İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika və İran arasında əsəb müharibəsi pik həddə - körfəzdə müharibə başlasa...

1916 20.09.2019 23:03 Gündəm A A

ABŞ və İran arasında “əsəb müharibəsi” davam edir. Vaşinqton və ər-Riyad ötən şənbə günü Səudiyyə Ərəbistanının şərq hissəsində yerləşən “Abqaiq” neft terminalına hücuma görə İranı ittiham edir. Tehran isə iddiaları rədd edir. 

Bu hadisə may və iyun aylarında baş vermiş gərginlikdən sonra növbəti riskli vəziyyətdir. May ayında Fars körfəzində 4 gəmiyə hücum olub. Hadisəyə görə İran ittiham olunsa da, BƏƏ və ABŞ tutarlı dəlil göstərə bilməyib. İyunda isə növbəti dəfə daha iki tankerə hücum olub və bundan sonra artan gərginlikdə İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub. Həmin vaxt iki ölkə müharibənin eşiyinə gəlsə də, Qərb mediasının yazdığına görə, Donald Tramp son anda müharibə əmri verməkdən imtina edib. 

Həm onda, həm də indiki hücumu Yəmənin husi qüvvələri törətsə də, ABŞ və müttəfiqləri bunu qəbul etməyib, İranı hücumda günahlandırıb. Məsələ ondadır ki, nə husilər, nə də İranın digər müttəfiq qüvvələrinin bu cür hücumları həyata keçirmək imkanında silahları yoxdur. Aydın məsələdir ki, bu silah və texnikaları İrandan alıblar. Bu, bir mənada Tehranın Yaxın Şərqdə ABŞ və onun əsas müttəfiqləri olan ölkələrlə mandat müharibəsidir. Buna görə də Vaşinqton əsas hədəfi İrana doğru yönəldir. İran isə hələlik bu hücumları birbaşa özü deyil, müttəfiqləri, ya da dəstəklədiyi qüvvələrin əli ilə edir.   

İki gün əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Səudiyyə Ərəbistanı neft terminallarının vurulmasına görə İranı ittiham edib. O deyib ki, lazım olsa Vaşinqton müttəfiqlərini (Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri – K.R.) müdafiə edəcək. Sitat: “Sizə söz verirəm ki, bu həftə sonu Səudiyyə Ərəbistanındakı neft terminallarına hücuma cavab verməyə hazırıq”.

Oxşar açıqlamanı Pensdən əvvəl prezident Tramp da verib. Pens bu açıqlamanı xatırladaraq Amerikanın hər zaman müttəfiqlərini qorumağa hazır olduğunu deyib. 

Bu arada ABŞ-ın “CBS News” kanalı amerikalı rəsmilərə istinadən Səudiyyə Ərəbistanındakı neft terminallarına hücumun İranın ali dini lideri ilə razılaşdırıldığını xəbər verib. Kanalın iddiasına görə dini lider hadisədə İranın izinin qalmaması şərti ilə hücuma icazə verib. Eyni zamanda amerikalı rəsmilər terminallara hücumdan əvvəl İranın Əhvaz şəhərində yerləşən hərbi hava bazasında hücum hazırlıqları həyata keçirildiyini göstərən kadrlar əldə etdiyini və hazırda bu peyk görüntülərinin araşdırıldığını bildirib. 

İran isə Vaşinqtonun bütün ittihamlarını rədd edir. Rəsmi Tehran iki gün əvvəl Tehranda ABŞ maraqlarını müdafiə edən İsveçrə səfirliyi vasitəsilə ABŞ-a nota göndərib. Notada neft terminallarına hücumla bağlı ittihamlar rədd edilir və İrana qarşı hər hansı hücum olarsa cavab veriləcəyi ilə bağlı xəbərdarlıq olunur. 

Sentyabrın 18-də isə Səudiyyə Ərəbistanına məxsus olduğu ehtimal edilən bir neçə hərbi təyyarə Suriyanın şimalında İraqla sərhəd bölgədə yerləşən Əlbukamal rayonunda İrana yaxın silahlı dəstələrin bazalarını bombalayıb. Qərb mediasının Səudiyyə hökumət mənbələrinə istinadən verdiyi məlumatda qeyd olunur ki, zərbələr neft terminallarına hücumun həyata keçirildiyi nöqtələrə endirilib. Bu bazalar İrana yaxın “Fəylək əl-Quds” briqadasına məxsus olub. Ölən və yaralananların olduğu, bir anbarın partladıldığı deyilsə də, itki sayı məlum deyil. Məhz bu hücumdan az sonra İran ABŞ-a nota göndərib. Bu isə hər iki tərəfin “əsəb müharibəsi” apardığını, ilk zərbənin hər iki tərəfdən qarşılıq verilən böyük toqquşmaya çevriləcəyini göstərir. 

ABŞ və müttəfiqləri İrana qarı açıq sübut irəli sürə bilmədikləri üçün Tehran istənilən zərbəyə sərt qarşılıq veriləcəyini bildirir. Bu bir mənada inandırıcıdır. Çünki son bir il yarım ərzində ağır sanksiyalara məruz qalan Tehran iqtisadi baxımdan sıxışdırılıb. İndi isə Vaşinqton Tehrana hərbi-siyasi təzyiqi artırır. Bu vəziyyətdə necə deyərlər Tehranın geri yolu yoxdur. Geri çəkilərsə, mövqelərini və nüfuzunu itirə bilər. Bu səbəbdən də indi Tehran özünü böyük toqquşmaya hazır saxlayır. 

Neft terminallarına hücum isə kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq İranının rəqibləri üçün ciddi təhdiddir. Bu, həm də o deməkdir ki, regionda hərbi əməliyyatlar başlasa, dünya enerji bazarının 30 faizini təmin edən bölgə xarabalığa çevrilə və dünyada neft böhranı baş verə bilər. Xatırladaq ki, ötən şənbə Ərəbistan neft terminallarına hücuma görə ölkənin neft ixracı yarıbayarı azalaraq 5,7 milyon barelə düşüb. Bu isə dünya neft tələbatının 5 faizi deməkdir. Fars körfəzi ölkələri isə dünya neft bazarının 30 faizini təmin edir. Bu mənada son hadisələr həm də regionda böyük müharibənin yaradacağı dəhşətləri göz önünə sərdi. 

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR