İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaranın qədim qalasında...son iki ildə turist sayında xeyli azalma var - FOTOREPORTAJ

2636 28.10.2017 21:30 Reportaj A A


Türkiyənin İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) "Anadolu" xəbər agentliyi ilə birgə Ankarada xarici jurnalistlər üçün təşkil etdiyi "Enerji müxbirliyi" kursu davam edir. Kurs çərçivəsində, iştirakçılar Ankaranın tarixi yerlərinə də aparılıb.

Musavat.com-un əməkdaşı olaraq biz də bu fürsətdən istifadə edib, bir reportaj hazırladıq.

İlk olaraq məşhur Ankara qalasında olduq. Mənbələrdə qeyd olunur ki, bu qalanın nə zaman tikildiyi məlum deyil. Lakin ehtimal var ki, qala Hitit tayfaları tərəfindən tikilib. Roma, Bizans və Səlcuqlar dönəmində bir neçə dəfə təmir edilən Ankara qalası, təpənin yüksək hissəsini örtən iç qala və ətrafını əhatə edən xarici qaladan ibarətdir (xarici qalanın 20-yə yaxın qülləsi vardı). Xarici qala Ankara köhnə şəhərinə çevrilir. Daxili qala təxminən 43.000 kvadrat kilometr məsafədədir. 14-16 m yüksəklikdəki divarlarda, 5 küncdən ibarət 42 qüllə var. Xarici divarları şimal-cənub istiqamətində təxminən 350 m, qərb-şərq istiqamətində isə 180 m-dir.

Bu gün qala içərisində müxtəlif dövrlərdən qalan bir çox köhnə evlər var. Ərazi quruluşunun düz olmaması səbəbindən bəzi evlərin içərisi də əyridir. Lakin bütün evlərin üstü demək olar ki, eyni cürdür və bir çoxları da artıq aşıntıya məruz qalıb. Tarixi mənbələrdə qeyd olunur ki, 1640-ci ildə Ankaraya gələn Övliya Çələbi, şəhəri və şəhərdəki həyatı detallı şəkildə izah edib. O, Ankara qalası barəsində aşağıdakıları deyib:"Ankarada yüksək bir dağın təpəsində dörd qat ağ daşdan tikilmiş möhkəm bir qala vardır. Qala iç -içə üç qat sütunlar ibarətdir. Daxili qalanın ətrafı qayalıqdır. Bu qayalardan qalaya dırmaşmaq çox çətindir. Daxili qalada toplar, müxtəlif silahlar, sursat və 600 ev var".

Bu gün isə qala ətrafında olan evlər öz yerində qalsa da təbii olaraq hansısa silahdan, topdan əsər-əlamət yoxdur. Qalaya gedən yolun hər iki tərəfində mağazalar var ki, burada da müxtəlif bəzək əşyaları, qablar satılır. Bu əşyaların alıcıları isə əsasən turistlərdir. Yeri gəlmişkən, Ankaranın satıcıları iki ildir turistlər sarıdan problem yaşadıqlarını bildirdilər. Onlarla söhbətimiz zamanı söylədilər ki, məlum terror hadisələrindən sonra Ankaraya turistlərin axınında ciddi şəkildə azalma var. Bu isə birbaşa olaraq onların yaşamlarına təsir edir. Qala ətrafında yaşayan satıcı Qədir bildirdi ki, əgər əvvəllər bütün ölkələrdən çoxsaylı turistlər gəlirdisə, bu il daha çox çörək pullarını koreyalılardan çıxarırlar:

“Nə qədər qazansaq da, şikayətlənmirik. Şükür edib, işimizə davam edirik. Ancaq ümumilikdə götürəndə turist sayında hiss edilə biləcək qədər azalma var. Məsələn, iki il öncə çinlilər, ruslar, ingilislər, almanlar çox gəlirdilər. İndi isə əsasən koreyalılardır. Bir də bayram günləri, həftə sonları məktəblilər, şəhərimizdə təhsil alan tələbələr buraya üz tuturlar. Onların da əsas məqsədi qalanı görmək, Ankaraya yuxarıdan baxmaqdır. Yəni bu təbəqə bizim qazancımıza təsir etmir. Azərbaycanlı qardaşlarımız da buraya tez-tez gəlirlər. Sağ olsunlar, gəldikləri zaman alış-veriş də edirlər. Sizləri özümüzdən bilirik. Ona görə də azərbaycanlıları görən zaman nə gücümüz çatırsa, təklif edirik”.

Onu da qeyd edək ki, qalaya qalxan yolda müxtəlif maqnit suvenirlər, təsbehlər, bilərziklər satan əsasən yaşlı insanlar elə həmin ərazidə yaşayanlardır. Onlardan bəziləri öz evlərinin qarşısına kiçik piştaxta qoyub, turistləri satdıqları əşyalara cəlb etmək üçün dayanmadan səsləyirlər. Əksəriyyət də onların bu çağırışlarını cavabsız qoymur.

Qalanın içərisində isə bir nəfər skripka çalan şəxsə rast gəldik. O, həm skripkada ifa edir, həm də mahnı oxuyurdu. Söhbətə o qədər də meylli deyildi. Bildirdi ki, danışarsa ifa edə bilməz, ifa edə bilməzsə, kimsə onun qabına pul qoymaz...

Ankara qalasında olduğumuz zaman xeyli gözəlliklərin şahidi olduq. Lakin nöqsanlar da yox deyildi. Məsələn, qalanın ətrafında nəzarət yoxdur. Kifayət qədər hündür qalanın divarları üstündə isə təhlükəsizliklə bağlı heç bir tədbir görülməyib. Yəni divarların kənarlarında hansısa maneə yoxdur. Əgər ayağın sürüşdü, başın gicəlləndisə, səni tutacaq kimsə və nə isə yoxdur. Bundan əlavə isə təəssüf ki, bura gələn turistlər də qalanın içərisini təmiz saxlamırlar...
Ankara qalasından sonra “Hamamönü” deyilən ərazidə də olub, buranı da fotoya aldıq...

Əli Rais
Musavat.com
Ankara

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR