İnsanlara hürriyət, millətlərə istiqlal!

Arazın o tayı və bu tayı

5152 11.10.2021 18:39 Yazarlar A A

 

1983-cü il istehsalı, Qaçaq Nəbinin həyatından bəhs edən “Atları yəhərləyin” filmində maraqlı bir epizod var.

Qaçaq Nəbi, öz dəstəsiylə Araz çayını adlayaraq Cənubi Azərbaycana keçir, onun oradakı fəaliyyətindən öz narazılığını bildirən iranlı ağaya Nəbinin verdiyi cavab, bu gün də öz aktuallığını qoruyur:

"Arazın o tayı da, bu tayı da, mənim doğma el-obamdır. Elin o başı, bu başı olmaz! Bunu sırğa elə as qulağından!"
Qaçaq Nəbini digər qaçaqlardan fərqləndirən əsas cəhətlərdən biri, onun çar hakimiyyətinə bağlı rus-erməni dəstələriylə döyüşlərə girməsiylə yanaşı, şahənşahın məmurlarına da göz açdırmamasıydı.

Qaçaq Nəbinin iranlı məmurla dialoqu, Atları yəhərləyin filmindən fraqment

Xüsusilə, onun Cənubi Azərbaycanda soydaşlarımızın haqqını qoruması, iranlı ağaları daha da narahat edirdi.

Təxminən, keçən bir əsrlik dövrdə, tarixi saxtalaşdırma və ideolojik təbliğata çevirmə cəhdlərini bu gün də görürük.

Bu yazını yazmaqda məqsədim, obyektiv tarixi faktlar işığında həqiqəti, regionun və Azərbaycanın həqiqi tarixini ortaya çıxartmaqdır.

Bizim, Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı olan bəslədiyi sevgiyə, İran hakimiyyətinin qısqanclıqla yanaşdığı heç kimə sirr deyil.

Buna görə də, saxta bir ideolojik təbliğata baş vurublar, güya müstəqil Azərbaycan ərazisi də İranın olub və biz onlardan qopmuşuq.

Bu iddia, ilk baxışda fikir qarışıqlığına səbəb ola bilər, çünki tarixi hadisələrin manipulasiyası üzərində formalaşıb, lakin heç də həqiqəti əks etdirmir.

Bütün bu və bənzər iddialara cavab vermək üçün, İranın və regionun tarixinə baxmaqda fayda var.

Əvvəlcə onu bilmək lazımdır ki, 20-ci əsrə qədər Azərbaycan və İran adları, sadəcə coğrafi məkan adları olub.

Azərbaycan adlı ilk dövlət yaxud respublika 1918-ci ildə, İran adlı dini təmayüllü respublika isə 1979-cu ildə qurulmuşdur.

Azərbaycan və İranın ortaq tarixi keçmişinə də toxunmaq lazımdır. 10-cu əsrdən etibarən, İranın hazırkı ərazisi,müxtəlif türk dövlətlərinin və Azərbaycan-türk mənşəli sülalələrin doqquz əsr boyunca hakimiyyətində olub, 1925-ci il çevrilişinə qədər davam edib.

Gülüstan müqaviləsi

Azərbaycan türklərinin çoxluq təşkil etdiyi ərazilərin ikiyə bölünməsi məsələsinə gəlincə, 1813 Gülüstan və 1928-ci il Türkmənçay müqavilələrini, türkmənşəli Qacarlar dövlətinin çar Rusiyası qarşısındakı məğlubiyyətinin acı nəticəsi kimi görmək lazımdır.

Türkmənçay müqaviləsi

Ancaq, unutmaq olmaz ki, o dövrdə bu ərazilər İran yox, Qacar dövləti adlanırdı!

Əgər bu parçalanma olmasaydı, bu gün o taylı bu taylı Arazı əhatə edən, Qacar Respublikası yaxud Azərbaycan Respublikası adında böyük bir türk dövlətində yaşayacaqdıq, farsdillilər milli azlıq təşkil etmiş olacaqdı.

Bu ərazidə yaşayan türklərin ikiyə bölünməsi və aralarına sərhəd qoyulması, xüsusən cənubda fars şovinizmini yenidən diriltdi.
Yaxın tarixə baxsanız, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan ziyalılarının 20-ci əsrin başlarında İranda apardıqları maarifçi fəaliyyətlərini və geniş təsir imkanlarının olduğunu görəcəksiniz.

Məhz, 19-cu əsrin sonları, 20-ci əsrin başlarında ortaya çıxan parlaq şəxsiyyətlər nəticəsində ölkəmizdə şeyx Nəsrullahlar özlərinə iqtidar qura bilmədi, Azərbaycan sivil ölkə olma yolunu tutdu.

Birinci dünya müharibəsi dövründə ciddi zərbə alan Qacar dövləti, daxili xəyanət şəbəkəsiylə süquta uğradı və ingilislərin agenti olan Rıza Pəhləvi, xaricdən aldığı dəstəklə türk Qacarlar sülaləsini yıxaraq, fars Pəhləvi xanədanlığını qurdu.

Rıza Pəhləvi özünü şahənşah elan edəndən sonra, mərkəzi hakimiyyəti gücləndirmək üçün, qatı fars milliyyətçiliyi üzərində dövlət ideologiyası formalaşdıraraq, fars dilini yeganə rəsmi dil elan etməklə, kütləvi assimilasiya prosesinin təməlini qoydu.

Pəhləvilər öz gücünü İrandakı etnik farslardan alırdı və fars xalqının güclənməsi, onların hakimiyyətinin güclənməsinə paralel olduğunu düşünürdülər, beləliklə indki İran ərazisində kütləvi farslaşdırma böyük vüsət aldı.

Rıza şah, dövlət büdcəsindən farsçılıq təbliğatı aparan ədəbiyyat, incəsənət xadimlərinə, tarixçilərə böyük büdcə ayırmışdı.

1935-ci ildə, Rıza Pəhləvi, ölkənin adını Persiya adından İran adına dəyişdi, təbii ki, burada da tarixi milliyyətçilik bağları nəzərə alınmışdı.

İran sözünün kökü, aryan sözündən gəlir, tarixi Sasanilər dövlətinə qədər gedib çıxır. Ölkənin adın İran yaxud Eran olaraq dəyişdirilməsi, fars xalqının təməlini formalaşdıran aryan irqinə istinaddır. Ölkənin adının sırf İran imperiyası olaraq adlandırılması belə, Pəhləvilərin necə irqçi bir hakimiyyət olduğunu bir daha göstərir.

Pəhləvilər dövründə, İranın bütün dövlət atributlarında və təbliğat mexanizmində Sasani imperiyasının izlərini, təqlidini görmək mümkündür.

Təsəvvür edə bilirsiniz, əhalisinin böyük hissəsi müsəlman olan bir ölkə, sırf etnik milliyyətçiliyi önə çıxarmaq üçün atəşpərəstliyin hakim olduğu bir dövlətə istinad edir.

İkinci dünya müharibəsindən həmən sonra, Seyid Cəfər Pişəvərinin liderliyində cənubi Azərbaycanda Milli Muxtariyyət Höküməti qurulsa da, Britaniya və SSRİ arasındakı ziddiyyətlər, bu hökümətin uzunömürlü olmasına imkan vermədi.

Pəhləvilərin apardığı sərt fars milliyyətçiliyi siyasəti, doğma dildə məktəb və təhsil olmaması, cənubdakı həmvətənlərimizi usandırmadı, onlar böyük əzmlə, fars repressiya maşının qabağında öz dillərini və mədəniyyətlərini bu günə qədər qoruya bildilər.
1979-cu ildə İranda yenə xaricdən təşkil olunmuş islam inqilabı baş verəndə, çoxları etnik fars milliyyətçiliyinin sona çatdığını və ümmətçiliyin önə çıxacağını düşünsə də, yanıldı.

İranda qurulan teokratik respublika, Pəhləvilərin apardığı etnik farslaşdırma siyasətini nəinki qaldığı yerdən davam etdirdi, hətta dini, şiəlik məzhəbini farslaşdırma prosesinin bir vasitəsinə, silahına çevirdi.

Bütün bu yazılanların işığında bir daha aydın olur ki, heç bir iranlı və iranlı məmur Azərbaycanın İrandan qopduğunu iddia edə bilməz, əksinə yaralı olan bizik, çünki bir parçamız Arazın o tayında qalıb, biz səbr edirik, öz milli yaramıza duz basırıq.

Bəs, İranın son günlərdəki aqressiv tutumu, qorxusu nədən qaynaqlanır?

Bəlkə ola bilsin, Qaçaq Nəbinin vətəni olan Qubadlı, Zəngilanın artıq bizdə olmasından narahatdır, ola bilsin, Qaçaq Nəbinin qulağını burduğu fars koxaların nəticələri bu gün hakimiyyətdədirlər, narahatçılığın əsl səbəbi bəlkə elə budur?!

Qaçaq Nəbinin öz rəsmi

Hər nə olursa olsun, İranın Azərbaycana qarşı güc nümayişini və torpaq iddialarını səsləndirən əbləhlər, Arazın tayında da, bu tayında da eyni qandan, eyni millətdən, eyni kökdən olan türk Azərbaycan xalqının olduğunu bilməlidirlər.

İranda sadəcə bir ostanın adı Farsdır, ona görə də xalatın geniş ola bilər, ancaq ayağını yorğanına görə uzatmalısan.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR