Amerikanı kim kəşf edib?
Türkiyə prezidenti Ərdoğanın Amerikanı 1492-ci ildə ispan səyyahı Xristafor Kolumb deyil, bundan 314 il əvvəl, 1178-ci ildə müsəlmanların kəşf etdiyini iddia etməsi dünya mətbuatında sarkazmla qarşılandı. Ərdoğan bəyan etdi ki, Latın Amerikası ilə müsəlmanlar arasında kontaktlar 12-ci əsrdən başlayıb. Ərdoğan iddia edir ki, X.Kolumb Kubaya qədəm qoyduğu zaman ilk nəzərinə dəyən məscid olub.
Ərdoğanın səsləndirdiyi fikirlər yeni deyil, bu barədə Türkiyədə çoxsaylı kitablar dərc edilib. Lakin bir ölkə rəhbərinin bunu söyləməsi əks-səda doğurmaya bilməzdi.
Ərdoğanın yumoru daha çox xatırladan açıqlamasından sonra belə bir sual doğrudan da aktuallaşdı - Amerikanı kim kəşf edib? İspan alimləri bunu X.Kolumbun etdiyini iddia edirlər. X.Kolumb 12 oktyabr 1492-ci ildə San-Salvadora düşərkən, Hindistanı kəşf etdiyini düşünüb. Sonradan bəlli olub ki, ispan səyyahının kəşf etdiyi Amerika torpaqlarıdır.
Bəzi alimlər isə iddia edirlər ki, Amerikanı X.Kolumb deyil, əslində vikinqlər kəşf ediblər. X.Kolumbdan min əsr öncə Leyf Erikson Amerikanın mövcudluğunu bəyan edib. Amerikada vikinqlərin qalıqlarının tapılması bu versiyanı daha da gücləndirir.
Amerikanı vikinqlərdən əvvəl qədim misirlilərin kəşf etdiyini söyləyənlər də var. Norveç alimi Tur Hererdal 1970-ci ildə bu versiyanı sübuta yetirəcək tutarlı faktlarla çıxış etdi.
2008-ci ildə Monqolustan alimi Sumiya Zambalcorc X.Kolumbdan 25 min il öncə monqolların Amerika ərazilərinə köç etdiyini sübut etməyə çalışdı. Amerikadakı bir sıra adaların monqol dilində olmasını da alim bununla əlaqələndirdi.
Bu kimi mübahisələr tarix boyunca olub. Məsələn, “futbolu kim yaradıb” sualına birmənalı cavab yoxdur. İngilislər 12-ci əsrdə ilk futbol oyununun müəllifi olduqlarına inanırlar. Çinlilər isə hesab edirlər, futbolu onlar yaradıblar, ingilislər sadəcə olaraq, futbolun qaydalarına müəyyən düzəlişlər ediblər. Çin alimləri futbolun 3-cü əsrdə Çində yarandığını sübut edən kifayət qədər faktlara malik olduqlarını yazırlar.
Eskimoslar isə futbolun müəllifinin özləri olduqlarına inanırlar.
Bu silsilədən olan növbəti sual belə ola bilər - bəs radionu kim ixtira edib? Ruslar hesab edirlər ki, bunu Aleksandr Popov edib. Alim ilk radionu 7 may 1895-ci ildə nümayiş etdirib.
Qərbi Avropada isə radio ixtiraçısı kimi Quleymo Markonini tanıyırlar.
Amerikalıların fikrincə isə ilk radionu Nikola Tesla ixtira edib. Popov və Markoninin ixtirası isə Morze əlifbası ilə çalışan qurğu olub.
Göründüyü kimi, tarixi faktlara münasibət birmənalı deyil. Adətən, elm adamları ən müxtəlif məsələlər barədə kəskin fikir ayrılıqlarına malik olurlar. İctimai rəy də bunu normal qəbul edib. Lakin bir ölkə rəhbərinin birdən-birə Amerikanı islamlaşdırması qeyri-ciddi səslənir.
Ərdoğan kimi ciddi bir siyasətçinin bu dərəcədə primitiv texnologiyaya əl atma məcburiyyətinin bir səbəbi olmalıdır. Ya Ərdoğan kütlənin rəğbətini qazanmaq və özünü qatı islamçı kimi təqdim etmək istəyir, ya da Türkiyə prezidenti hansısa mühüm addımlar atmaq ərəfəsindədir və belə “xoruz buraxmaqla” baş verəcək proseslər zamanı manevr etmək niyyəti güdür.
İstisna deyil ki, yaxın zamanlarda Ərdoğan hakimiyyəti Vaşinqtonun yeni təzyiqləri ilə üzləşəcək. Ərdoğan iqtidarı Ağ Evin qəzəbinə çoxdan tuş olub. Ərdoğanın son bağışlanmaz səhvi milyardlarla dollar dəyərində silahların ABŞ və ya İsraildən yox, Çindən alacaqları haqda rəsmi bəyanatı oldu. Bu bəyanatı ilə Ərdoğan NATO-nun əsas prinsiplərindən birini pozmuş oldu. Bu da ABŞ-dakı hərbi sənaye kompleksini qıcıqlandırmaya bilməzdi.
Kənardan görünən budur ki, Vaşinqton Ərdoğan qarşısına aşağıdakı şərtlər qoyub: İsraillə münasibətləri təcili yoluna qoyub, Çindən silah almaqdan imtina etsin, Şanxay Təhlükəsizlik Təşkilatı ilə yaxınlaşmağa son qoysun və bütün cəbhələr boyunca atəş açdığı Fətullah Güləndən üzr istəsin. Görünür, Ərdoğan “Amerika kəşfi” ilə ictimai rəyi öncədən özünə tərəf çəkməyə səy göstərib...






