Altı deşik səbir kasası
Ölkədə hər kəs qəddar bahalaşmadan danışır; evdə də, işdə də, mağazada da, küçədə də eşidilən iki sözdən biri “filan şey də bahalaşıb” cümləsidir. Əlbəttə, öncədən bəlli idi ki, benzin, dizel yanacağı bahalaşırsa, bütün məhsulların - ərzaq və qeyri-ərzaq mallarının qiyməti qalxacaq. Ancaq insanlar bahalaşmanın fərqində olduqları qədər də, bunu veclərinə almamış kimi görünürlər. Yəni hər kəs ürəyində etiraz edir. Təbii, insanların içindəki aqressiyanı da görməmək mümkün deyil; ancaq bu daxili qəzəbini insanlar öz yaxınları, doğmaları ilə dava edərək soyudurlar. Biri arvadını vurub öldürür, biri mağazada satıcı ilə dalaşır, digəri avtobus sürücüsü ilə yaxalaşır, başqası tıxacda onun qarşısında duran adamı söyüb-döyür və sair...
Başqa bir müşahidə də odur ki, səninlə şəxsi zəmində söhbətdə bahalaşmadan harın məmurlardan yana-yana danışan, onun haqqını yeyənləri yamanlayan insandan bu haqda kiçik bir açıqlama verib vətəndaş mövqeyini açıq şəkildə bildirməyi istəyəndə, yaxud o, təsadüfən sorğu keçirən müxbirə rast gələndə, əksini danışır. Deyir ki, hər şey yaxşıdır, heç bir narazılığı yoxdur, üstəlik hökumətə “can sağlığı” da arzulayırlar. Elə cəmiyyətdəki anormallıqların, arzuolunmaz tendensiyanın və baş verənlərə laqeyd münasibətin kökündə bu dayanır; ikili münasibət, başqa sözlə desək, şəxsiyyətin ikiləşməsi. Acı olsa da, insanlarımızın əksəriyyəti bu vəziyyətdədir...
Bu arada müxalifətin də ünvanına ittihamlar yağdırılır, onları dərhal aksiya təşkil etməməkdə suçlayırlar. Bəlkə də burada bir həqiqət var; psixoloji olaraq bir hadisə insanı ilk 3 gün ərzində ciddi narahat edir, düşündürür, sonrakı günlər reaksiyalar səngiməyə, öləziməyə başlayır. Bu baxımdan Milli Şura elə ilk günlərdə flaş-moblar təşkil etməli idi. Bahalaşmadan 13 gün sonra keçirilən mitinqin effekti başqa cür ola bilməzdi...
Ancaq ədalət naminə demək lazımdır ki, gec də olsa demokratik qüvvələr aksiya keçirdilər. Bəs xalq niyə gəlmədi? Səbəblər müxtəlif cür izah edilir; biri deyir xalq qorxur, biri deyir xalq iqtidardan narazı olsa da, ənənəvi müxalifətə də inanmır, başqası söyləyir ki, xalq öz taleyi ilə barışıb... Məgər xalq bu tale ilə barışmağa məhkum xalqdırmı? Tutaq ki, xalq zəifdir, gücsüzdür, müqavimət göstərmək imkanları bu və ya digər səbəblərdən sıradan çıxarılıb. Məgər xalqı idarə edənlər onu daha da əzib rəzil duruma salmalıdırlar? Hökumət, dövlət bunun üçündür, yoxsa vətəndaşı müdafiə etmək, onun hüquqlarını qorumaq üçün?
Bütün iqtisadi hesablamalar göstərir ki, vətəndaşlara normal dolana biləcəyi qədər maaş, müavinət, şans vermək mümkündür. Lakin edilmir. Niyə? Hansı səbəbdən? Bu, çox maraqlıdır. Bəlkə də “ac, borclu insanları idarə etmək asandır” prinsipi əsas götürülür?! Yeri gəlmişkən, bu gün elə ailə tapılmaz ki, onun banka borcu yoxdur. Adamları ancaq banklara, de-fakto özləri üçün işlədirlər. Hətta xəstəxanalara borclu qalıb, şəxsiyyət vəsiqəsini orada girov qoyan vətəndaşlar da var...
Bütün bu ağır həyat şəraitinə dözən insanlarımızın səbir kasasının daşacağı haqda da rəyləri eşidirik tez-tez. Ancaq müşahidələr göstərir ki, xalqın səbir kasasının altı deşikdir, yuxarıdan dolur, aşağıdan boşalır...
Gözəl xalqım onun malının, sərvətinin necə talanmasına tamaşa etməkdə olsun, baxaq görək məmurlar nələr edir. Əgər əvvəllər məmurlar və onların yaxınları harın həyatlarını gizlətməyə çalışırdılarsa, indi bunu nümayiş etdirirlər. Məsələn, Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu facebook səhifəsində mal-mülklərinin, pullarının bir hissəsini nümayiş etdirib. Axar.az saytı araşdırıb tapıb ki, BDU-nun hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadə 4-5 bahalı, eyni nömrə nişanlı avtomobillərin, Şamaxıdakı villalarının şəklini paylaşıb. Bununla kifayətlənməyən məmur oğlu dollar və manat əskinaslardan idarə etdiyi maşının nömrəsini (222) düzəldib və şəklini çəkərək paylaşıb. Onun özünün, atasının, qardaşının və ailələrinin istifadə etdikləri maşınların ümumi dəyəri təxminən yarım milyon dollar təşkil edir. Bu, hələ təkcə maşınlarının qiymətidir bir prokurorun...
Heç şübhəsiz, həmin prokuror oğlu və atası hansısa formada cəzalandırılacaq. Çünki prezident bir müddət öncə harın məmur övladlarının cəzalandırılacağı haqda bəyanat vermişdi. Görünür, harınlamış məmurların xalqa acıq vermək hisləri prezidentin tapşırığını, xəbərdarlığını belə unutdurur...






