Ötən həftə Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq ictimaiyyətə və işğalçı Ermənistana Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyini növbəti dəfə bəyan etdi.
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın qarşısında yeddi şərt irəli sürməsinə toxunan dövlət başçısı “ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil”-deyə, bildirdi. Azərbaycan prezidentinin “onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”-deyə, bəyan etməsi işalçı üçün bəlkə də son şansdır. Ölkə başçısı deyib ki, “biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb”. Prezident daha sonra əlavə edib: “Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan bu günlərdə işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələrək, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin sərt ritorikasını xatırladaraq, öz növbəsində hədə-qorxu gəlmişdi. İddia etmişdi ki, Ermənistan ordusu da döyüş əmri gözləyir. Ermənistanın bu davranışları və rəsmi Bakının dəyişməz mövqeyi prosesin savaşa apardığını göstərir. Elə ATƏT-in Minsk qrupunun danışıqların növbəti raundunun payız aylarında keçirilə biləcəyini anons etməsi də bundan xəbər verir. Qeyd edək ki, dövlət başçımız danışıq xatirinə danışıq aparılmayacağı barədə xəbərdar edib. “Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”. Bunu isə Azərbaycan Müdafiə Nazirliyi bəyanlayıb.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a bildirdi ki, Azərbaycan müharibəyə daim hazırdır və biz bu savaşın hər gün içindəyik: “Əgər hər gün atəş səsləri eşidilirsə, mütəmadi olaraq işğalçılıq siyasəti aparan ermənilər cava verərək onları susdururuqsa, deməli, hərbi vəziyyət hər gün var. Ermənilərin verdiyi bəyanatlar özlərini sığortalamaqdan başqa bir şey deyil. Tonoyan hansı səlahiyyətlə bəyanat verə bilər ki, qondarma “DQR” özünü dövlət kimi aparmağa çalışır. Əvvəlcə onlar öz aralarında razılığa gəlsinlər və havadarlarından “xeyir-dua” alsınlar, sonra nədənsə danışısınlar. Digər tərəfdən, hansı qüvvə ilə müharibə aparacaqlar ki? Tovuz istiqamətində demək olar ki, bütün qüvvələrini cəmləşdirdilər və nəticə də göz qabağındadır”.
Deputat qeyd etdi ki, bu gün Ermənistanı narahat edən ciddi məsələlər var: “Onları narahat edən Rusiya - Türkiyə yaxınlaşması, Azərbaycan - Türkiyə hərtərəfli tərəfdaşlığı, keçirilən birgə hərbi təlimlərdir”.

Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımına görə Rusiyanı ittiham etməsinə gəldikdə isə, A.Nağıyev bunları bildirdi: “Təbii ki, onların dediyində müəyyən həqiqət var, çünki 366-cı alay soyqırımda birbaşa iştirakçıdır. Lakin məhz indi bunu bəyan etmək sadəcə, həm cinayətin törənməsini bölüşdürmək, həm də riyakarlıqdır. Rusiya da başa düşür ki, Paşinyan birbaşa Sorosun patronajlığı altında fəaliyyət göstərir. Lakin geosiyasi maraqlar baxımından Ermənistan bunu inkar da etmir”.
A.Nağıyevin sözlərinə görə, bu gün Ermənistan çox çalışır ki, Rusiya-Türkiyə münasibətləri gərginləşsin: “Bununla da ermənilər istəyirlər ki, Azərbaycan-Rusiya münasibətləri pisləşsin. Lakin buna da nail ola bilmirlər. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən bir məqam yetişib. İstər hərbi yolla, istərsə də diplomatik yolla müsbət bir nəticə əldə etmək mümkündür”.

Politoloq, Türkiyənin Ərciyəs Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı Musavat.com-a dedi ki, Azərbaycan hər an müharibəyə hazır olmalıdır: “Onsuz da Ermənistanla bizim bir savaşımız olacaq. Düşmən də bunu bilir və müdafiə nazirinin Azərbaycanı hədələməsi də yeni bir şey deyil. Onlar Türkiyə ordusunun Azərbaycanda təlimlər keçirməsini və İrəvanı almaq tətbiqatını sınaqdan çıxarmasını da təşvişlə qarşılayırlar. Qorxaq adam həmişə belə qabaqdangəlmişlik edər. Ermənilər Türkiyənin bu qərarlı addımından rahatsız olublar”.
Ermənistanın müdafiə naziri D.Tonoyanın Qarabağdan Azərbaycanı təhdid etmək istiqamətində uğursuz cəhdlərinə gəldikdə, Q.Çaxmaqlı dedi ki, əslində onlar deyil, biz əmr gözləyirik: “Torpaqlarımızı azad etmək üçün indiyədək heç zaman olmamış bir fürsət var. Dünya da heç bir mənfi reaksiya verməməlidir. Azərbaycan haqqını ermənidən cıra-cıra almalıdır. Əgər başlanacaq müharibədə Dağlıq Qarabağdan çıxmasalar, dirənsələr, vaxtilə qanunsuz ələ keçirilən Zəngəzur, Göyçə və İrəvanı azad edənə qədər bu savaş davam etməlidir”.

Politoloqun sözlərinə görə, indi bölgədə elə bir situasiya yaranıb ki, onu bizim xeyrimizə dəyişdirmək mümkündür: “Çevik diplomatik fəaliyyət lazımdır. Ermənistanın havadarı Rusiya ilə də digər ölkələrlə də zərərsizləşdirmə tədbirləri ələ alınmalıdır. Maksimum dərəcədə ona çalışmaq lazımdır ki, Rusiya, onun başını çəkdiyi KTMT müdaxilə etməsin. Savaşı Qarabağın kənarına çıxarmamaq tədbirləri görülməlidir. Mən həmişə demişəm, bizim Ermənistanla nə işimiz var? Qarabağ separatizmini ləğv etməli, bu “çiban”ı kökündən təmizləməliyik. Dediyim kimi, Ermənistan bu işə qarışarsa, onda Türkiyə ordusu sözünü deməlidir”.
Elşad Paşasoy,
Musavat.com






