İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada jurnalistlər üçün kurs təşkil olunub: Azərbaycandan 6 nəfər iştirak edir- Fotolar

867 23.10.2017 20:49 Media A A

Bu gün Türkiyənin İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) və "Anadolu" agentliyinin birgə təşkilatçılığı ilə Ankarada xarici jurnalistlər üçün "Enerji müxbirliyi" kurslarına start verilib.

Kurslarda “Yeni Müsavat”ın əməkdaşı da daxil olmaqla Azərbaycandan 6, Qırğızıstan, Ukrayna, Özbəkistan və Monqolustandan ümumilikdə 20 nəfər iştirak edir.

Təlim kursunun ilk günü keçirilən açılış mərasimindən dərhal sonra dərslərə başlanılıb. Tərtib olunan proqrama əsasən dərslər həftə içi hər gün olmaqla saat 9:30-dan 17:15-ə qədər davam edəcək. Ümumilikdə isə jurnalistlər kursun son gününə (17 noyabr) qədər “Enerji müxbirliyi” mövzusunda keçirilən müxtəlif dərslərə qatılacaqlar.

O da bildirilib ki, iştirakçılar Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Enerji Bazarının Tənzimlənməsi İdarəsi (EPDK) və "Türkiye Petrolleri" dövlət şirkətinin ekspertləri ilə təmasda olacaqlar. Bundan başqa, "Anadolu" agentliyinin energetika üzrə redaktorları, Ankara Universitetinin, Yaxın Şərq Texniki Universiteti, Enerji Hüququ Araşdırma İnstitutu və Enerji Bazarları və Siyasət İnstitutunun professor-müəllim heyəti kurs iştirakçıları ilə biliklərini bölüşəcəklər.

Kursun ilk günü iştirakçılara “Anadolu” agentliyinin redaktor və rəhbər şəxsləri enerji sahəsi üzrə xəbərin necə yazılması, daha çox nələrə diqqət edilməsi ilə bağlı incəlikləri anladıblar. Eyni zamanda ilk gün iştirakçılar “Anadolu” agentliyinin enerji sahəsi üzrə fəaliyyəti və tətbiq etdiyi yeniliklər mövzusunda nəzəri biliklər əldə ediblər.

Hər həftə sonu iştirakçılardan keçdikləri dərslər üzrə imtahan götürüləcək. Kursun son günü isə bütün nəticələri yüksək olanlar müvafiq sertifikatla mükafatlandırılacaqlar.

İştirakçılara bildirilib ki, bu cür kurs “Anadolu” agentliyi tərəfindən artıq ikinci dəfədir ki, keçirilir. Lakin birinci kurs yalnız onların öz əməkdaşları üçün nəzərdə tutulub. Qeyd edilib ki, dünyada sosial medianın getdikcə insanların həyatındakı yeri genişləndiyi üçün müxbirlərin konkret sahələr üzrə peşəkarlaşmağına ehtiyac yaranır. Bu kimi kursların təşkil olunmasında səbəblərdən biri də budur.

Onu da qeyd edək ki, kurs günlərində iştirakçılar təkcə nəzəri biliklər almayacaqlar. İştirakçılara Ankaranın müxtəlif yerlərində praktik təlimlərin keçirilməsi nəzərdə tutulub.

Əli Rais, musavat.com
Ankara

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR