Rəşad Həsənov: “Yeni avtomobillərin bazara gətirilməsi prosesində və sadalanan bütün bu rüsumlar əvvəlkilərlə müqayisədə daha baha başa gələcək”
Dövlət rüsumlarında edilən dəyişikliklərin daşınmaz əmlak bazarına və avtomobil bazarına nə şəkildə təsir göstərəcəyi hazırda əsas müzakirə mövzusudur. Avtomobillərlə bağlı əgər yeni təkliflər qəbul edilərsə, motor həcmi yüksək olan avtomobillərin rüsumlarında kəskin artım olacaq. Yeganə pozitiv məsələ hibridlə işləyən avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması təklifidir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı artırılan rüsum bazara təsir baxımından ciddi rəqəm olmasa da, ümumilikdə iqtisadiyyatda gedən proseslər bu sahədə də qiymət artımını şərtləndirə bilər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, rüsumlarla bağlı qəbul edilən qərarın avtomobil bazarında qiymətlərə ciddi təsiri olacaq: “Ola bilsin ki, qısamüddətli dövrdə müvafiq qərarların qəbul edilməsi çətin olsun, alıcılıq gücünün aşağı olması bu istiqamətdə təzyiqlər yaratsın. Amma orta və uzunmüddətli dövrdə müvafiq xərclər, son nəticədə maya dəyəri hesab olunmaqla idxal olunan avtomobillərin, ikinci əl bazarında, yəni təkrar bazarda təklif olunan avtomobillərin qiymətlərinin artmasına gətirib çıxaracaq. Burada əsas təzyiq birinci avtomobilin ilinə görə, aksiz vergisi üzrə dərəcələrin yenidən işlənilməsi və burada differensial əmsalların ortaya qoyulmasıdır. Faktiki olaraq dizel avtomobillərinə münasibətdə qiymətlərin artımı daha yüksək səviyyədə olacaq. Çünki burada 7 ildən çox yaşı olan avtomobillərə 1,5 əmsalı tətbiq olunacaq. Əvvəl hesablanmış aksiz vergisi 100 manat idisə və bu, 150 olacaq. Məsələn, 2 min kub santimetrə qədər mühərrik gücü olan avtomobillərə hesablanan aksiz vergisi 600 manat idi. Əgər avtomobili dizeldirsə, bu zaman 900 manata qaldırılır. Avtomobil əgər benzinlə işləyirsə, bu zaman 720 manata çatacaq. Bundan başqa, mühərrik gücü 300 kub santimetrdən yuxarı olan avtomobillər üzrə hətta rüsumun dərəcələri dəyişdi. Eynilə 35 manatlıq rüsum 40 manata, 13 manatlıq rüsum 15 manata,70 manatlıq rüsum 80 manata çatdırıldı. Hər bir istiqamət üzrə 10 faiz ətrafında rüsum xərcləri artırıldı. Bu da, məsələn, 5000 kub santimetr gücü olan avtomobildə 7000 manat əlavə xərclərin yaranmasına gətirib çıxardır. İlkin və təbii ki, differensial yanaşmanı nəzərə almış olsaq, müvafiq göstərici əhəmiyyətli səviyyədə arta bilər və bu da qiymətlərə təsir göstərəcək”.

Rəşad Həsənov
İqtisadçı vurğuladı ki, avtomobillərin qeydiyyatı ilə bağlı rüsumlar da artırıldı və bunun da müəyyən təsirləri ola bilər: “Avtomobil nömrələri ilə bağlı rüsumlar da 100 faizdən 20 faizə qədər artdı. Ən ucuz nömrələr üçün qiymət 500 manatdan 1000 manata çatdırıldı. Burada da 100 faiz artım görürük. Ən bahalı nömrələr 2500 manatdan 3000 manata çatdırıldı və bütün bunlar son nəticədə avtomobillərin qiymətinin artmasını şərtləndirəcək. Burada söhbət hər hansı avtomobilin qeydiyyata düşməsindən, yeni nömrə almasından və idxal olunaraq aksiz vergisinə cəlb olunmasından getmir. Burada söhbət ondan gedir ki, yeni avtomobillərin bazara gətirilməsi prosesində və sadalanan bütün bu rüsumlar əvvəlkilərlə müqayisədə daha baha olacaq. Rüsum xərcləri daha çox olacaq. Bu, ilkin avtomobil bazarında qiymətlərinin artmasına gətirib çıxaracaq və təkrar avtomobil bazarı da bundan əhəmiyyətli səviyyədə təsirlənəcək. Çünki bu bir-biri ilə müsbət korelyasiya olan bazarlardır. Daşınmaz əmlak bazarı ilə bağlı rüsumların ciddi təsirləri olacağını demək çətindir”.
Daşınmaz əmlak bazarına gəlincə, R.Həsənov vurğuladı ki, burada qiymətlərin böyük olduğunu nəzərə alsaq, rüsum artımlarının birbaşa qiymətlərə əhəmiyyətli səviyyədə təsir göstərəcəyini demək çətindir: “Amma yaranmış müəyyən təzyiqlər də, digər tərəfdən Vergi Məcəlləsinə edilən sadələşdirilmiş vergi ilə bağlı edilməsi nəzərdə tutulan dəyişikliklər də, xüsusilə də Bakıdan kənar bölgələrdə qiymət artımları istiqamətində yaranmış təzyiqlər neytrallaşdırıla bilər. Belə ki, Bakı kənarında fiziki şəxslərin balansında olan mənzillərin əmlakın satışından sadələşdirilmiş vergiyə cəlbi hər kvadrat üçün 15 manatdan hesablanırdı və bu 15 manat baza göstəriciyə 0,5 əmsalı tətbiq edilirdi. Artıq yeni dəyişiklik təklifində bu 0,3-ə salınır. Yəni əvvəl hər kvadrat üçün əgər 7,5 manat hesablanırdısa, yeni yanaşmada 4,5 manata düşür. Bu müəyyən qədər qiymət artımı istiqamətində yaranmış təzyiqi neytrallaşdırılacaq. Amma ümumilikdə götürəndə, bəli, manatın dəyərsizləşməsinin də bazarda qiymətlərə təsiri var. Daşınmaz əmlak bazarında və tikinti materiallarının qiymətlərində kəskin artımlar müşahidə olunur. Bu proses son 5 ildə başlayıb və 2020-2021-ci illərdə isə maksimum səviyyədə davam edir. Yəni orta hesabla 20-25 faiz tikinti materiallarının qiymət artımı var. Bakı şəhərində məsələyə baxsaq, burada baş plan və onun tələblərinə uyğun tikintinin həyata keçirilməsi şəraitində yaranmış xərclərin artımından söhbət gedir. Bütün bunlar ortamüddətli dövrdə Bakı şəhərində və Azərbaycanda mənzillərin, daşınmaz əmlakın və digər növlərinin qiymətlərinin artmasını şərtləndirəcək”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






