“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatların yaydıqları açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda, bu təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar veriblər.
Qeyd edək ki, ekspertlər bu təşkilatların Ermənistanın klaster silahlarla mülki bölgələrə hücum edilməsini pisləyən açıqlamalarla çıxış etmələrinin önəmli hesab edirlər. Həmçinin, Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən Bərdə şəhərinə açılan atəş ABŞ-ın “Vice News” kanalının müxbirləri tərəfindən də lentə alınıb. Açıqlamalarda o da qeyd olunub ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Bu faktın özü də bəyanatlarda qeyd edilib.

Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə çıxış edən birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da açıqlamasında bildirib ki, bu təşkilatların fəaliyyətinin də effektiv nəticəsi olacağını gözləyirlər: “Human Rights Watch və “Amnesty İnternational” təşkilatları Azərbaycan şəhərlərinə kasetli raketlər atıldığını təsdiqləyib. Bu təşkilatların fəaliyyətinin də effektiv nəticəsi olacağını gözləyirik”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də mətbuata açıqlamasında iki beynəlxalq təşkilatın bu addımını müsbət qiymətləndirib: “Amnesty International” və "Human Rights Watch"un qərarları Ermənistanın müharibə qaydalarını pozduğunu bir daha təsdiqlədi. Bu qərarlar müsbət qarşılanmalıdır. Nəhayət dünya ictimaiyyəti və ayrı-ayrılıqda müxtəlif təşkilatlar Azərbaycanın səsini eşitməyə başlayıb. Çox təəssüf ki, bu günə kimi Azərbaycanın işğal olunmuş ərazilərdə vətəndaşların mülkiyyət hüquqlarının məhv edilməsi ilə bağlı hər hansı bir beynəlxalq təşkilatlardan fikirlər səsləndirilməmişdir. Münaqişə başlayandan sonra da ermənilər legitim hərbi hədəflərə yox, mülki obyektlərə və vətəndaşlara münasibətdən kültəvi qırğına səbəb olan silahlardan istifadə etmişdi. Düşmən uzun mənzilli və kaset tipli raketlərdən istifadə edərək, bütövlükdə humanitar hüququn pozulması istiqamətində geniş addımlar atmışdı. Ancaq beynəlxalq təşkilatlar buna da səssiz qalmışdılar. Nəhayət ki, “Amnesty İnternational” Bərdə şəhərinə gələrək orada müəyyən tədqiqatlar apardılar. Nəticədə məlum oldu ki, Ermənistan tərəfindən kasetli bombalardan istifadə olunub. Daha sonra "Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib. Bildiyimiz kimi, kasetli bombalar qadağan edilmiş silahlar siyahısındadır. Belə ki, onlar kütləvi qırğın yaradır və hüquqa görə belə silahlar qadağan edilib. Bütün hallarda da bu silahdan istifadə edən tərəf məsuliyyətə cəlb olunmalıdır. Çünki bu, müharibə qaydalarının pozulmasıdır və bu cür silahdan istifadə etmək bütün qanunların pozulması deməkdir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri , politoloq Elxan bildirdi ki, sözügedən iki təşkilat Qərbdə çox ciddi təşkilatlar kimi qəbul olunur və bir çox dövlətlərin rəsmi qurumları məhz bu təşkilatın hesabatlarına, açıqlamalarına, bəyanatlarına əsaslanırlar: “Biz bir qədər narazı idik ki, bu təşkilatlar baş verənlərə ciddi reaksiya vermirlər. Ancaq sonradan gördük ki, onlar ermənilərin dinc sakinləri qadağan olunmuş silahlarla bombalamasını açıqladılar və pislədilər. Bu, Azərbaycan üçün çox müsbət hadisədir, bir çox Qərb dövlətləri bu bəyanatla hesablaşmaq məcburiyyətində qalacaqlar. Bu həm də bizə olan təzyiqləri bir qədər azaltmağa xidmət edə bilər. Çünki müharibə başlayandan bu yana bizə qarşı birtərəfli təzyiqlər olurdu. Amma indi bu hesabatları oxuyan özü üçün mənzərəni aydınlaşdıracaq və bu bizə olan təzyiqləri azaltmağa xidmət edə bilər”.
Bundan sonra, Azərbaycan öz həqiqətlərinin beynəlxalq səviyyədə təsdiq edilməsi üçün beynəlxalq təşkilatlarla daha ciddi çalışmalı, sıx əlaqə qurmalıdır fikrinə münasibət bildirən politoloq vurğuladı ki, burada iki məqama diqqət yetirmək lazımdır: “Birinci məqam odur ki, dünyada və Qərbdə bir çox beynəlxalq təşkilatlar, qüvvələr erməni lobbisinin təsiri altındadır, onlara nə qədər həqiqəti söyləsək də, inkar edəcəklər, yalan deyəcəklər. Bir qrup mərkəzlər də var ki, onlarla ciddi işləmək olar. Onlara da erməni lobbisinin təsiri böyükdür, lakin onlara faktları verəndə, real mənzərəni göstərəndə, aydınlaşdıranda, ədalətli hesabatlar hazırlayırlar. Bu gün Fransanı tənqid edirik, ancaq onu da gördük ki, fransız reportyor gəldi, cəbhə xəttindən yaxşı bir reportaj hazırladı, ondan sonra ona təzyiqlər oldu. Deməli, hətta Fransa ilə də işləmək lazımdır. Biz ancaq onları ermənipərəst mövqedə ittiham etsək, bu doğru olmaz. Tənqid etmək azdır, işləmək və diplomatik çevikliyi artırmaq lazımdır. Birmənalı olaraq tənqid etsək, onlar da heç zaman bizə maraq göstərməyəcəklər. Əlaqələri genişləndirmək, təmas qurmaq lazımdır. Bu, bir nəfərin görə biləcəyi iş deyil. Hikmət Hacıyevin üzərinə çox böyük yük düşür. Digər strukturlar niyə işləmir, digər rəsmilərimiz niyə fəal deyillər. Bu istiqamətdə düşünüb iş qurmaq lazımdır”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






