağına ümidi və inamı yoxdur. Təsadüfi deyil ki, İlham Əliyev müsahibəsinin Qarabağla bağlı hissəsini bu cümlə ilə yekunlaşdırdı: “Güc amili həmişə gündəlikdə olub və olacaq”".
E.PAŞASOY,
“Yeni Müsavat”






