İnsanlara hürriyət, millətlərə istiqlal!

AMERİKANI GÖZLƏYİRİK

1143 02.10.2011 09:51 Yazarlar A A
Avropalı dünyanın o başından gəlib qəddar məmurlarla görüşüb şərt qoyur ki, bunlar öz xalqını bu qədər sıxmasın. Avropalı çıxıb gedən kimi savadsız hakimiyyət onun arxasınca qeybət eləyir, kölgəsini qılınclayıb xoruzlanır.
Güclənən ordudan danışırlar, ancaq əsgərin qədrini bilən yoxdu. Əsgərin valideynləri az qalır türmədəki kimi hər gün uşağına yemək aparsın. Düşmən girib torpaqlarımızda oturub, bunlar isə təzə çağırılmış əsgəri minib eşşək kimi anqırmağa məcbur edir. Əsgərin valideynindən rüşvət alıb özünə səhər-axşam vətənə sevgi nəğmələri oxudurlar.
Etiraz eləyəni içəri basıb döyür, üzünə qondarma iş oxuyurlar. Camaat iş-gücünü buraxıb hər həftə məhkəmələrin qarşısına yığılır. Birinə mavi, birinə narkoman, birinə xuliqan, birinə terrorist deyirlər. Axırda mavi də, narkoman da, terrorist də özlərindən çıxır. Biri korrupsiyaya girişib pul yığır, o biri dəstə yığıb onun pulunu əlindən alır. Sanki vəhşi insanlar haqda filmə baxırsan. Adam bilmir bunların arasında necə yaşasın. Görmüşük, eşitmişik, bir ölkədə korrupsiya aşkar olanda, bir terror olanda dövlət işə qarışar, hər şeyi qanunla sahmana salar, vətəndaş özünü güvənikli bilər. Ancaq burda göydən daş yağır, sən də başını gizlətməyə yer tapmırsan.
Çıxıb televizorda danışırlar, artıq bunların sifətini görəndə adamın qusmağı gəlir. Evinin oğrusu oradan sənə doğruluqdan danışır. Pozğunun birisi xalqın adət-ənənəsindən, namusdan danışır. Bisavad elmdən, qorxaq cəsarətdən, satqın xalq sevgisindən danışır. Ən dəyərsizlərin dəyərli mülkləri, bahalı həyat şəraiti var.
Burnundan əməliyyat olunan 20 yaşlı sağlam bir əsgəri öldürdülər getdi. Əsgərin atası əlində borca girib aldığı dərmanlar, xəstəxanaların qapısında ora-bura qaçmaqdan yesir olmuşdu. Hərbi hissələrdə bit qaşımaqdan cavan uşaqların psixikası pozulub. Deməkdən, yazmaqdan təngə gəlmişik. Bu nə ölkədi, bu nə hakimiyyətdi? Birinin kefinə düşüb deyir, mən camaatın evini uçurub yerində qış bulvarı tikəcəm. Biri deyir, mən bayrağın sapını uzadacam. Biri deyir, göyə fişəng atacam. Biri deyir rüşvətdən basıb qızıl medal gətirəcəm.
Milyardı semiçka pulu kimi səpirlər. Ta fikirləşən yoxdu ki, bu milyardların gəldiyi yer bir gün tükənəcək, onda bu xalq neyləyəcək? Hansı ölkəyə qul hazırlayırsan bu milləti?
Elm yox, kitab yox, dəftər yox! Təhsil Nazirliyinin buraxdığı kitablardakıları dərsləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası düzgün saymır. Abituriyent bilmir necə cavab versin, düz hansıdı, səhv hansı.
Ölkəni dərman firmaları mafiyası ağzına götürüb. Savadsız gəncləri işə götürüb ölkənin hər tərəfinə dərman daşıtdırırlar. Həkimlər xəstələrə yalnız bahalı firma dərmanları yazır. Bu nə məsələdi, hələ heç kim baş açmayıb. Kimdi bu milləti zəhərləyib cibinə girən, hələ maraqlanan yoxdu.
Gündə Xocalı soyqırımından danışırlar, ancaq gözgörəsi aparılan soyqırımından sanki heç kimin xəbəri yoxdu. Bu hakimiyyət taxta minəndən ölkədə uşaq soyqırımı həyata keçirilir. Doğulan uşağa südpulu ödəmək əvəzinə onun dünyaya gəlməsi üçün nə qədər pul alırlar. Onun gələcəyini qurmaq əvəzinə haqqını yeyib adına xaricdən borc götürürlər.
Biləcəridən o yana çıxan kimi əhəmiyyətini itirən, heç bir ölkədə tanınmayan diplomları xalqın uşaqlarına qızıl qiymətinə satırlar. Ta bundan o tərəfə biz gedə bilmirik, yəqin bunlar da gedə bilməyəcək. Özləri düzəlmədi, bizim də gücümüz çatmır. Zərər yoxdu, oturub Amerikanı gözləyərik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR