İnsanlara hürriyət, millətlərə istiqlal!

ANALOQU OLMAYAN DOMBALAQ AŞMA

1654 02.03.2010 09:23 Yazarlar A A
Bu əcnəbilər bunları Kanadada Vankuver Qış Olimpiya Oyunlarında nə təhər biabır elədisə, kim olsa, bir də “olimpiya” sözünü dilinə alıb danışmaz, başını xizəkçi çomağına vurar, adam arasına çıxmaz, kitabxanalar, təhsil, mədəniyyət sahələri kimi idmanı da birdəfəlik ləğv eləyər. Bəs hanı, nooldu sizin o “ölkəmizi zirvələrə daşıyan, uğurlu, dinamik inkişaf edən idman siyasətiniz”? İdmana atalıq-balalıq qayğısı? “Dünya standartlarına uyğun” tərifli idman infrastrukturunuz? Analoqu olmayan olimpiya-idman kompleksləriniz? Yoxsa onlar da Nots kimi müvazinətini itirib dombalaq aşdı?
Adam da bir anbar pul verib 36 yaşlı idmançı alar? At atdır, onu da dişinə baxıb alırlar, qocasına “yabı” deyib pul vermirlər. Fağır Nots pensiyaya çıxmağa hazırlaşdığı yerdə yazığı tutub deyirlər ki, yox e, qırxdır, biri əskik deyil, tut bu pulu, gəl bizim üçün sürüş. Bu qədər xərc çəkib İsveçrədən, Amerikadan buzda-qarda sürüşə bilən qoca-qarını gətirmək nəyə lazım idi - anlamıram. Əgər onlar gedib 73 idmançı arasında 72-ci olacaqdısa, azı iki ətək pulu onlara yedirtməkdənsə qış olimpiya oyunlarına elə öz nazirlərimizin bir canısulusunu göndərmək daha yaxşı olmazdımı?
Məsələn, biri elə gənclər və turnik naziri Azad Rəhimov yoldaş. Maşallah, buz baltası kimidir. Bunu ötən ilin dekabrında özü də etiraf elədi ki, üzgüçülük sahəsində vəziyyət faciəvidir. Sonra da boksdan söz salıb buyurdu ki, bu sahədə də vəziyyət çox pisdir. Dalınca isə aydırdı ki, mən və müavinlərim İsmayıl İsmayılovla İntiqam Babayev güclü insanlarıq, deyirəm bəlkə boks yarışlarına yığmanın əvəzinə biz qatılaq, uğur qazana bilərik.
Azad yoldaşa şans vermək pis olmaz. Mən də deyirəm indən belə olimpiadalara bəlkə onu göndərək?! Nə deyirsiniz, yoldaş YAP-çılar? Həm pul özümüzə qalar, həm də milliləşdirmək, pasport düzəltmək kimi sarsaq işlərdən canımız qurtarar. O biri olimpiadaya qədər hələ 4 il var. Olmasın 300-400 min manat, Azad yoldaşı hər qış dövlət büdcəsi hesabına yollayarıq Soçiyə, həm xalq yolunda gərgin əməkdən sonra dincələr, həm də xizək sürər, məşq eləyər, öyrənər. Nə qədər olmasa da Nots kimi 72-ci yerə çıxmaz. Güclü insandır.
Ya da ekologiya naziri Hüseyn Bağırov yoldaş. Dağ-dərə qalmadı çıxıb-düşməsin. Tfu, tfu, namxuda, o da sapsağlamdır. İnişil dekabrda 42-45 dərəcə şaxtada Antarktidada qar-buz dağları üstündə sürüşə-sürüşə 5140 metrlik Vinson zirvəsinə dırmaşdı. YAP-ın uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin şəninə ora şüar asdı, neçə həftə qarda-çovğunda adamsız yerləri dolaşdı, bircə dəfə də asqırdığını eşitmədik. Nə də Nots kimi müvazinətini itirib yıxılmadı. Bu uğurdan ruhlanan Hüseyn bəy ötən ilin avqustunda da 15-20 dərəcə şaxtada 5895 metrlik Kilimancaro dağına quş kimi qalxdı, heç tövşüyüb-eləmədi də. Azad yoldaş kimi ondan da yaxşı olimpiya xizəkçisi çıxar.
Dəhşətli dərəcədə intellektual və çox ağıllı milli reklam çarxımızda da deyildiyi kimi, öz musiqimiz, öz pomidorumuz. Bizim YAP hökumətinin işi bu xaricilərlə heç düz gətirmir də. Nə iş görsə də, hansı gözəl ideyadan yapışıb pul xərcləsə də adı xaricilərin qayırdığı korrupsiya siyahılarında lap öndə olur. Pekin Yay Olimpiya Oyunlarında medal qazansın deyə xaricdən 3 milyona at alırlar - gedib dombalaq aşır. Vankuver Qış Olimpiya Oyunlarında yer qazansın deyə xaricdən adam alırlar - o da gedib dombalaq aşır.
Yayı elə, qışı belə... Bəlkə olimpiadanı yaza - qan qaynayan vaxta keçirələr? Neft Fondunda hələ kalan pulumuz var. Hara fırlatsan da o pulu onsuz da xaricilər basıb yeyir, millət də baxa-baxa qalır. Nə deyirsiniz, yoldaş YAP-çılar, bəlkə hökumətinizə başa salasınız, BOK-a puldan basıb sırf bizim ölkənin uğurlu idman siyasətinin və yoncanın çıxması xətrinə yaz olimpiadası qayırtdırsın, ora eşşək minmə idman növü də saldırsın?! Yaxşı eşşəklərimiz var...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR