İnsanlara hürriyət, millətlərə istiqlal!

ARTUR RƏSİZADƏNİN XƏLƏFI OLMAQ UĞRUNDA MÜBARİZƏ ŞİDDƏTLƏNİR

2403 25.05.2009 09:27 Siyasət A A
Nazirlər Kabinetindəki mənbələrdən birinin verdiyi informasiyaya görə, cənab Eyyubovun baş nazir olacağı barədə xəbərlər hakimiyyət dəhlizlərində çoxdan dolaşır. Onun hakim ailəyə qohumluğu da ölkənin 2-ci şəxsi postuna gəlmək şanslarını artırır. Amma Y.Eyyubovun baş nazir təyin edilməsi barədə xəbərlər ciddiləşməyə başlayandan sonra uzun illərdir baş nazir kürsüsü uğrunda mübarizə aparan şəxslər bütün imkanlarını işə salaraq planları dəyişməyə çalışırlar.
Nəzərə çatdıraq ki, bu kürsüdə gözü olanlar sırasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovla spiker Oqtay Əsədovun adı çəkilirdi. Y.Eyyubov məsələsi ortaya çıxdıqdan sonra isə K.Heydərov çoxdankı arzusuna qovuşmaq üçün bütün variantlara əl atmağa başlayıb. Onun hətta Rusiya amilindən yrarlanmağa çalışması haqda da informasiyalar var.
Belə ki, “Azadlıq” qəzetinin yazdığına görə, “fövqəlnazir” bu işdə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdan kömək istəmək məcburiyyətində qalıb: “Fövqəlnazir”in öz iddiasını gerçəkləşdirmək üçün istifadə etdiyi vasitələrdən biri də xarici qüvvələrin dəstəyini qazanmaqdan ibarətdir. Hakimiyyətə yaxın etibarlı mənbənin məlumatına görə, Kəmaləddin Heydərov son dövrlər Rusiyanın siyasi dairələrilə əlaqələr qurmağa meyillənib. Onun emissarlarının bir neçə dəfə Moskvaya gizli səfər etdiyi bildirilir. Məlumatda deyilir ki, Heydərov Rusiyanın hakim dairələrinin dəstəyini qazanmaq, onların İlham Əliyevə təzyiq göstərməsinə nail olmaq üçün “ənənəvi yaşıl qaydalar”dan istifadə etməyə də hazırdır. “Fövqəlnazir” Rusiyada geniş əlaqələri olan baş nazirin sabiq birinci müavini Abbas Abbasovdan xahiş edib ki, ona Moskvadan dəstək almasına köməklik göstərsin. Cənab Abbasovun buna razılıq verdiyi söylənilir".
Bu arada isə Rumıniyadakı səfirimiz Eldar Həsənovun baş nazir postuna gətiriləcəyinə dair xəbərlər intensivləşib. Bizdə olan bilgilərə görə, sabiq baş prokuror artıq bir aydan artıqdır ki, Rumıniyadan geri çağırılıb. Səfir kimi səlahiyyət müddəti bitsə də, prezident İlham Əliyev onun səlahiyyət müddətini artırmayıb. E.Həsənovun yaxın çevrəsindən bir nəfər  bunu belə şərh edib ki,  prezident keçmiş baş prokuroru baş nazir təyin etmək istəyir.
E. Həsənovun baş nazir postuna gətiriləcəyini təsdiqləyən amillərdən biri də bu günlərdə ləğv edilmiş Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşovun Rumıniyaya səfir göndərilməsi barədə xəbərlərin yayılmasıdır. Etibarlı mənbədən aldığımız məlumata görə, A. Qaraşova rəhbərlik etdiyi qurumun ləğv ediləcəyi barədə əvvəlcədən məlumat verilib. Ona Rumıniyada səfir işləmək təklif olunub. A. Qaraşov  “yuxarıların” məsləhəti ilə idarə ləğv edilməzdən bir necə gün əvvəl  Rumıniyaya gedib. Mənbənin məlumatına görə, səfər tanışlıq məqsədi daşıyıb. Arif  Qaraşovun Bakıya rəhbərlik etdiyi qurumun Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibinə daxil olması barədə dövlət başçısının sərəncamından sonra qayıtdığı deyilir.
Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, A.Qaraşov səfir vəzifəsinə təyin edilməsinə ilkin razılıq verib: “Bu yaxınlarda Eldar Həsənov səlahiyyət müddəti başa çatması ilə əlaqədar rəsmi şəkildə Rumıniyadan geri çağırılacaq. Qaraşov isə ölkəmizi Rumıniyada səfir kimi təmsil edəcək”...
Belə aydın olur ki, hazırda baş nazir postu uğrunda mübarizə bizim düşündüyümüzdən də şiddətlidir. Belə bir məqamda isə K.Heydərov hər kəsi yenmək üçün müxtəlif vasitələrə əl atır. O, hakimiyyətin “giriş-çıxış”larını bilən şəxs olduğundan, onun öz arzusuna çatmaq üçün Rusiyaya üz tutması təsadüfi deyil. Belə məlum olur ki, bu kimi məsələlərdə Kremlin Azərbaycan iqtidarına təsir göstərmək imkanları böyükdür və “fövqəlnazir” bu “kart”dan yararlanmaq istəyir.
Əlbəttə, biz iddia edə bilmərik ki, K.Heydərov doğurdan da Rusiyadan dəstək istəyib. Amma bir fakt bəllidir ki, Rusiya zaman-zaman mövcud hakimiyyəti, kadr siyasətini yönləndirmək imkanında olub. Moskvanın indiki geosiyasi şərtlər daxilində həmin imkanları qalırmı?
Politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynliyə görə, hazırda Moskvanın belə məsələlərdə Azərbaycan iqtidarına ciddi təsir göstərmək imkanları geniş deyil: “Bu həm geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədardır, həm də baş nazir postunun xüsusi əhəmiyyət kəsb etməsi ilə qırılmaz surətdə bağlıdır. Tutaq ki, 90-cı illərin ortalarında Rusiya Azərbaycana bu və ya digər şəkildə iqtisadi, siyasi yollarla təzyiq göstərib hansısa şəxsin vəzifəyə təyin olunmasına nail ola bilirdi. Amma indiki şəraitdə bu məsələ xeyli çətinləşib. Ölkənin iqtisadi inkişaf imkanları, onun beynəlxalq qurumlara və dünyaya inteqrasiyası Azərbaycanla Rusiya arasında münasibətlərin xarakterini xeyli dəyişdirib. Digər tərəfdən, Azərbaycanın özünün inkişafı və daxildə bəlli bir siyasi elitanın formalaşması da prosesdə əhəmiyyətli rol oynayır. Ona görə də indiki durumda Rusiyanın Azərbaycanda ikinci şəxsin təyin edilməsində təsir imkanlarını təsəvvür edə bilmirəm və mümkünsüz sayıram. Bu, ölkənin birinci şəxsinin özünün düşüncələrində dolaşan bir neçə şəxsdən biri ola bilər. Hələ ki həmin şəxslərin müqayisə edilməsi, siyasi fəaliyyətlərinin bu günü və perspektivləri ilə bağlı təhlillər aparılır. Amma güman edirəm ki, bu, baş nazir olmaq istəyən şəxslərin arzusu və ya mübarizəsi ilə bağlı olan proses deyil. Daha çox birinci şəxsin etimadını qazanmaq və ona yaxın olmaqla bağlıdır”.
Q.Hüseynli dedi ki, adətən belə vəzifə təyinatlarında müəyyən şəxslərin adları hallandırılır, mətbuatda iddialı şəxslərin portretləri canlandırılır: “Nəhayətdə isə ya onlardan birini, ya da tamamilə ağlagəlməz bir şəxsi vəzifəyə təyin edirlər. Məncə, yenə bu taktikadan istifadə olunur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR