Ermənistanın müxalifətdə olan, keçmiş prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika parityasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın Qarabağda təmas xəttində sakitliyin yarandığı barədə sözlərini tənqid edib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini Facebookdakı hesabında açıqlayıb.
Onun sözlərinə görə, Aprel döyüşlərindən sonra qarşı tərəfdən hər hansı hücum həyata keçirilməyib. “Bunu sizin və ya Düşənbədəki liftin ayağına yazmaq insafsızlıq olar. Hər halda cəbhədə son dövrlərdəki gərginlik başqa şey deyir”, - deyə partiya funksioneri qeyd edib.
Armen Aştotyan Ermənistan baş nazirinin Qrabağın qondarama qurumunun rəhbəri Bako Saakyanın “başını əzmək” çağırışlarına da sakit yanaşdığını, hətta sonuncunun “qubernator” adlandırılmasına gülümsəyərək reaksiya verdiyini xatırladıb.
“Bu gün isə o, İrəvanla Qarabağ (qondarma qurum-red.) rəhbərliyi arasında heç bir ziddiyyət olmadığını söyləyir. Yuxarıda səslənən fikirləri isə öz ətrafının üzərinə yıxır. Nikol Paşinyan İlham Əliyevə heç bir söz demir, lakin əxlaqsızcasına daxili siyasi opponentlərinə hücum çəkir”,-deyə Ermənistan parlamentini keçmiş deputatı bildirib.
Armen Aşotyanın iddiasına görə, artıq Ermənistan rəhbərliyinin dilindən Qarabağla bağlı yalnız “status və təhlükəsizlik” kəlmələri işlədilir. Lakin ermənilərin “öz müqəddəratını həll etmək hüququ” barədə heç bir söz deyilmir.
“Bu nə deməkdir, ümumxalq referendumu nə anlam daşıyır. Əgər bu bir populizmdirsə, olduqca təhlükəlidir. Siz özünüz danışıqlar prosesini pozmusunuz, indi isə müzakirələrdə dinamikadan dəm vurursuz. Əgər hər hansı dinamika varsa, o da tam tərsinə və mənfi yöndədir”,-deyə Armen Aşotyan qeyd edib.
Musavat.com






