İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Hacılının 3 minlik 200 ədəd arayışı və qərəzi...

3975 20.11.2019 20:27 Gündəm A A

 

Normalda Arif Hacılı Müsavat Partiyasının başqanı vəzifəsindən istefa verməli idi. Hətta tərəfdarları, ictimai fəallar tələb etməsəydi belə, bu addımı atmalı idi. Cənab Hacılının tez-tez örnək gətirdiyi Avropa ölkələrində hansısa bir partiyanın rəhbərinin adı “mühacir alverində”, saxta arayışlar verməkdə hallansaydı, xalqdan üzr istəyər və təşkilatın rəhbərliyindən gedərdi. Ancaq Arif Hacılı nə edir?

Əslində gözlənilməz heç nə etmir. Qətiyyən inandırıcı da deyildi ki, özünü sivil, demokrat kimi aparacaq. Çünki onu az-çox tanıyırıq və bilirik ki, qətiyyən obyektiv, ədalətli, səmimi biri deyil. Elə gözlənti bu idi ki, “gəlin indi bunu da söz edin” kimi ənənəvi qabaqdangəlmişlik metodlarından istifadə edəcək və belə də edir. Yəni klassik şəkildə çığır-bağır salır, haqlı tənqidçilərə böhtan atır. Faktiki olaraq klassik bir formadadır: bataqlığın ortasında dayanıb, əlində də vedrə. Vedrəni palçıqla doldurur, gəlib-keçənə də çamur atır ki, hamı onun kimi çirkli görünsün.

Təsəvvür edin, illərdir ortada iddialar, faktlar, ittihamlar, sənədlər, səs yazıları, videogörüntülər, jurnalist araşdırmaları vardı ki, Müsavat və AXCP Avropaya qaçmaq istəyən ayrı-ayrı adamlara saxta partiya biletləri satıb. Ötən həftə isə Almaniya hüquq-mühafizə orqanları əməliyyat keçirərək, mühacir alveri ilə məşğul olan şəbəkəni ifşa edib. Həbs olunan, saxlananlar, istintaqa cəlb olunanlar arasında müsavatçılar, Arif Hacılının təşəbbüsü ilə qurulan Müsavat AKM-in (Avropa Koordinasiya Mərkəzi) rəhbərləri də var.

Bu əməliyyatı Arif Hacılının xüsusi qərəzli olduğu Azərbaycanın hüquq-mühafizə orqanları yox, tez-tez nümunə kimi göstərdiyi, obyektivliyinə inandığı Avropa polisi keçirib. Həbs sanksiyalarını da hörmətli Hacılının ədalətinə əlahiddə inandığı Avropa ölkəsi məhkəməsi verib. Yəni bundan sonra “saxta arayış ittihamı sifarişdir”, “bizə qarşı kampaniyadır” demək üçün gərək özün-özünü təkzib etmiş olasan. Hansı ki, mister Təkzib, pardon, Arif Hacılı bunu da edib.

Noyabrın 19-da keçirdiyi mətbuat konfransında bir gülməli açıqlaması da bu olub: “Son günlər bəzi mətbuat orqanları, xüsusən “Yeni Müsavat” qəzeti sifarişlə Müsavata qarşı kampaniya aparır”. Gərək utanmayıb onu da deyəydi ki, sifarişli kampaniyaya Almaniyanın "Spiegel" qəzeti də qoşulub deyə, mövzuda yazır...

Allah və redaksiyamızın kollektivi şahiddir ki, rəhbərlik müxbirlərdən gündəmdə olan bu mövzuda yazılar yazarkən mütləq Müsavat Partiyasının və ittiham olunan şəxslərin də mövqeyinin alınmasını tələb edib. Hətta Arif Hacılının özünü də canlı yayıma dəvət etmişik, gəlməyib. “Yeni Müsavat”ın 16 noyabr 2019-cu il tarixli sayının məsul redaktoru mən olmuşam, qəzet 15 noyabrda axşam saatlarında çapa hazırlanarkən baş redaktor Rauf Arifoğlu şəxsən zəng etdi və “əgər qəzetdə mühacir məsələsi ilə bağlı yazı gedirsə, mütləq Müsavat Partiyasının bəyanatı yayılıb, onu da ver” tapşırığını verdi. Redaktor həmkarım Xalid Kazımlı Müsavat Partiyasının xeyrinə olan iki köşə yazısı verdi qəzetdə və saytda...

Əslində, Müsavat Partiyasının, şəxsən Arif Hacılının adı keçən “mühacir biznesi” elə bir biabırçılıqdır ki, bundan tənqidi yazmaq üçün sifarişə belə ehtiyac yoxdur. Olanları, deyilənləri qələmə almaq kifayətdir. Məsələn, elə bugünkü mətbuat konfransında Arif Hacılı özü belə bir açıqlama verib: “Təzyiqlə üzləşən müsavatçıların partiya üzvü olmaları barədə sənəd vermişik. Onların sayı çox deyil, 200 nəfər olar. Azərbaycanda təzyiqə məruz qalmayan müxalifətçi yoxdur”.

Elə bunun özü etiraf deyilmi? “Mühacir biznesi” üzrə iddialardan biri də odur ki, Avropada sığınacaq almaq istəyənlər üçün arayış 3-5 min avro və ya dollara satılıb. İndi bu açıqlama və iddiadan çıxış edərək, yazsaq ki, 200X3000=600 min (avro və ya dollar), Arif Hacılı bunu da sifariş adlandıracaq. Hansı ki, hesablamadakı rəqəmlərdən birini özü, digərini isə saxta arayış üçün pul verən mühacirlər öz iddialarında, səs yazılarında açıqlayıblar.

Bu prosesdə bütün məqamlar belə açıq-aydındır, yəni 2X2 (oxu -200X3000) kimi.
Bütün bunlara rəğmən Arif Hacılı bizi sifarişlə kampaniya aparmaqda ittiham edir. Sən Rəsulzadə yadigarı olan Müsavat Partiyasını arayışsatan orqana, “makler kontoru”na çevir, hətta sonra get verdiyin arayış üzrə Avropada oturum, daimi yaşama izni almaq istəyənlərin məhkəməsində hansısa maraqlar naminə şahid kimi iştirak elə, sonra da denən ki, “Yeni Müsavat” sifarişlə kampaniya aparır. Bunun adı yumşaq desək, siyasi həyasızlıqdır. Özünəxas qərəz də öz yerindədir...

Elşad MƏMMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR