
Aprelin 24-də ermənilər Avropa Şurasında “soyqırım” tamaşasına hazırlaşır
Avropa Şurası Parlament Assambleyasının aprelin 24-də keçiriləcək sessiyasında Ermənistan parlament nümayəndə heyətinin həmin gün 100 illiyi qeyd olunacaq “erməni soyqırımı” məsələsini gündəmə gətirəcəyi gözlənilir. Avropadakı erməni lobbisi isə həmin gün Avropa Şurasının binası önündə aksiya keçirməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat”a informasiya verən qaynağın sözlərinə görə, ermənilər Avropa parlamentarlarına soyqırımın tanınması ilə bağlı müraciət hazırlayıb.
Avropa Şurasının aprelin 20-24-dək davam edən sessiyasının gündəliyinə qondarma soyqırım iddiaları ilə bağlı heç bir məsələ salınmayıb. Avropa Şurasının saytında göstərilir ki, yaz sessiyasının gündəliyində Ermənistanda keçirilən prezident seçkisinin nəticələri, Türkiyə ilə monitorinqsonrası dialoqu, gənclərin fundamental hüquqlar əldə etməsi məsələləri daxil edilib. Bundan başqa sessiyada Avropa Şurasının insan haqları üzrə komissarı son dönəm fəaliyyəti ilə bağlı hesabat verəcək, Almaniya prezidenti və Gürcüstan baş naziri çıxış edəcək. Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders qurumun qış sessiyasından keçən dövrdəki fəaliyyət barədə hesabat verəcək, ardınca sərbəst dinləmələr olacaq.
Sessiyada Avropa İnsan Haqları Məhkəməsinə yeni üzvlərin seçkisi keçiriləcək, Avropa Şurasının baş katibi Torbyorn Yaqland deputatların ona ünvanlayacağı sualları cavablandıracaq. Avropa Şurasının 2016-2017-ci illər üçün büdcəsi və prioritetləri, İŞİD terror qruplaşmasının insanlığı təhdid edən hərəkətləri müzakirə ediləcək.
Sessiyanın son 2 günündə Avropada insanlara qarşı diskriminasiya halları və qitədə sosial xidmətlər ətrafında fikir mübadiləsi aparılacaq, insan haqları üzrə komissarın rəhbərlik etdiyi qurumun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı dinləniləcək, Monako ilə pozitiv dialoq və digər məsələlər müzakirəyə çıxarılacaq.
AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ salınmayıb. Bu səbəbdən AŞPA sessiyalarında davamlı iştirak edən bir sıra vətəndaş cəmiyyəti üzvləri Strasburqa getməyəcək, ölkəni yalnız Milli Məclisin qurumdakı nümayəndə heyəti və hakimiyyətə yaxın bir sıra QHT-lər təmsil edəcək.
İnsan Haqları üzrə Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi gözlənilmədiyindən insan haqları müdafiəçiləri yaz sessiyasına qatılmayacaq: “Azərbaycanla bağlı məsələ AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında müzakirə ediləcək, ona görə də biz budəfəki sessiyaya qatılmağa heç bir lüzum görmədik. May ayının 28-də Respublika Günü ilə bağlı yenidən əfv fərmanının olacağı ehtimalı böyükdür. Ola bilər ki, Azərbaycanda siyasi məhbus problemi həmin fərmandan sonra müzakirə edilsin”.

Erməni deputatlarının “soyqırım” məsələsini sərbəst müzakirələr zamanı gündəmə gətirəcəyi gözlənilir. Heç şübhəsiz, bu iddialara Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətindən və Azərbaycan parlamenti üzvlərindən cavab olacaq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, ermənilərin bu məsələdə başarılı olacağı gözlənilən deyil: “Ermənistan “soyqırımın” 100 illiyi ilə bağlı aktiv fəaliyyətdədir. Ermənistanın həm rəsmi qurumları, həm vətəndaş cəmiyyəti institutları həm də, lobbi fəaliyyəti ilə məşğul olan qurumları müxtəlif ölkələr və təşkilatlara sözün həqiqi mənasında hücuma keçiblər. Erməni lobbisinin bu məsələ ilə bağlı AŞPA-da uğur qazanacağı inandırıcı deyil.
Ola bilər bir qrup erməni deputat “soyqırım” qətnaməsini səsverməyə çıxarmağa cəhd etsin, bununla bağlı konkret təkliflərlə çıxış etsin. Bu yerdə Türkiyə və Azərbaycan nümayəndə heyətlərindən çeviklik tələb olunacaq. Çünki, bəzən zalda oturan azsaylı deputatların köməyi ilə də istənilən qətnaməni qəbul etdirmək mümkün olur. Belə hallar AŞPA praktikasında dəfələrlə olub. Odur ki, Azərbaycan və Türkiyə nümayəndə heyətləri bütün toplantılarda iştirak etməli, ermənilərə fürsət verməməlidirlər”.
Elxan Şahinoğlunun sözlərinə görə, “erməni soyqırımı” məsələsinin AŞPA-da müzakirəyə çıxarılması qurumla Türkiyə və Azərbaycan arasında narazılıq nöqtəsinə çevrilə bilər:“ Azərbaycan və Türkiyə nümayəndə heyətləri AŞPA-nın iclasını gözləmədən də indidən AŞPA-dakı avropalı həmkarları ilə təmaslara başlamalıdırlar. Avropa deputatlara anlatmaq lazımdır ki, “soyqırım” qətnaməsinin qəbulu nəinki Türkiyə ilə münasibətlərə zərbə vuracaq, bu məsələ Azərbaycanın da mənafelərinə toxunur. AŞPA Dağlıq Qarabağ məsələsinə həssas yanaşır, bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyünə önəm verir. Deməli, AŞPA rəhbərliyinə bildirilməlidir ki, “soyqırım” qətnaməsinin qəbulu bu təşkilatın Dağlıq Qarabağ probleminin həllindəki səylərini də heçə endirə bilər”.
Bu məsələdə daha bir ilginc məqam var. Avropa Şurasının bütün sessiyaları keçirildiyi ayın son həftəsinə salınır. Yaxın günlərə qədər yaz sessiyasının da aprelin 27-də başlanacağı gözənilirdi. Ancaq sonradan bəlli olub ki qurum sessiyanın tarixini bir həftə önə çəkib. İnformasiyalı qaynaqlar iddia edir ki, bu məsələdə də erməni diasporunun “əməyi” var.
Aygün Muradxanlı






