İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anna Politkovskaya daha impulsiv və maksimalist idi, mən isə bir az soyuqqanlıyam” - Asılmamış portret, FOTOLAR

2480 26.04.2015 11:05 Proje A A


“Bu cəsur jurnalisti yolundan və məsləyindən döndərmək mümkünsüz idi”

“Anna Politkovskaya ölümünü gözləyən adam idi”

Anna Politkovskaya - Elmar Hüseynov kimi mənzilinin qarşısında muzdlu qatilin gülləsinə tuş gələn rusiyalı jurnalist... Düz deyirlər, yolçuluğu eyni olanların taleyi də oxşardı.

“Asılmamış portret”də Anna Politkovskayanın rəsmini çəkməyi Qulu Məhərrəmliyə həvalə etdik. Nə bir az soyuq, bir az nəm, bir azca da dağınıq hala düşmüş kafe, nə də ümumi zaldakı səs-küydən qaçaraq, pənah apardığımız balaca otağın közərən işıqları portretin çizilməsinə əngəl oldu...

- Qulu müəllim, öncə Anna Politkovskayanın portretini çəkin...

- Bir neçə il əvvəl Brüsseldə Avropa Birliyi Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə edirdi. Tədbir Anna Politkovskayanın adını daşıyan böyük salonda idi. Mən onda bu cəsur jurnalistin xəyali portretini özüm üçün təxminən belə cızmışdım: ağıllıdır, qorxmazdır, parlaq əqidə sahibidir, dönməz xarakteri var, onu ələ almaq, məsləyindən döndərmək, sındırmaq mümkün deyil, istedadlı olduğu qədər də ədalətlidir, həmişə məzlumların yanındadır, yalana, şərə və zalımlara qarşıdır. Öz xalqını ürəkdən sevir, ağrıları ilə yaşayır, işıqlı sabah üçün çarpışır. Ancaq eyni zamanda qadınlığından irəli gələn incə bir romantizmi də var. Bu, talenin onun boyuna biçdiyi missiyanı gerçəkləşdirməyə qətiyyən mane olmur. Təbii ki, düşüncələrimin hamısı keçmiş zamana aiddir. Artıq Anna 9 ildir ki, qətlə yetirilib.


- Əgər rəssam olsaydınız, onun həyatına nələri daxil edərdiniz?

- Haqsızlığa qarşı mübarizlərdə keçən həyatının işığını və rənglərini bir az artırardım, ona azacıq əlvanlıq qatardım. Çünki Annanın ömür səlnaməsində qara rənglər hədsiz çoxdur. O, Rusiyanın sabahı, ədalət və demokratiya uğrunda vuruşurdu. Ümidsiz deyildi, Allaha və ədalətə inanırdı...


- Qulu müəllim, jurnalistin vətəndaş mövqeyi olmalıdır, yoxsa..?

- Jurnalistin vətəndaş mövqeyi peşəsinin tələb etdiyi əsas prinsipə, həqiqətin yanında olmağa, doğrunu söyləməyə əsaslanır. Bu mənada Anna Politkovskayanın vətəndaş mövqeyi bütün ömrü boyu sadiq qaldığı jurnalistika prinsiplərindən qaynaqlanırdı. O, Rusiya hakimiyyətini, korrupsiya və rüşvətə qurşanmış məmurları, xalqın cibinə girənləri, ölkənin büdcəsini soyub-talayanları amansız şəkildə tənqid edirdi. Çalışdığı “Obşaya qazeta” və “Novaya qazeta”da bir-birindən kəskin məqalələri və jurnalist araşdırmaları çap olunurdu. Anna jurnalist peşəsinin ən layiqli təmsilçilərindən idi. O, öz işiylə ürəkdən məşğul idi, ictimai fəaliyyətində də sərhədləri aşmırdı. Böyük cəsarətlə insanlara gərək olanları deyirdi, hər addımda xalqı aldadan hökumətin iç üzünü açırdı, həqiqəti söyləyirdi, doğrunun üzə çıxması üçün çarpışırdı. Bu mənada, xanım jurnalist, həm də parlaq vətəndaş mövqeyi nümayiş etdirirdi. Yəni boş-boş vətənpərvərlikdən, ölkəni sevməkdən danışmırdı, ölkəsini gələcəyə aparan yolun üstündə yığılmış zibilləri təmizləməyə çalışırdı.


- Anna Politkovskaya vətəndaş kimi də çox fəal idi. Məsələn, 2002-ci ildə Moskva teatrında çeçen yaraqlıları yüzlərlə adamı girov götürəndə, Politkovskaya silahlılarla danışıqlar aparmışdı...

- Onun vətəndaş və hüquq müdafiəçisi kimi fəallığı Annanın jurnalist peşəsinə qətiyyən mane yaratmırdı. Əksinə, burada birləşən, çarpazlaşan çox şeylər vardı. Anna Politkovskaya bir media adamı və vətəndaş olaraq, bəşər mədəniyyətinə Dostoyevski kimi bir dühanı vermiş xalqın firavan, yalan və riyasız yaşamasını istəyirdi. Bu ideallarına görə Rusiya cəmiyyətində hamı - dost da, düşmən də onu vicdanlı, dürüst insan sayırdı. Ona görə də, Dubrovkadakı teatr mərkəzində adamları girov götürən çeçen döyüşçüləri, məhz Annanın iştirakı ilə danışıqları mümkün saymışdılar. Həmin hadisələr vaxtı o, hüquq müdafiəçisi Leonid Roşal ilə birlikdə insanların azad olması üçün xeyli iş görə bilmişdilər. 


- O, Rusiyanın Çeçenistan siyasətini də tənqid edirdi...

- Bəli... Anna Politkovskaya Rusiyanın Çeçenistan siyasətini kəskin tənqid edirdi. Yüzlərlə vətəndaşın, xüsusən də, qocaların, qadınların və uşaqların müharibə əzablarından yazırdı, savaşları hərbi elita və generallar üçün “yem mənbəyi” adlandırırdı. O, Çeçenistanın dinc sakinlərinə divan tutan ölkəsinin hüquq-mühafizə orqanlarının istintaq metodlarını da ifşa edirdi. Təbii ki, bu tənqidlər hakim dairələrdə müəyyən nifrət və qisasçılıq hissi yaradırdı. Dövlət Dumasında bəzi sarsaqlar onu “rus xalqının və Rusiya dövlətinin düşməni” adlandırırdı. Hədələyirdilər, həyatına qəsd etməyə çalışırdılar. Ancaq bu cəsur jurnalisti yolundan və məsləyindən döndərmək mümkünsüz idi... 


- Anna Azərbaycanda yaşasaydı, Putin Rusiyasındakı kimi sərt yazılar yaza bilərdi? 

- Mən əminəm ki, yazardı. Ancaq taleyi necə olacaqdı, onu deyə bilmərəm. Əgər insan həqiqətin yanındadırsa, qorxulu mühit belə, onun vecinə deyil, doğru bildiyini hər zaman, ta susdurulana qədər söyləyəcək. Belə jurnalistlər həmişə və hər yerdə, o cümlədən, bizdə də olub və yenə də var.

- Siz Rusiyada yaşasaydınız, Annanın yazdıqlarını yaza, onun kimi fəal ola bilərdiniz?

- Rusiyada yaşasaydım, oradakı söz və mətbuat azadlığının hüdudları mənə təxminən Vladimir Pozner kimi olmağa imkan verəcəkdi. Çünki bir media adamı kimi Anna Politkovskaya ilə jurnalist tərzim arasında müəyyən fərqlər var. Onu daha mübariz və daha cəsur hesab edirəm, Qulu Məhərrəmlinin həqiqəti ifadə tərzi isə bir az fərqlidir. 


- Anna Politkovskayanın yazdıqlarından, vətəndaş kimi fəallığından nələri deyə bilərsiniz ki, bu gün Qulu Məhərrəmli onları edə bilməyib?

- Annanın formalaşdığı Rusiya jurnalistika mühiti bir qədər fərqlidir. Burada media üzərində təkcə hakimiyyət yox, həm də bu hökumətə təsir gücü olan oliqarxlar ağalıq edirlər. Politkovskaya kimi jurnalistlər nə Putin hakimiyyətinə, nə də azğın oliqarxlara tabe idi. O, Tanrının verdiyi ömrü yaşadı və istənilən mühitdə vicdanlı jurnalist şəxsiyyətinin nə demək olduğunu cəmiyyətə anlatdı. Bizdə isə situasiya bir az fərqlidir. Təbii ki, çox fəal, susmadan tənqid edən, maksimalist, kimlərəsə meydan oxuyan jurnalist obrazım yoxdur. Bununla yanaşı, məni Annayla birləşdirən ümumi cəhətlər də var: həqiqətin yanında dayanmaq və şərdən uzaq durmaq... Çox şirnikləndirici situasiyalar ortaya çıxsa da, bir media adamı kimi heç vaxt şərin yanında olmamışam, ona xidmət etməmişəm.


- Bir zamanlar Səddam Hüseyndən, Hüsnü Mübarəkdən, Qəddafidən müsahibə almaq istəyini dilə gətirən Qulu Məhərrəmli kəskin tənqidlərə tuş gəldi...

- Elədir ki var, gənc dostlarımız bizi belə bir istəyə görə tənqid atəşinə tutmuşdular. Ancaq vəziyyət xeyli mürəkkəbləşib, nə Səddam Hüseyn, nə də Qəddafi var. Mənə elə gəlir ki, yavaş-yavaş bütün dünyada diktatorları dənləyirlər. İndi baxın, Şərqdə və ərəb ölkələrində nələr baş verir?

- Anna Politkovskaya və Qulu Məhərrəmli... Aranızda daha hansı fərqlər var?

- Mən fərqlərin bir qismi haqqında danışdım. Məncə, Anna xaraktercə daha impulsiv və maksimalist idi. Qulu Məhərrəmli isə bir az soyuqqanlıdı. Bilmirəm, bəlkə də Anna televiziyada çalışsaydı, heç bu qədər əl-qol aça bilməyəcəkdi. Çünki TV jurnalistə bir az başqa şərtlər diqtə edir, ilk növbədə həssaslığı və təhlükəni artırır...


- Müsahibələrinin birində “Necə olub ki, mən indiyə qədər sağ qalmışam? Bu haqda düşünəndə görürəm ki, möcüzədi” demişdi...

- Dəfələrlə onun həyatına qəsd olunub. Xüsusi xidmət orqanları Annanı daim izləyirdilər. Çeçenistandakı müharibə, ölkəsindəki korrupsiya, generalların törətdikləri işlərlə bağlı təqdim etdiyi faktlar cəmiyyəti silkələyirdi. Bütün bunlar avtoritar ölkədə onun ölümünü yaxınlaşdırırdı. Baxın, Rusiyada qətlə yetirilənlər əksər vaxtı öz mənzillərinin qarşısında güllələniblər.

- Bizdə də Elmar Hüseynovu bu şəkildə qətlə yetirdilər...

- Bəli... Hamısı tanış dəsti-xətdir. Anna Politkovskaya ölümünü gözləyən adam idi. Bütün bunları bilə-bilə məsləyindən dönməməsi onun böyüklüyünü göstərir. Anna məhz buna görə bir dəyərdir.

- İndi çəkdiyiniz rəsmi kimsə portret halına salıb, sizə təqdim etsə, onu başınızın üzərindən asarsız?

- Əgər, bu söhbətdən bir portret alınarsa, şad olaram.

Ramin DEKO,
Xüsusi olaraq musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR