Arif Hacılı: "AŞ PA-nın sessiyasında Azərbaycana qarşı sanksiyaların olacağını gözləmirəm"
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AŞ PA-nın sessiyası ilə bağlı gözləntilərini Moderator.az-a açıqlayıb.
Müsavat yetkilisi bu sessiya ilə bağlı bədbin olduğunu sezdirib və bu dəfəki sessiyadan da heç nə gözləmədiyini bildirib:
"AŞ PA-nın yay sessiyasınadək Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılmasına olan ümidlər boşa çıxdı. Əksinə, siyasi məhbuslara aid olan məhkəmə proseslərinin ciddi əsaslar olmadan uzun müddətə təxirə salınması, bəzi siyasi məhbusların saxlanma şəraitlərinin pisləşdirilməsi göstərir ki, Azərbaycan hakimiyyəti siyasi məhbus problemini həll etmək fikrində deyil. Əksinə, hakimiyyətə opponent hesab etdikləri şəxsləri zaman-zaman həbs etmək və onları uzun müddət həbsdə saxlamaqla cəmiyyəti qorxutmaq, əsarətdə saxlamaq siyasətini bundan sonra da davam etdirmək niyyətindədir. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, o cümlədən AŞ PA Azərbaycan hakimiyyətinin bu siyasətini durdurmaq, hökumətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək istiqamətində təsirli tədbirlər görmür. Bu sessiyada da fərqli təpkilərin, hansısa sanksiyaların gündəmə gələcəyini gözləmirəm".






