Rusiya qoşunlarının Ukraynaya daxil olması və müharibənin qızışması Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha da ağırlaşdırıb.
Tətbiq edilən bu sanksiyalar müharibə başlayandan bəri Rusiya iqtisadiyyatına kifayət qədər zərər vurub.
Amerikada, Avropada Rusiyanın yüksək təbəqələrinə aid olan bank hesabları donduruldu. Rusiyadan neft, yanacaq alınması, qida və qeyri-qida məhsullarının ixracının dayandırılması da bu sanksiyalara aiddir.
Bəs bu sanksiyaların siyasi və iqtisadi cəhətdən Rusiya, eyni zamanda ətraf ölkələr üçün mənfi tərəfləri nədir?
Hələ bu sanksiyalar barədə müharibə başlamamışdan bir neçə gün əvvəl "Moody's Investors Service" ("Moody's") kredit reytinqi agentliyi məlumat yayıb.
Agentliyə görə, bu sanksiyalar Rusiya ilə iqtisadi, maliyyə və enerji əlaqələri olan, eləcə də zəif likvidlik və xarici mövqeləri ilə seçilən MDB ölkələrinə müxtəlif kanallar vasitəsilə təsir göstərə bilər.
"Bununla belə, reytinqlər kontekstində təzyiq o zaman mümkündür ki, sərt sanksiyalar Rusiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə yavaşlamasına və ya enerji təchizatının ciddi şəkildə pozulmasına gətirib çıxarsın", - məlumatda deyilir.
"Moody's" qeyd edir ki, bu risklərə ən çox məruz qala biləcək ölkələr Belarus, Qırğızıstan, Tacikistan, Moldova və Ermənistandır.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Musavat.com-a aşağıdakıları bildirib:
“İndiki vəziyyətdə Ukrayna ən azı özünü qorumalı, qüvvələri, xalqı dirəniş göstərməlidir. Lakin buna nə qədər tab gətirəcəkləri də məlum deyil. Qərb isə tətbiq etdiyi sanksiyalardan başqa heç nədən bəhs etmir. Bu sanksiyalar onsuz da 5-10 ildir ki, tətbiq edilir, amma nə mənası var? Nəsə dəyişirmi? Bu, əhval-ruhiyyəni, heç nəyi dəyişmir. Təbii ki, sanksiyalar gələcəkdə öz təsirini göstərəcək, lakin hazırda Ukrayna məhv olur”.
Musavat.com RT-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı Markus Buxayt Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yanlış olduğunu bildirib:
“Moskva Berlin üçün mühüm ticari tərəfdaşdır. Ona görə də anti-Rusiya sanksiyalarının Avropa iqtisadiyyatına vurduğu zərəri necə minimuma endirmək barədə düşünmək lazımdır”.
Buxayt eyni zamanda vurğulayıb ki, Aİ-nin Rusiyaya qarşı siyasəti elə Avropanın özündə yaxşı heç nəyə gətirib çıxarmayacaq.
Qeyd edək ki, sanksiyalar zamanı, "Forex" bazarındakı beynəlxalq ticarətdə rubl tarixi minimuma enərək dollar və avroya nisbətdə 30%-dən çox dəyər itirib. Avronun məzənnəsi 127 rubla çatıb, dollar 113,5 rubla alınıb. Daha sonra isə birjada avronun məzənnəsi 113,52, dollar 100,96 rubla yüksəlib.
Anar Əhməd,
Musavat.com






