İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika seçim qarşısında – qadınla, yoxsa “dəli Tramp”la yola davam?

1524 30.07.2016 08:40 Siyasət A A
Amerika tarixində ABŞ prezidentliyinə ilk qadın namizəd kimi adını yazan Hillari Klinton Demokrat Partiyasının qurultayının sonuncu günü alqışlar altında podiuma çıxaraq həyəcanla bu sözləri dedi:

“Millət ataları bizim birlikdə daha güclü olduğumuz kimi bir həqiqəti qəbul etmişdilər. Bu gün biz daha mükəmməl ittifaqa doğru gedən ölkədə mühüm bir mərhələyə qədəm qoymuşuq. İlk dəfə olaraq qadın prezidentliyə nominasiya olunub. Burada anamın qızı və qızımın anası kimi dayanaraq, bu günün gəlişinə görə çox xoşbəxtəm”.

O, Filadelfiya şəhərinin Amerika tarixində oynadığı rolu qeyd edərək, kampaniyasının əsas mövzusunu bir daha dilə gətirdi. “Millət ataları bizim birlikdə daha güclü olduğumuz kimi bir həqiqəti qəbul etmişdilər” - Klinton bildirdi.

Nominasiya çıxışında Klinton Amerikanın gələcəyi ilə bağlı görüşləri paylaşdı və ölkəni qətiyyətlə və nikbinliklə gələcəyə aparmaq üçün görəcəyi işlərdən danışdı. O, orta sinif və fəhlə sinfinin iqtisadi durumunun yaxşılaşdırılması, minimum əmək haqqının yüksəldilməsi, yeni iş yerlərinin açılması, amerikalıların səhiyyə xidmətləri ilə təmin olunması kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birlikdə işləməyin vacibliyini vurğuladı.

Hillari Klinton ölkə daxilində və xaricdə risklər və sınaqların olduğunu dedi, lakin bu sınaqların öhdəsindən gəlmək üçün ölkənin böyük gücə malik olduğunu vurğuladı. “Biz Azadlıq və bərabərlik, ədalət və imkanlar kimi dayanıqlı dəyərlərə malikik”, - deyə o qeyd etdi.

O, çıxışında Respublikaçılar Partiyasının namizədi Donald Trampı tənqid edərək, onun ölkəni bölmək üçün qorxu yaratdığını və prezident olmaq üçün lazımi keyfiyyətlərə malik olmadığını söylədi. Xarici siyasət kursundan danışan  Klinton İŞİD-ə qarşı mübarizənin davam etdiriləcəyini və ABŞ-ın NATO müttəfiqlərini Rusiyanın təcavüzündən müdafiə edəcəyini bildirdi.

Amerikanın gələcəyi ilə bağlı fikirlərini bölüşən prezident Barak Obama bundan sonra Hillari Klintonun təkcə zəngin təcrübəsi deyil, həm də uşaqlar və veteranların müdafiəsi sahəsində gördüyü işlərə görə ABŞ-ın növbəti prezidenti olmağa ən layiqli namizəd olduğunu bildirdi. 

Obama son çıxışlarından birində qeyd edib ki, özü də daxil olmaqla, Hillari Klinton ölkəyə liderlik etmək üçün bütün namizədlər arasında ən layiqlisidir. “Dövlət katibi qədər bu vəzifəyə layiq heç bir kişi və qadın olmayıb. Nə mən, nə Bill, heç bir namizəd Hillari qədər bu vəzifəyə layiq olmayıb”.

ABŞ prezidenti ölkənin lideri və ali baş komandanının daşıdığı yüksək məsuliyyəti vurğuladı. “Heç bir şey sizi əslində Oval kabinetin tələblərinə hazırlamır. Bu kresloda oturana qədər qlobal böhranın necə idarə edilməsi və ya gənc insanları müharibəyə göndərməyin nə olduğunu bilmirsiniz. Lakin Hillari işin içində olub. O, bəzi qərarların çıxarılmasında iştirak edib. O bizim hökumətin işləyən ailələr, yaşlı vətəndaşlar, kiçik biznes sahibləri, əsgərlər və veteranlar üçün nə etdiyini bilir” - Obama bəyan edib.

ABŞ prezidentliyinə digər namizəd Donald Tramp isə rəqibini qaralama kampaniyasına davam edir. O, tvitter səhifəsindəki son çıxışlarından birində bildirib ki, H.Klintonun Yaxın Şərqdəki müharibəsi dağıdıcılığa, terrorizmin və İŞİD-in dünyaya yayılmasına gətirib çıxarıb. Trampın sözlərinə görə, H.Klinton kimi başqa heç kim pis qərar vermir: “Korrupsiya və dağıdıcılıq onun əməlləridir. Hillari özünə sərhəd tanımır”. 

Tramp eyni zamanda qeyd edib ki, Hillari heç vaxt Uoll-stritdə islahat keçirə bilməyəcək. Onun digər bir iddiası isə Klinton qədər heç kəsin pis qərar vermək qabiliyyətinə malik olmamasıdır: “Çünki korrupsiya və iflas hər yerdə onu izləyir. Bizim həyat tərzimiz radikal islam tərəfindən təhdid edilir, Klinton isə bu sözləri tələffüz belə edə bilmir. Hillari radikal islam haqda danışmaqdan imtina edərkən ABŞ-da qaçqınların sayını 550%-ə çatdırmağı planlaşdırır. Bu, bir daha onun ölkəni idarə edə bilməyəcəyinin sübutudur”.

SEVİNC


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR