İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana övladlarını cinsi əlamət üzrə fərqləndirmədən tərbiyə etməlidir

1115 23.02.2016 09:20 Siyasət A A
BMT İnkişaf  Proqramının 2012-ci il üzrə hesabatında verilən məlumatlara əsasən, əhali arasında qadınların 67%-i, kişilərin 77%-i işlə təmin edilib. Bu zaman qadınların orta əmək haqqı kişilərinkinin cəmi 44%-ni təşkil edir . Bu əyrilik qadınların, bir qayda olaraq, kiminsə himayəsində olduğu haqqında geniş yayılmış fikirlə “izah” edilir. Lakin əmək haqqındakı fərq iş yerində gender bərabərsizliyinin yeganə əlaməti deyil. Statistikaya görə, qadınlar daha az rəhbər vəzifələr tuturlar; yəni dövlət sektorunda 22% və özəl sektorda cəmi 5% .

Qadının mövqeyini ailədə ənənəvi vəzifə bölgüsü prizmasından qiymətləndirmək olar. Məlumdur ki, Azərbaycanda qadın əsasən həyat yoldaşı və ana kimi özünü göstərir. Bundan əlavə, Azərbaycanda qadınlarda ümumi təhsil səviyyəsində çatışmazlıq hiss edilir. Gənc qadınlar arasında təhsil çatışmazlığı bərabərsizliyin əsas səbəbidir. Kamil insan olduqca, onlar tək iş yerində deyil, bütövlükdə cəmiyyətdə də bərabərsizliklə qarşılaşırlar. Təhsil səviyyəsinin qeyri-adekvatlığı onlar üçün qərar qəbul etməyi tələb edən vəzifələrin əksəriyyətini əlçatmaz edir. 

Analar özləri çox vaxt gender bərabərsizliyi vərdişlərini gənc nəslə ötürürlər. Onu dəyişdirmək üçün ana övladlarını bərabər əsaslarla, cinsi əlamət üzrə fərqləndirmədən tərbiyə etməlidir. Biz özümüzü elə aparırıq ki, sanki oğullarımız ev işlərini görə bilməz. Eyni zamanda, qızlarımızın onlara yemək verməsini, paltarlarını yumasını normal hesab edirik. Belə uşaqların yaşa dolanda bir-birinə bərabər münasibət bəsləyəcəyini necə gözləmək olar?

Məlumdur ki, neft-qaz sektoru Azərbaycanda ÜDM-n 48,7%-ni təşkil edir (2011-ci il) . Lakin qadınlarımızın bu sektorda iştirak payı məhduddur, cəmi 10% . Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 №-li Qərarı ilə zərərli və ağır şəraitlə əlaqədar (əsasən sənaye və kənd təsərrüfatında) qadın əməyinin tətbiqi qadağan edilir . Belə qərar müsbət hüquqpozma prinsipi üzrə qəbul edilib.

Qadınlar səhiyyə və əhalinin sosial müdafiəsi (76,5%), təhsil (67,7%) kimi sektorlarda üstünlük təşkil edirlər . Lakin bu sektorlarda əmək haqqı normal həyat şəraitini təmin etmək üçün çox aşağıdır. Özəl sektorda, daşınmaz əmlak, rabitə, heyətlə iş və xidmət sektorlarında qadınlar digər sahələrlə nisbətdə daha yaxşı təmsil ediliblər.  Qadınların işdə sınaq və səhvlərə görə daha az şansları var. Biz kişi cinsindən olan həmkarlarımız qarşısında özümüzü əvvəlcə qadın kimi, sonra isə rəhbər kimi təsdiq etməliyik. Özünütəsdiq imkanı tək davranışımızdan və xarici görünüşümüzdən deyil, ünsiyyət tərzimizdən də asılıdır. Səni eşitsinlər və hörmət etsinlər deyə, “mən düşünürəm” deyil, “biz etməliyik” demək lazımdır.

Qadın sahibkarlarımız çox maneələr dəf edərək nələrəsə nail olmağa çalışırlar. Hökumətin planlarına və beynəlxalq təşkilatların təşəbbüslərinə baxmayaraq, qadınların yalnız 17%-i sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu aşağı göstəricinin səbəbi öz biznesini başlamaq istəyənlər üçün təlim proqramlarının və treninqlərin çatışmazlığı, habelə  biznes üçün ilkin maliyyələşməni alarkən kredit faizlərinin yüksək olması və digər bu kimi amillər ilə izah etmək olar. Bu sahədə aparılmış tədqiqata əsasən, kiçik və orta sahibkarlıqda qadınlar 8-14% təşkil edirlər . Qadınlar biznesə əsasən ticarət və kənd təsərrüfatı sahəsində başlayırlar, həmçinin toxuculuq məmulatlarının satışı üzrə mağazalar və estetik tibb mərkəzləri açırlar, kişilər isə əsasən tikinti və xidmət sahələrində işləyirlər. Kişilərə nisbətən qeyri-rəsmi ödənişə qadınlar daha həssasdırlar. Məsələn, qadınlar çox vaxt icazə alarkən və müəssisələrdə yoxlamalar keçirərkən, qeyri-rəsmi ödənişlər onları fəaliyyətlərindən vaz keçməsinə səbəb olur. Sahibkarlıq təşəbbüsünü məhdudlaşdıran bu amillər mütləq aradan qaldırılmalıdır.  

Hətta peşəkar perspektivlər və təhsil almaq imkanları olduqda belə, gender bərabərliyinə gedən yol uzun və qeyri-müəyyən olacaq. Onun təşəkkülü üçün qadınların daşıdığı ənənəyə çevrilmiş davranış normalarını və ictimai-sosial yüklərin yenidən qiymətləndirilməsi  vacibdir. 

Həcər ABBASLI
Ümid Partiyası sədrinin
Gender məsələləri üzrə müavini


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR