İnsanlara hürriyət, millətlərə istiqlal!

ARİF HACILININ TƏNQİDİNƏ İP-dən REAKSİYALAR GƏLDİ

1130 24.07.2012 09:22 Siyasət A A
Koordinasiya Şurasının üzvü, müstəqillərin təmsilçisi Vidadi Mirkamal bildirdi ki, Arif Hacılının çıxışını İctimai Palatanı tənqid kimi qəbul etmir: “Çünki əslində Arif Hacılı da qarşı tərəf kimi görünənlərlə eyni mövqeni ortaya qoyur. Arif Hacılının özü çıxışında dedi ki, bu iki məsələ qarşı-qarşıya qoyulmamalıdır. Arif bəy təşkilatlanmanın daha ciddi şəkildə getməsinin vacibliyini deyir. Bu, hər kəsin istəyidir. İkinci fikir belədir ki, kütləvi aksiyaların sayını artırmalıyıq. İctimai Palata aksiyalardan imtina etməyib. Aksiyalar olacaq. Arif bəy deyir ki, biz daha çox güc verək kütləvi aksiyalara. Bu onun fikridir və buna hörmətlə yanaşılmalıdır. Kütləvi aksiyalar onu keçirən qurumu müəyyən qədər irəli aparır və diqqəti həmin təşkilata cəlb edir. Digər mövqe isə belədir ki, biz aksiyanı aksiya xatirinə eləməyək. Resurslarımızı artıraq və sıralarımızı genişləndirək ki, davamlı və ciddi təsirli aksiyalar reallaşsın. Mənə gəlir ki, bu iki fikirdə əslində ziddiyyət yoxdur. Sadəcə olaraq zaman məsələsi var. Mən hesab edirəm ki, təsirli və davamlı olacaq aksiyalar keçirilməlidir”.
Koordinasiya Şurasının üzvü, Azərbaycan Milliyyətçi Hərəkat Partiyasının sədri Qələndər Muxtarlı bildirdi ki, İctimai Palata Azərbaycan müxalifətinin, demokratiya istəyən qüvvələrin əsas cəmləşdiyi qurumdur. Müxtəlif spektrin insanlarının cəmləşdiyi unikal bir qurumda hansısa məsələyə fərqli, hətta tənqidi yanaşmaların olması təbiidir: “Əslində bu cür olması həmin təşkilatın gücündən, fəaliyyətdə olmasından xəbər verir. Arif Hacılının fikirlərinin əksəriyyətini bölüşürəm. Onun dediklərində müsbət məqamlar nəyi hesab edirəm? İctimai Palata xalqda dəyişikliyə inam yaratmalıdır. Bu inamı yaratmağın yolları ilə bağlı fikirlərini də ümumən bölüşürəm. Arif bəyin iclaslar, sessiyalar keçirməklə heç nəyə nail olunmadığı barədə fikirlərini isə bölüşmürəm. Hesab edirəm ki, İctimai Palatanın gücü və digər qurumlardan fərqi də məhz sistematik olaraq iclaslarını, sessiyalarını keçirməsidir, davamiyyətin gözləndiyi qurum olmasıdır. Bu olmasaydı, bəlkə də İctimai Palata çoxdan dağılardı. İctimai Palata addım-addım irəliləyir. Kütləvi aksiyaları isə sistemli təşkilatlanma apardıqdan sonra keçirməyi doğru sayıram. Təsirli və böyük miqyaslı aksiyalar olacağı halda Arif Hacılının dediyi proses avtomatik olaraq gedəcək”.
Koordinasiya Şurasının üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, İP-in təşkilatlanmasının və xalqda dəyişikliklərə inam yaratmağın vacibliyinin olduğu barədə deyilənləri bölüşür. Amma aksiyaların ən vacib məsələ kimi təqdim olunması mövqeyini dəstəkləmir: “Çünki mən kütləvi aksiyaları aksiya xətrinə keçirməyi doğru hesab etmirəm. Kütləvi aksiyalar vasitələrdən biridir. Sadəcə, fəallıq görüntüsü xatirinə də aksiyalar keçirilməməlidir. İctimai Palatanın prioritetlərindən biri demokratik seçki mühitinin yaradılması istiqamətində iş aparmaqdır. Demokratik seçki mühitinin yaradılması üçün təzyiq vasitəsi olaraq kütləvi aksiyalardan istifadə eləmək lazım gələn anda onu həyata keçirəcəyik. Kütləvi aksiyaları elə səviyyədə keçirmək lazımdır ki, effekti olsun. Heç bir effekti olmayan aksiyalar işin xeyrindən çox zərərinə işləyir. Effektli aksiyalara nail olmağın yollarından biri də təşkilatlanmaq, güclü təbliğat resurslarına malik olmaqdır. Kütləvi aksiya keçirmək naminə sıradan bir aksiya keçirməyi, aksiyaları adiləşdirməyi, dəyərdən salmağı düzgün saymıram. Aksiya kifayət qədər təsirli təzyiq vasitəsi olmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR