“Mən inanmıram ki, burdakı 119 deputatdan hansısa biri etik davranışı pozsun və məsələsi İntizam komitəsinə çxıarılsın. Bəlkə valideynlərini çağırıb danlayaq ki, iclasa niyə gəlməyib? Özümüzü lağ obyektinə çevirməyək”.
Deputat Aqil Abbas bu fikirləri parlamentdəki müzakirələrdə söylədi. Qanunlara edilən dəyişikliklərdən bəhs edən deputat ardınca bildirdi: “30-40 min seçici bizi deputat seçib. İndi 9 nəfər deməlidir ki, Aqil Abbas, sənə yaxşı yol?! Qardaş, məni sən seçmişdin? Bu səlahiyyət seçicilərə verilməlidir. Deputatları bu dərəcədə aşağılamaq olmaz. Əli müəllimi (Əli Hüseynli-E.P) çox istəyirəm. Hələ bu günə qədər iclasa gecikməmişəm, söhbət məndən getmir. Amma Əli müəllim deyir ki, müzakirə etməyək. Bizi deputatlıqdan məhrum edirlər... 9 yox, lap 11 adam olsun. Yarıdan çoxu səs versə, deməli, mandatı ləğv olunacaq”.
A.Abbas hədiyyə məsələsinə də toxundu: “Bütün dünyada 50 dollardan artıq hədiyyə alan həmin hədiyyəni parlamentə, muzeyə təqdim edir. Vallah illərdir deputatam, heç kim hədiyyə verməyib. Tutaq ki, mən getmişəm Füzuliyə, dostum mənim üçün 150 manatlıq qoyun kəssə, onun 100 manatını gətirib İntizam komitəsinə verəcəyəm?”
A.Abbas dedi ki, ölkə prezidenti Milli Məclisə böyük qiymət verir, amma özümüz belə bir müzakirələr açırıq. Xahiş edirəm ikinci oxunuşda bu məsələyə daha ciddi yanaşaq.
E.Paşasoy,
Musavat.com






