Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra, gözlər yenidən Ankaraya çevirilib.
Avropa.info xəbər verir ki, bu dəfə ölkəni və seçimin qalibi AK Partiyanı idarə edəcək 140 nəfərin adları bəlli olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı və MHP sədri Dövlət Baxçəlinin də dəstəyi ilə qurulacaq yeni hökumət sistemi inaqurasiyadan sonra açıqlanacaq. Burada ən çox maraqlı olan məsələ yeni sistemdə kimlərin vəzifə alacağıdır.
Yeni sistemdə Prezident kabineti adlandırılan 16 nəfər, ən az üç vitse-prezident , Prezident Təşkilatında yer alan 9 assambleya sədri, 4 ofis rəhbəri, TBMM sədri və sədr müavinləri, qrup rəhbəri, qrup səədrinin vəkilləri və nazir müavinlərinin kimlər olacağı maraq doğurur. Bu siyahıya sentyabr ayına qədər keçiriləcəyi gözlənilən AK Partiyanın böyük konqresindən sonra müəyyən olunacaq 51 nəfərlik MKYK ilə 16 sədr müavinini də daxil etsək, cəmi 140 nəfərlik bir idarə heyəti formalaşdırılmalıdır. Həmçinin, səfir, vali və baş direktor səviyyəsindəki 500 bürokratı da hesaba qatdıqda 700 nəfərlik nəhəng bir kadr heyəti yenidən formalaşdırılacaq.
Siyasi müşahidəçilərə görə, iyul ayı ərzində açıqlanması gözlənilən yeni kabinetdə, hazırda xidmət edən bəzi müşavirlərin də yer alması gözlənilir. Ərdoğanın fəaliyyətindən məmnun olduğu ən az üç köməkçisinin hökumətə alacağı iddia edilir. Prezident sözçüsü İbrahim Kalın ilə Naci Ağbal da hökumətdə yer alacaq adlar arasında sayılır. Avropa Birliyi naziri Ömər Çelikin İbrahim Kalının yerinə keçəcəyi gözlənilir.
Yeni hökumət sistemind parlament sədri vəzifəsinin əhəmiyyətli olması səbəbindən həm TBMM sədri,həm sədr vəkilləri, həm qrup sədrinin müavinləri, həm də komissiya sədrləri həlledici mövqedədir. Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün Binəli Yıldırımın, partiyanın qrup rəhbərliyi üçün isə Bəkir Bozdağın adı ön plandadır. Ərdoğanın qrup sədr vəkilliyinə keçmiş nazirlərdən güclü simaları göndərəcəyi və bəzi nazirlərin də komissiya sədri vəzifəsini üzərinə götürəcəyi iddia edilir.






