İnsanlara hürriyət, millətlərə istiqlal!

Ara qarışdıran USAİD direktoru - Samanta Pauer ermənilərin çaldığı havaya oynayır - ŞƏRH

626 22.11.2023 15:17 Siyasət A A

Azərbaycanın birbaşa danışıqlar barədə təklifinə Ermənistan hazır olduğunu bildirib. Ötən gün ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də tərəflər arasında birbaşa dialoqa tərəfdar olduqlarına dair açıqlama verib. Bununla da Bakı ilə İrəvan arasında bir neçə aydır kəsilmiş təmasın bərpa ehtimalı artıb.

Belə bir həssas şəraitdə ara qarışdıranlar da tapılır. Məsələn, ABŞ senatoru Marko Rubio sosial şəbəkədəki səhifəsində Azərbaycana yardımın edilməməsinə münasibət bildirərək yazıb ki, ABŞ-nin vergi ödəyicilərinin pulu ilə onlara yardım edilməməlidir.

Çox təəccübləndirici və təəssüfləndirici açıqlamadır. Azərbaycan torpaqlarını işğal altında saxlayanda Birləşmiş Ştatların Ermənistana etdiyi yardımlar da vergi ödəyicilərinin pulu idi. Yoxsa, belə yardımlarla bağlı senatorların “qara xəzinəsi” var? Odur ki, senatorun bu açıqlaması yersiz və məntiqsizdir.

Marko Rubio ilə yanaşı duranlardan biri də ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauerdir. Onun iddiasına görə, son iki ayda Qarabağı (o, “Dağlıq Qarabağ” deyib) “100 mindən çox sakinin tərk etdiyini” vurğulayaraq yazıb: “ABŞ Dağlıq Qarabağın etnik ermənilərini dəstəkləməyə davam edəcək”.

O həmin erməni sakinlərə Vaşinqtonun 4 milyon dollar əlavə yardım etdiyini bildirib. S. Pauerin sözlərinə görə, ABŞ 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar humanitar yardım ayırıb.

Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi əsasən, mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdehdir. USAİD 27 milyard dollardan çox büdcə ilə dünyanın ən böyük rəsmi yardım agentliklərindəndir. Bu, ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir. Agentlik 1961-ci il sentyabrında Prezident Con Kennedinin sərəncamı ilə yaradılıb. Yeri gəlmişkən noyabrın 22-də onun qətlə yetirilməsinin 60-cı ildönümüdür.

Samanta Pauer adi, sıradan bir vətəndaş cəmiyyətinin lideri deyil. O, vaxtı ilə ABŞ-nin BMT-də səfiri olub. Hətta, 2016-cı ilin aprelində onun kortecindəki avtomobillərdən biri Kamerundan olan azyaşlı uşağın ölümü ilə nəticələnmiş yol-qəza hadisəsi törəmişdi.

S.Pauer beynəlxalq hüquq və münasibətlərdən də məlumatsız deyil. Bu baxımdan Azərbaycan daxilində ərazisinin adını təhrif etməklə beynəlxalq normaları pozub. O, Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyətini də təhrif edib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb.

USAİD rəhbəri bu ilin sentyabrında Bakıda səfərdə olub. O, Ermənistandan silah və güc yolu ilə evlərindən, tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. USAİD-ın 35 ildə onlara bir sent yardım etmədiyi halda bu gün könüllü olaraq Azərbaycanı tərk etmiş erməni sakinlərin halına acıyır. Qərbi azərbaycanlılara qarşı analoji münasibət heç vaxt olmayıb.

S.Pauerin Ermənistanın, ermənilərin çaldığı havaya oynadığı da görünən qədərdir. Direktor yazıb ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı 100 mindən çoxdur. Oxşar rəqəmi erməni və havadarlarının mənbəyi də iddia edir.

USAİD kimi nüfuzlu bir təşkilatın başçısı humanizm prinsipini erməni təəssübkeşliyinə qurban verib. O, Bakıya səfəri zamanı Ermənistanda istehsal olunan və ermənilər tərəfdən basdırılan minaların qurbanları ilə bağlı məsələyə də diqqət yetirmək istəməyib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 337 nəfər minadan zərər çəkib. 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbiri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxıb.

Azərbaycanla Ermənistan arasında olduqca həssas bir dövrdür. İndiki şəraitdə istənilən qərəzli açıqlama, fəaliyyət, yersiz çıxış və istənilən şəkildə birtərəfli yardım qıcıq yaradır, gərginliyin artmasına təsir göstərir. Belə fəaliyyət rəsmi Bakı və İrəvan arasında normallaşma, sərhəd, sülh müqaviləsi ilə bağlı prosesə maneədir.

Samanta Pauerin fəaliyyəti və açıqlaması aranı qarışdırıb. Ermənistanda səfərdə olanda Azərbaycanı könüllü tərk etmiş ermənilərlə görüşdə sakinlər ona etiraz edərək qışqırıblar: “Rədd olun, gedin ölkənizə!”, “Bəsdir yalan danışdınız!”.

Deyəsən, ermənilərlə təkbətək danışıqlar üçün əsaslar yaranır. Çünki Samanta Pauer kimi direktora oxşar şəkildə etirazı Bakıda da bildirə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR