Lakin bu nəticə daha çox simvolik məna kəsb edirdi və seçkilərin nəticələrinin necə olacağı Bakı vaxtı ilə bu gün səhərə yaxın məlum olacağı gözlənilirdi. ABŞ-ın Bakıdakı səfirliyi seçkilərlə bağlı “Hyatt Regency” otelində xüsusi tədbir təşkil edib və bu gün səhər saat 6-dan etibarən jurnalistlər zalda quraşdırılmış iri ekranlarda seçkilərin ilkin nəticələrini və şərhləri canlı izləyə biləcəklər.
Amerika qanunlarına görə, hər ştatda səsvermənin vaxtı yerli hakimiyyət tərəfindən müəyyən edilir. Səsvermənin ilk olaraq Kentukki və İndiana ştatında başa çatacağı gözlənilir. Bu, Bakı vaxtı ilə noyabrın 5-i gecə saat 4-də təsadüf edir. Ən gec isə vitse-prezidentliyə respublikaçı namizəd Sara Pelinin qubernator olduğu Alyaska ştatında səsvermə yekunlaşacaq - Bakı vaxtı ilə bu gün saat 10-da. ABŞ-da 180 milyona yaxın seçici var və politoloqlar bu seçkilərdə son 40 ildə görünməmiş fəallıq proqnozlaşdırırdı. Gözlənilirdi ki, səsvermədə 140 milyona yaxın adam iştirak edəcək. 29 milyon adam artıq erkən səsvermə hüququndan istifadə edərək səs verib, onların çoxu Obamaya rəğbət bəsləyən qaradərililərdir. Amerika qanunlarına görə, istənilən şəxs səsvermə günü vacib işinin olduğunu əsaslandıraraq seçkilərə iki həftə qalmış səs verə bilər. Lakin erkən səsvermənin nəticələri ancaq seçki günü açıqlanır.
Amerika ərazisinin əsas hissəsində səsvermə Bakı vaxtı ilə 15:00-da başlamışdı. Ölkənin əksər ştatlarında seçki məntəqələri yerli vaxtla səhər saatlarında açılıb. Obama Bakı vaxtı ilə saat 15 radələrində artıq səs vermişdi. O, yaşadığı Çikaqo şəhərində seçki məntəqəsinə xanımı və iki azyaşlı qızı ilə gəlib. Amerika telekanalları onun bülletenləri doldurmasını canlı yayımla nümayiş etdiriblər. Obama səs verdikdən sonra heç bir açıqlama verməyib. Vitse-prezidentliyə demokrat namizəd Cozef Bayden isə təmsil etdiyi Delaver ştatında səs verib. Onu seçki məntəqəsinin qarşısında gözləyən seçicilər alqışlarla qarşılayıblar. Con Makkeyn isə Bakı vaxtı ilə axşam saatlarında səs verib.
Rəqiblər mübarizəni son anadək davam etdiriblər
Prezidentliyə namizədlər mübarizəni son anadək, hətta səsvermə müddətində də davam etdiriblər. Seçkilərə bir gün qalmış Barak Obama və Con Makkeyn tərəddüd edən seçiciləri bir daha öz tərəfinə çəkməyə çalışıblar. Rəy sorğularının nəticələrinə görə, bu kateqoriyaya daxil olan seçicilər 15 faizə yaxındır. Son rəy sorğuları Obamanın əvvəlki kimi Makkeyndən inamlı şəkildə öndə olduğunu göstərirdi. Belə ki, namizədlər arasında fərq Obamanın xeyrinə 7 faiz təşkil edir. Kampaniyanı başa vuran Obama seçkilərin nəticələrini gözləmək üçün İllinoys ştatına qayıdıb. Makkeyn isə səsvermə gününü vətəni Arizonada qarşılayıb. Lakin Makkeyn burada da kampaniyanı dayandırmayaraq səsverməyə az qalmış tərəfdarlarının yürüşünü təşkil edib. Son bir neçə gündə rəqibinə qarşı həmləyə keçən Makkeyn artıq bəzi önəmli ştatlarda, o cümlədən Pensilvaniyada reytinqini önəmli ölçülərdə artırmağa nail olmuşdu. Onun seçki qərargahı Obamanın vergi siyasətinin təhlükəli olduğunu əks etdirən reklam kampaniyası aparıb, Makkeyn rəqibindən geridə qaldığını qəbul etsə də inanırdı ki, son anda qələbə onunla olacaq. Bəzi tanınmış ekspertlərə görə, hələ də tərəddüd edən seçicilərin 70 faizi Makkeynə səs verə bilər. Çünki seçki kampaniyasının son günlərində onlarda Makkeynin dövləti idarə etmək üçün daha təcrübəli olduğu haqda qənaət formalaşıb. Digər tərəfdən irq amili də səsvermənin nəticəsinə təsir edə bilər. Belə ki, bir çox ağdərili seçici rasist olmadığını göstərmək üçün üzdə Obamaya səs verəcəyini bildirir, ancaq səsvermə zamanı onlar bunun əksini edə bilərlər. Makkeyn CBS kanalına qısa müsahibəsində deyib ki, o mübarizəsini seçki məntəqələri bağlanana qədər davam etdirəcək: “Bəli, mən başa düşürəm ki, geridəyəm, ancaq bizim qalib gəlmək üçün ciddi şansımız var”.
Obamanın nənəsinə seçkinin nəticələrini görmək qismət olmadı
Bu arada seçkilərə cəmi bir gün qalmış Barak Obamanın nənəsi yaşadığı Havay adalarının Honolulu şəhərində vəfat edib. 86 yaşında olan ağdərili qadın Medlin Dunham neçə vaxtdır xərçəngdən əziyyət çəkirdi və Obama onun ölüm ayağında olduğunu görərək bir neçə gün əvvəl nənəsinə baş çəkmişdi. Qeyd edək ki, Obama nənəsinin himayəsində böyüyüb. Atası onun 2 yaşı olanda anasından ayrılaraq vətəni Keniyaya gedib. Anası isə indoneziyalı ilə ikinci dəfə ailə qurub. 10 yaşınadək bu ölkədə yaşayan Obama sonradan Havay adalarına dönərək nənəsinin himayəsində yaşayıb. Nənəsinin ölüm xəbərini ona Ceksonvill ştatında seçicilər qarşısında çıxış edərkən veriblər. Göz yaşlarını silən Obama deyib ki, nənəsi onun şəxsiyyət kimi formalaşmasında fundamental rol oynayıb və bu itki onun üçün əvəzsizdir. Bəzi müşahidəçilərə görə, səsverməyə cəmi bir gün qalmış nənəsinin vəfatı Obamanın şansını daha da artıracaq. Çünki bu hadisə amerikalılara onun anasının ağdərili olduğunu xatırladıb, digər tərəfdən bəzi insanların hər iki valideynini itirən Obamanın bu itkisindən sonra ona ürəkləri yana bilərdi.
Builki Amerika seçkilərini böyük diqqətlə bütün dünya izləyir. Təkcə ona görə yox ki, prezidentliyə əsas namizədlərdən biri qaradərilidir. Bu seçkilər dünyada böyük gərginliyin - qlobal maliyyə böhranının baş verdiyi, Birləşmiş Ştatların iki ölkədə - İraq və Əfqanıstanda müharibə apardığı və ölkənin heç olmadığı dərədəcə dünyada öz dominant imicini itirməkdə olduğu bir vaxta təsadüf edir. Bununla belə, bir çox təhlilçinin dediyinə görə, bu seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Amerikanın çəkisini azaltmaq hələ tezdir. Ekspertlər deyirlər ki, bu, gözlənilməz hallarla dolu bir kampaniya idi. Əvvəlcə, Barak Obama Hillari Klintonu qabaqlayaraq Demokrat Partiyasından prezidentliyə namizəd irəli sürüldü. Sonra isə senator Con Makkeynin seçki kampaniyasında bir qədər canlanma baş verdi və bu, Ağ Ev uğrunda mübarizəni daha da şiddətləndirdi. Lakin məsələ burasındadır ki, Amerika tənəzzülə doğru getsə də, Çinlə Hindistan kimi yeni fövqəldövlətlərin yüksəlişi davam etsə də, köhnə dünya qaydası bir qədər sarsılmış olsa da, bir şey tam aydındır ki, bu seçkilərdə kim qalib gəlirsə-gəlsin, Vaşinqton hələ də öz qüdrətini saxlamış olacaq. Builki namizədlərin siyasi baxışları bir birindən xeyli fərqlənir. Əgər Makkeyn daha çox ölkələr arasında güc siyasətinin tərəfdarıdırsa, tam yeni nəsli təmsil edən Obama iqlim dəyişməsi, qlobal epidemiyalar və digər ümumbəşəri problemlərin birgə beynəlxalq səylərlə həll olunması fəlsəfəsini təbliğ edir. Gerçəklik belədir ki, kimin qalib çıxacağından asılı olmayaraq, nə maliyyə böhranı, nə Quantanamo məsələsi, nə İraq müharibəsi Amerikanın dünyadakı mövqeyini və rolunu sarsıda bilməz.
Obama udsa, onun ögey qardaşı Keniyada qurban kəsəcək
Amerika seçkilərinin bütün dünyada maraqla izləndiyi şübhə doğurmurdu. Ancaq Keniyada bu seçkilərə daha böyük maraq var. Çünki keniyalılar Barak Obamanı öz həmvətənləri hesab edirlər. Qaradərili namizədin atası Keniyadandır. O hazırda sağ olmasa da, Obamanın bu ölkədə bir neçə ögey qardaş və bacıları var. Obamanın atası əslən Keniyanın ucqar Koqela kəndində anadan olub. BBC radiostansiyasının xəbərinə görə, hazırda həmin kənddə Obamanın qohumları, o cümlədən ögey qardaşı Malik yaşayır. Onlar müsəlmandır. Kənddə Obamanın adını məktəbə və yerli pivəyə də veriblər. Bildirilir ki, Obamanın qardaşı Malik onun qələbəsi halında müsəlman adətlərinə görə qurban kəsəcək. Xəbərlərə görə, kənddə elektrik yoxdur, ancaq kəndlilər öz aralarında pul toplayaraq bir ədəd elektrik generatoru və televizor alıblar. Səsvermə günü bütün kənd həmin televizorun qarşısına toplaşıb seçkinin gedişini izləməyə hazırlaşırdı.
Seçkilərin gedişini canlı yayımda bütün dünyaya çatdıran CNN telekanlı səsvermənin gedişini şərh edərək amerikalıların “tarix yazdığını” qeyd edib. Belə ki, seçki məntəqələri qarşısında görünməmiş fəallıq müşahidə olunub, seçicilər səs verə bilmək üçün saatlarla və səbrlə uzun növbələrdə gözləyiblər. Seçkilər Azərbaycanda da yaxından izlənilir. Qeyd edək ki, prezidentliyə namizədlərin hər ikisi Bakıda səfərdə olub. Con Makkeyn 2003-cü il prezident seçkiləri ərəfəsində, Barak Obama isə 2005-ci il parlament seçkilərinə az qalmış senator Riçard Luqarla Azərbaycana gəliblər. O zaman çox az adamın tanıdığı Obama jurnalistlərlə görüşdə Amerika-Azərbaycan münasibətlərinin indiki və gələcəyi barədə fikirlərini də bölüşüb. Senator Bakıda keçirdiyi mətbuat konfransında erməni “soyqırımı” iddialarını dəstəkləyən fikirlər də işlətmişdi.






