“The New York Times” etiraf edir ki...
Dünya siyasətində pulun rolu ilə bağlı fərqli fikirlər söylənib, bəzən bir-birinə daban-dabana zidd olan mülahizələr irəli sürülüb. Şübhəsiz ki, bu minvalla da davam edəcək.
Fikir verin, ABŞ-ın keçmiş prezidenti Barak Obama deyir:”Əgər bizim görə biləcəyimiz yalnız bir iş varsa və o iş yalnız bir nəfərin həyatını xilas edəcəksə, biz o işi mütləq görməliyik”. Gözəl fikirdir. Alqışlamaq da olar. Amma...
Məhz Barak Obamanın göstərişi ilə Yəmənlə müharibəyə başlayan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə ABŞ hərbi dəstək verdi. Bu cəbhədə son duruma diqqət edin. İndiyə kimi Yəməndə 85 min uşaq öldürülüb. 14 milyon insan aclıq və susuzluqla üzləşib. Faciəvi durumun səbəbi təkcə göydən yağan bombalarla bağlı deyil. Səudiyyə Ərəbistanı Qırmızı dənizdə Yəmənin Hudeydə limanına girişi nəzarətə götürüb. Heç bir ölkə, heç bir təşkilat Yəmənə yardım apara bilmir. Bu vəhşət haqqında Amerika mətbuatı dönə-dönə yazır. “The New York Times” isə daha sərt şəkildə bu humanitar fəlakətə etiraz edib. Qəzet uzun müddət ac qalan 7 yaşlı Amal Hüseynin fotosunu verdi. Az sonra məlum oldu ki, aclıq Amalın axırına çıxıb, o qızçığaz qara torpağa gömülüb.

Amalın fotosunu yaydığına görə ciddi ittihamlarla üzləşən “The New York Times” bəyan etdi ki, biz bu foto ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə hərbi dəstək verən Amerikanın Yəməni darmadağın etməsini bütün dünyaya göstərmək istədik. Faydası olmadı. Lal, kar, kor meymunun günündə olan bir dünyada ömür sürürük.

Nədən Barak Obama Yəmən savaşında adıçəkilən ölkələrə dəstək verdi? Çünki Obama hökuməti İranla nüvə anlaşmasına nail oldu. Bu isə Səudiyyə Ərəbistanı və onun ətrafında olan Körfəz ölkələri tərəfindən süngü ilə qarşılandı. Barak Obama vəziyyətdən çıxmaq üçün Yəmən savaşına yaşıl işıq yandırdı. Və o işıq hələ də yanır və hər gün minlərlə insanın ölümünə səbəb olur.
Amerika mətbuatında gedən başqa bir fakta baxın. Yəməndə məktəblərdən birinə atılan bomba 40 uşağın ölümünə səbəb olub. Və həmin bomba ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalıdır. Bax, ona da ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mettis Yəməndəki soyqırıma göz yumaraq bir ağızdan bəyan etdilər ki, Amerika Yəmən savaşından geri çəkilməyəcək. Çünki biz orada Amerikanın maraqları naminə savaşırıq, terrorçulara və İranın bölgədə genişlənməkdə olan təcavüzünə son qoymalıyıq.
Niyə ABŞ Səudiyyə Ərəbistanına bu qədər bağlıdır? Tarixən belə olub. İngilislər Səud xanədanının əli ilə Osmanlı imperiyasını Ərəbistan yarmadasından sıxışdırıb çıxarıb və İngiltərəyə dost olan əşirətləri taxt-tac sahibi edib. İngiltərənin dostu olmaq isə birbaşa Amerikanın dostu olmaq deməkdir.
Orası da önəmlidir ki, neft satışından ağlasığmaz gəlir əldə edən Səudiyyə Ərəbistanı, elə digər varlı Körfəz ölkələri əsasən ABŞ-la ciddi əlaqələrə sahibdir. Bu əlaqələrdə pul amili müstəsna rol oynayır. Yəni, Amerika pul qazanım, yoxsa əxlaqlı xarici siyasət yeridim seçimini çoxdan birincinin xeyrinə bitirib. Pulun məbləgi də fantastik hesab oluna bilər. Donald Tramp Səudiyyə ilə 350 milyard dollarlıq müqaviləyə imza atıb. Bu məbləğin 110 milyard dolları hərbi texnikanın alınması üçün nəzərdə tutulub. Yerdə qalan digər 240 milyard dollara da Səudiyyəyə hər cür çeşiddə ABŞ mallarını satın alıb. Bu isə ABŞ-da istehsalın güclənməsinə təkan deməkdir. İş yerlərinin qorunub saxlanılması və artırılmasına imkan yaradır. Elə bu səbəbdən də cənab Tramp “Öncə Amerika” deyir və jurnalist Camal Qaşıqçının Səudiyyənin faktiki rəhbəri, şahzadəsi Məhəmməd bin Salmanın sifarişi ilə qətlə yetirilməsinə göz yumur. Başqa sözlə desək, əxlaq Amerikanın xarici siyasətində elə bir rol oynamır.
Bir az da dərinə getsək, görərik ki, Amerikada heç daxili siyasətdə də əxlaq elə bir önəm daşımır. 1992-2000-ci illərdə ABŞ-ın vitse-prezidenti olmuş Albert Qor bu məsələ ilə bağlı çox konkret fikir söyləyib: “ABŞ Konqresindən hər hansı bir qanunun keçməsi üçün korporativ maraqlardan çıxış edən lobbinin və digər maraqlı tərəflərin razılığı olmalıdır. Çünki onlar seçki kampaniyasının maliyyələşməsinə nəzarət edir”.
Əlbəttə, söhbət tək ABŞ-ın daxilindəki lobbidən getmir. ABŞ elə bir situasiya yaradıb ki, dünya ölkələrinin bir çoxu orada özünə lobbi yaratmaq üçün milyardlar səpələyir.
Dünya elə Aşıq Alının qoyub getdiyi həmin dünyadır. Nə yazıq ki, şairin “İndi bu dünyanı pul dolandırır” fikri aktuallığını daha da artırıb. Dünyanı da, dünyanın super gücü olan Amerikani da pul öz başına dolandırır. Dədə aşığın vurğuladığım fikri ilə səsləşən başqa bir dahinin yazdığına baxaq. Görkəmli irland yazıçısı Oskar Uayld (Wilde) : “Cavan olanda düşünürdüm ki, bu dünyada puldan önəmli bir şey yoxdur, indi mən qocalıb əldən düşmüş biriyəm və mən indi sadəcə elə düşünmürəm, mən bunu bilirəm və əminəm ki, pul həqiqətən də bu dünyada ən önəmli şeydir”.
Bu həqiqəti Qədim Romada da yaxşı bilirdilər. Xatırladım, imperator Vespasian (bizim eradan əvvəl 75-79) Romada tualet vergisi tətbiq etdi. Onun oğlu, gələcək imperator Titus bunu etirazla qarşıladı, çünki xalq bu qərarı ələ saldı. Tarixçi Dio Cassius və Suetonius yazır ki, ata öz oğluna təsəlli verərək belə dedi: ”Pecunia non olet”, yəni, “pul ufunət qoxumur”.
Müasir dünyada da belədir. Müharibə üzündən törədilən kütləvi qırğınlar da dünyanın qabaqcıl ölkələrini silah satışından çəkindirmir və onları soyqırım törədən qatillərin yanına sürükləyir.
P.S. Qonşuluqda dava-dalaşa can atan birisi vardı. Yumruq atmamışdan əvvəl əlini çibinə salardı. Götürdüyü pulu ovcunun içində xışmalayardı və qarşındakına tutarlı bir zərbə endirərdi. Mənə deyərdi: "Elə ki pul ovcumun içində olur, özümü Məhəmməd Əli kimi məğlubedilməz hiss edirəm. Yumruğum kimə dəydisə, yıxılmalıdır. Pulda olan güc alayı şeydir, qaqa".
Davakar qonşum xeyli əvvəl dünyasın dəyişib. Ancaq onun pulun gücü ilə bağlı bəsit formada ifadə etdiyi düşüncə hələ də dünyada hökmrandır.
Elbəyi Həsənli
Musavat.com






