Türkiyənin ev sahibliyi ilə keçirilən G-20-lərin (“Böyük İyirmilər”) Antalya sammitindən “Yeni Müsavat” və Musavat.com olaraq operativ xəbərlər və reportajları ötən günlər ərzində diqqətinizə çatdırdıq. Zirvəni izləyənlər dünya liderlərinin hansı məsələlərə diqqət çəkdikləri, onların bundan sonrakı fəaliyyətinin nədən ibarət olacağı barədə verdikləri mesajlarla tanışdır. Bu yazıda isə Azərbaycana da bu və ya digər formada aidiyyəti olan bəzi müşahidələrimizi bölüşmək istərdik.
“Gülər üzünüzü əskik etməyin...”
Qardaş ölkənin dünya liderlərinin toplantısına nə dərəcədə ciddi önəm verməsi hava limanlarındanca müşahidə olunan hazırlıqlardan aydın görünürdü. Hər şey Türkiyənin adının yüksəldilməsinə, imicinin yüksəldilməsinə, iqtisadiyyatının inkişafına, ümumən türk millətinin faydasına hesablanmışdı. “Türk Hava Yolları”nın təyyarəsi bizi İstanbulun Sabiha Gökçə Hava Limanına endirdiyi andan Türkiyə dövlətinin sammitə nə dərəcədə önəm verdiyinə, tədbirə dəvətli 13 min nəfərli qonağa nə qədər diqqətlə yanaşdığına şahidlik etdik. Görüləsi işlər o dərəcədə dəqiqliklə və incəliklə bölüşdürülmüşdü ki, kiminsə ünvanlanan suala “bu, mənə aid məsələ deyil” deyib yaxasını kənara çəkməsi mümkünsüz idi. Heç kimsə belə sayğısızlığa yol verməyi ağlına belə gətirə bilməzdi. Qarşılanma törəni ilə bağlı işləri üzərinə götürmüş şirkətin gənc əməkdaşları o qədər diqqətli və həssas davranırdılar ki...
Azərbaycandan G-20-yə qatılmaq üçün gəlmiş qəzet mənsubu olduğumuzu bilən kimi “bir problemmi var” soruşan əməkdaşlar telefon nömrəmizin aktivləşməsi üçün də bizə qədərindən artıq yardımçı oldular, hətta internet imkanı yaradıb Bakı ilə əlaqələr qurmağımıza çalışdılar. Təqdirolunan bu idi ki, qonaqların üzləşdiyi hər problemi yalnız gülər üzlə həll etməyə çalışırdılar, hirs-hikkə, sinirlə deyil. Düzdür, onlara məhz bu cür davranmaqla bağlı dövlətin, G-20 zirvəsinin Təşkilat Komitəsinin təlimatı var idi. “Gülər üzünüzü əskik etməyin, ev sahibi olaraq ölkəmizi təmsil etdiyinizi unutmayın!”- şəklində. Ancaq şirkət əməkdaşları bu sayaq davranmaqla Türkiyə dövlətinə müsbət xallar qazandırmaqla bərabər, həm də özünü təbliğ edirdi, növbəti sifarişlər üçün zəmin hazırlayırdı. Ancaq təkcə şirkətmi?..
İstanbulda olduğu kimi, Antalya hava limanında da yüksək təşkilatçılıq işləri həyata keçirilmişdi. Gömrük xidmətinin əməkdaşlarının gülər üzü, etik qaydalara son dərəcə əməl edərək sayğılı davranması Antalyaya gələnlərdə yalnız müsbət emosiyalar oyadırdı. G-20-nin zirvə toplantısına qatılmaq üçün gələn jurnalistlər elə hava limanındaca yaxa kartı ilə təmin olunurdular. Həmin istiqamətə getmək üçün, sadəcə, bir neçə yüz metr irəliləmək lazım idi - mavi xalının üstü ilə... Cəmi 10 dəqiqəyə G-20 toplantısına maneəsiz giriş üçün yaxa kartı hazır... Antalyada da gözləmə yeri ilə bağlı səhvə yol verən taksi sürücüsünü tapıb bizi yola saldıqdan sonra təşkilatçı şirkətin təmsilçiləri məmnun halda geri döndülər...
Hava limanından Antalyaya, oradan da Bələk məntəqəsinə uzanan yollarda giriş-çıxış məhdudlaşdırılsa da, ərazi hələ öncədən tam polis nəzarəti altına alınsa da, bir gərginlik müşahidə etmədim. Alternativ yollarda nə tıxac gördüm, nə avtomobillərin, avtobusların siqnal səslərini eşitdim, nə də sakinlərin deyinməsinin şahidi oldum. Bu da xüsusi təlimatın nəticəsi deyildi təbii ki... Ümumiyyətlə, burada olduğum günlərdə bir nəfər “milyardları küçələrə səpdilər” deyən deyingən bir kişi xaric, digər insanlardan giley-güzar, etiraz görmədim, eşitmədim. Market satıcısından tutmuş, taksi sürücüsünə qədər hər kəs dünya liderlərinin Antalyaya toplaşmasından qürur hissi keçirirdi, bu toplantının onsuz da turizmin axın etdiyi ünvanlardan biri olan bu bölgəyə fayda gətirəcəyini deyirdi. Ən mühümü isə o idi ki, Türk insanı bu tədbiri fəxrlə Türkiyənin dünyada bir dövlət olaraq sayılmasının, seçilməsinin təsdiqi kimi dəyərləndirirdilər. Antalyada G-20 etirazları keçirən kiçik bir qrupun addımına normal yanaşmaları da müşahidə etdik, “demokratiyadır, qoy etirazlar da olsun, amma bu, Türkiyə xalqının mövqeyi deyil” şəklində... Özü də kimsə bu sammitə möhtəşəm ev sahibliyini hakimiyyətin uğuru olaraq qeyd etmirdi, bu, Türkiyə Cümhuriyyətinin həyatı üçün önəmli hadisə olaraq dəyərləndirilirdi. Qürurverici idi, Türkiyə vətəndaşları bir həftəlik məhdudiyyətləri anlayışla qarşılayırdılar, təki dövlət... millət qazansın, deyə...
***
Bir kimsəni görmədik ki, onlara sual ünvanlandığı halda oturmuşsa, ayağa qalxıb sayğı ilə cavab verməsin, yaxud telefonla məşğul olub da qarşısındakını başından eləməyə cəhd eləsin. Ən yüksək səviyyədə həssasiyyətlik vardı...
Bu mənada zirvə sammitinin keçirilməsində önəmli rol alan “Kaya Palas”ın fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Qonaqların qarşılanmasından tutmuş, onların normal fəaliyyət göstərməsinə, yola salınmasına qədər gündəlik bütün məsələləri yüksək səviyyədə həyata keçirən bu, beşulduzlu otelin dəyərli nümayəndələri kimsəni insidə biləcək hərəkətlərə yol vermədi, işlərində o qədər dəqiq, ehtiyatlı, həssas idilər ki...
Təhlükəsizlik xidmətində çalışan polis nəfərləri Fatih bəy, Niyaz bəy, Ənvər bəyin, “Kaya Otel”-in “müsafir ilişkiləri” bölümünün təmsilçiləri - Azərbaycan əsilli Əminə xanım, məhsəti türkü Zaidə xanım, qazientepli qardaşımız Rüstəm bəy, antalyalı Oğuzxanın və digərlərinin sonsuz səmimiyyətini xüsusi qeyd etmək lazımdır. Hətta avtobus sürücüsü Feyzullah bəyin nə qədər geniş dünyagörüşə malik olması adamı heyran edirdi. Şübhəsiz ki, bütün bunlar həm də digər zirvə üçün qapadılmış 19 otel kimi, “Kaya-Palas”ın da aktivinə yazıldı və faktiki olaraq personal bir həftəlik gərgin çalışmaları ilə otelin sabahına yatırım qoymuş oldu. Bu mənada turist cəlb etmək istəyən Azərbaycan qardaş ölkənin təcrübəsindən geniş yararlanmalıdır...
Obamanın təşəkkürü...
Antalyadakı təşkilatçılıq, zirvəyə münasibət o dərəcədə yüksək səviyyədə idi ki, hətta ABŞ prezidenti Barak Obama da çıxışını Antalya əhalisinə təşəkkürlə başladı. Eyni zamanda fürsət düşən kimi Antalyaya tətilə gələcəyini də qeyd etdi. Dünya liderindən bir ölkə, onun bir şəhəri, bölgəsi haqqında belə xoş sözlər eşitmək sadə məsələ deyil. Ölkələr var on illərdir belə sayğılı münasibət üçün çalışırlar, paralar xərcləyirlər, əlaqələr qururlar.
Antalya bu görəvə layiq oldu. Demək, növbəti turizm mövsümündə bu bölgənin əhalisi bir həftəlik zirvənin bəhərini görəcək. Qazanan təkcə Antalya, Bələk olmayacaq, həm də Türkiyə dövləti qazanacaq, turizmini daha da inkişaf etdirəcək. Deməli, ölkə turizmini inkişaf etdirməyin çox sadə modeli var, Türkiyə nümunəsi göz önündə. İlkin tələb olunan isə budur: “Üzünüzdən gülüşü əskik etməyin!” Qapıdan içəri girən qonağı gülərüzlə qarşılamaq bəzən münasibətin formalaşması üçün yetərli olur. Qardaş Türkiyədə isə gələnlər və ölkələrinə dönənlər isə təkcə gülər üz görmədilər, həm də qeyd etdiyimiz kimi yüksək mədəniyyət nümunələri, gözəl xidmət, hər cür diqqət gördülər. Belə olan təqdirdə bu ölkəyə kim növbəti dəfə qayıtmaq istəməz ki..?
“Can Azərbaycan...”
Kimin nə deməsindən, necə düşünməsindən asılı olmayaraq, Azərbaycanın G-20 zirvəsində iştirakı çox böyük tarixi hadisə idi. Türkiyə, Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Hindistan, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İndoneziya, İngiltərə, ABŞ, Avropa Birliyi + Azərbaycan. Adi məsələ deyil. Təsəvvür edin, sammitin keçiriləcəyi istiqamətdə irəliləyirsən, sammitin keçirildiyi salona baxırsan, bayrağımızın dünyanın lider ölkələrinin bayraqları ilə yanaşı asıldığını görürsən.
Bu baxımdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi zirvəyə dəvəti bir tərəfdən iki qardaş ölkənin birliyinin bir daha təsdiqi, qardaşlığımızın sarsılmazlığının nümunəsiydisə, digər tərəfdən dost-düşmənə verilən ciddi mesaj idi. Cənab Ərdoğanın Azərbaycanın liderlər zirvəsində iştirakına görə Türkiyəni qınayanlara “Azərbaycan ev sahibi idi” cavabı əslində türk düşmənlərinə dəyən şapalaq oldu. Bu, əslində iki qardaşın bir evinin olduğunun növbəti təsdiqi idi. Qonaqların qarşılanması işinə azərbaycanlılar da cəlb olunmuşdu.
Mən universitet tələbələri olan şəkili, bakılı tələbə gənclərimizlə də görüşdüm. Onlar da qürurluydular, sevə-sevə çalışırdılar. Türk düşmənləri çox istərdi ki, zirvənin gedişində sıxıntılar yaşansın, terror aktları törədilsin. Şükür ki, düşmənlər rəzil oldu, Türkiyə dövləti yüksək təhlükəsizlik tədbirləri nəticəsində düşməni sevinməyə qoymadı...
***
Qürurverici daha bir məqam var idi. Sammit boyunca hara getdimsə, türkiyəlilərdən kiminlə görüşdümsə, Azərbaycandan olduğumu bilən kimi “can Azərbaycan”, “Azərbaycan bizim canımız”, “biz qardaşıq” ifadələrini eşitdim. Bir daha əmin oldum ki, son illərdə xarici laboratoriyalarda hazırlanıb dövriyyəyə buraxılan ən müxtəlif layihələrə, hazırlanan kürd-erməni təxribatlarına cavab olaraq Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf edib. Şübhəm qalmadı ki, artıq Türkiyə vətəndaşlarının ürəyində Azərbaycan sevgisi bərqərar olub, onu silib atmaq mümkünsüzdür! Bu insanlar da bizim kimi Qarabağın işğalda qalmasını ağrı ilə qarşılayır, tezliklə türk torpaqlarının azad edilməsi üçün dualarını əsirgəmir, hər cür yardıma hazırdırlar...Mütəəssir oldum!
Mehriban Əliyeva “Yeni Müsavat”a danışmasaydı...
Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın “Yeni Müsavat”a danışmasına müxtəlif yanaşmalar oldu və bu müzakirələr sosial şəbəkələrdə də davam edir. Məsələyə Azərbaycan vətəndaşı, bir qəzetçi baxışından yanaşanlar normal qarşıladı. Ancaq burada da qərəz axtaranlar, qəzetimizə qarşı hirsini, hikkəsini hər anda büruzə verməyə çalışanlar isə müxtəlif iddialarda bulundular. Onların anlaması lazımdır ki, biz bir qəzetçi olaraq (özü də Azərbaycandan sammitdə iştirak edən tək qəzetçi-E.P.) üzərimizə düşən funksiyanı yerinə yetirmişik.
Necə ki, dünyanın 3500 jurnalisti hansı düşərgəni təmsil etməsindən, kimə simpatiya bəsləməsindən asılı olmayaraq, üzərinə düşəni edir, dövlət və hökumət başçılarına müraciət edir, onlardan sammitlə bağlı münasibətini soruşurdu, biz də mümkün olanı etməyə çalışdıq. Təəssüf ki, liderlərin toplandığı “Regnum Otel”in qapıları yalnız azsaylı media təmsilçisinin üzünə açıq oldu, əks təqdirdə prezident İlham Əliyevin də zirvə ilə bağlı baxışlarını öyrənməyə, sammitin Azərbaycana hansı faydalar verəcəyini soruşmağa çalışacaqdıq. Ancaq bu, mümkün olmadısa, prezidentin xanımının münasibətini soruşduq, özü də təhlükəsizlik xidmətinin ünsiyyətə kifayət qədər qadağa qoyduğu situasiyada buna nail olduq.
Birinci ledi də Azərbaycan qəzetçisinin sualına sayğılı reaksiya veribsə, cavablandırıbsa, indi biz bunu təqdir etməyəkmi? Özü də müstəqil qəzet olaraq bizimçün bu cür mühüm xarici auditoriyada yalnız Azərbaycan dövləti, onun maraqları önəmliydi. Elə Mehiban xanım da orada rəsmi, ya qeyri-rəsmi qəzet fərqi qoymadı, özümüzü təqdim etdiyimiz zaman sualımızı cavablandırdı. Biz ölkə məmurlarından da illərdir bu cür sayğılı münasibət istəmirikmi? Görəsən, prezidentin xanımı “Yeni Müsavat”a danışmasaydı, sayğısız davransaydı, biriləri onda nə deyəcəkdilər?
Elşad PAŞASOY
FOTO: “YM”
Bakı-Antalya-Bakı