APA ölən əsgər Seymur Allahverdiyevin atasının müsahibəsi ilə bağlı bəyanat yayıb. Musavat.com-un məlumatına görə, açıqlamada deyilir ki APA bir neçə gün əvvəl Azərbaycan Ordusunun intihar etdiyi bildirilən əsgəri Seymur Allahverdiyevin atası Mürvət Allahverdiyevin açıqlamasını yayandan sonra bəzi şəxslər sosial şəbəkələrdə əsgər atasının sözlərinin təhrif olunduğu, onun belə fikirlər səsləndirmədiyi barədə iddialar səsləndirməyə başlayıb. Qeyd edək ki, M. Allahverdiyev açıqlamasında oğlunun ölümünün siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirmişdi.
"Onun belə fikirlər səsləndirmədiyini, bunun APA tərəfindən məqsədli şəkildə yayıldığını bildirənlərin iddialarının əsassız olduğunu təqdim etdiyimiz vedeogörüntü bir daha təsdiqləyir. S. Allahverdiyevin atası M. Allahverdiyevin və xalası oğlu Firdovsi İmanovun açıqlamalarının yer aldığı videonu təqdim edir və bir daha xatırladırıq ki, APA fəaliyyətində hər zaman operativlik, obyektivlik və dəqiqlik prinsiplərini əsas götürür. Kiminsə demədiyi sözün APA tərəfindən təqdim olunduğunu iddia edənlərin nəzərinə bir daha çatdırırıq ki, arzularını gerçəklik kimi təqdim etmək niyyətindən daşınsınlar, əllərində fakt və əsaslar olmadan APA-ya qara yaxmağa, nüfuzuna xələl gətirməyə çalışmasınlar, faktlar ortaya qoyulanda pis vəziyyətə düşəcəklərini unutmasınlar", - bəyanatda bildirilir.






