İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amin Mərdəkanski" qan davasının qurbanı olub – ŞOK CİNAYƏT DOSYESİ

1488 14.01.2025 16:40 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ruhulla Abdullazadə kriminal aləmdə "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xudaverdiyevi öldürməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, 2024-cü il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruhulla Abdullazadə qətli qisas məqsədilə törədib.

Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihamda qeyd olunur ki, 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayev "Revolver" markalı tapança ilə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev saxlanılıb. O, polisə gələrək təslim olub. İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər - Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin qətlinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Bundan sonra Ruhulla Abdullazadə sərbəst ifadə verib. Qətlə yetirilən Cavanşir Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş. Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Xatırladaq ki, 2024-cü ilin avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Amin Xudaverdiyev uzun illər kriminal aləmdə nüfuza malik olmuş "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları sırasında yer alıb.

2012-ci ildə "Rövşən Lənkəranski" ilə Nadir Səlifovun yaxın adamı "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı həbs edilən Pərviz Cabir oğlu Xudaverdiyev və onun qohumu Seymur Adil oğlu Xudaverdiyevin cinayət işinə ayrı icraatda baxılır. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR