İnsanlara hürriyət, millətlərə istiqlal!

Altay dağı - “Seroj” essesinin müəllifi onu öz xalqının sinəsinə çəkdi

4478 14.09.2022 11:50 Yazarlar A A

Bu gün durum budur: ermənilərlə biz barışmaz düşmənlərik, bu tezlikdə bir arada dinc, yanaşı yaşaya bilmərik. Qarşılıqlı etimad, etibar sıfırın üstündədir. Biz onları nə hesab ediriksə, onların da bizə münasibəti birəbir eynidir, hələ bir az da artıqdır.

Durum beləykən bizdən kimsə çıxıb ermənilərə qahmar çıxırsa, onların xeyrinə bir söz deyirsə, onu dərhal düşmən gözündə görürük və bu təbiidir. Tarixən elə adamları “kollaborasionist” (düşəm tərəfə keçən, ona kömək edən) adlandırıblar, ələ keçəndə isə cəzalandırıblar.

"Gecəki hücum"a qürbətdən virtual hücum

Bu baxımdan tanınmış ictimai-siyasi fəal Altay Göyüşovun hazırda qiyabi və virtual olaraq ağır şəkildə qınanması, təhqir edilməsi gözlənilməz olmadı. A.Göyüşovun anti-Azərbaycan ruhlu qeydlərinin qırmızı kvadrata alınan zərbəçi cümləsi beləydi: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”.

665.jpg (62 KB)

Bu, qəbahət dolu ciddi səhvdir. Heç bizdən olmasa da, bir neytral ziyalı əlində əsası olmadan belə fikir bildirə bilməz. Çünki burada Azərbaycan dövlətinin İrəvanı və Zəngəzuru işğal etmək niyyətində olduğu, “gecəki hücumu” da məhz buna görə etdiyi iddia olunur.

Bəzən sosial şəbəkə istifadəçiləri riqqətə gəlib, pafosla yüklənib “İrəvan-Zəngəzur” söhbəti eləsələr də, hər kəsə aydındır ki, Azərbaycan dövlətinin elə bir niyyəti yoxdur. Biz hələ on illər boyunca işğaldan azad etdiyimiz ərazilərin bərpası ilə məşğul olmalıyıq. Çingiz xanın monqol tayfaları deyilik ki, ölkələri ala-ala, yandıra-yandıra Macarıstana qədər gedək.

Məsələyə “filan yer mənə lazım deyil” məntiqi ilə yanaşsaq, onda bir çoxları deyə bilər ki, bizə Qarabağ lazım deyildi. Ölkənin şimalında yaşayanlar “aran rayonları nəyimizə lazımdır”, cənubda yaşayanlar “Qusarı, Xaçmazı neynəyirik ki” desələr, ölkədən nə qalar?

Aqressorun cilovlanması – işğalçının ölkəsini işğal edirlər

Müasir dövrdə hər bir siyasi xadim anlayır ki, heç kəs dövlətlərin sərhədini dəyişdirə bilməz. Kim bu niyyətə düşərsə, onu aqressor adlandırar, yerində oturdarlar.

O orta əsrlərdə olub: bir dövlət qonşusunun ərazisinə soxulduqda, toparlanan, öz müttəfiqlərindən güc olan həmin dövlət aqressoru gəldiyi yerə qədər qovub, üstəlik, onun ərasini də işğal edib, özünü də süquta uğradıb. 207 il öncə müttəfiq qoşunlar (ingilislər, ruslar, almanlar) Napoleonun Parisini bu motivlə tutmuşdular.

Elə ötən əsrdə SSRİ-yə hücum edən alman faşistlərinin aqibəti də eyni oldu. Sovet ordusu SSRİ ərazisini işğaldan tam azad edəndən sonra, bildiyiniz kimi, dayanmadı, Berlinə qədər getdi və Almaniyanın yarısında oyuncaq ADR dövləti qurdu. ABŞ və İngiltərə də qərbdən gəldilər, onlar da başqa bir alman dövləti qurdular. Bu haqqı Stalinə, Ruzveltə (Trumenə) və Çörçilə Hitler özü vermişdi – Avropa ölkələrinə hücum etməklə.

Orta əsrlər olsaydı, ermənilər İrəvanı itirərdilər

photo_76884.png (364 KB)

Ermənilər də həmin faşistlər kimi hərəkət etdiklərindən, ölkəmizin ərazisinin 20 faizini işğal edərək 28 il ərzində işğalda saxladıqlarından və ölkəmizə 100 milyard dollar civarında ziyan vurduqlarından, əslində, bizim haqqımız vardı ki, dayanmayaq, İrəvana qədər gedək. Yəni orta əsrlər olsaydı, ermənilər İrəvanı itirərdilər. Bunu etməyə gücümüz vardı.

Ancaq hamımız bilirik ki, arzu-niyyət başqadır, reallıqlar başqa. Qafqaz kimi kiçik regionda iki erməni dövləti (biri tanınmamış olsa da) quran xalqın beynəlxalq və regional havadarları güclü olduğu üçün biz haqqımız olan şeyi etmədik, aqressoru tam olaraq cilovlamaq üçün lazım olan hərəkətləri sona çatdırmadıq.

İkincisi, hələ “gecəki hücum”un ilk olaraq kimin tərəfindən başlandığı, kimin kimi təxribata çəkdiyi birmənalı şəkildə təsdiqlənməmiş təqsiri öz dövlətində görmək səbatsızlıq və məsuliyyətsizlikdir.

Vaxtilə “Seroj” essesi yazan adam niyə belə deyir...

_107560795_altaygyovcmg_photo.jpg (42 KB)

Ancaq Altay Göyüşovun bu hərəkətinin və açıqlamasının qarşılığı kütləvi söyüşlər və ağır təhqirlər olmamalıdır. Söyüşü o vaxt söyürlər ki, əldəki arqumentlər tükənir. Bizim əlimizdə isə, şükür ki, tutarlı dəlillər də var, mövqeymiz də haqlıdır. Sadəcə, onlar ard-arda, abzas-abzas yazıya almaq lazımdır.

Birinci Altay Göyüşovun nədən belə bir mövqedə olmasının motivlərinə baxaq.

Çox adam onu sonradan tanıyıb. Amma Göyüşovu ən azı 20 il əvvəldən tanıyanlar bilir ki, o, nə qədər liberal-demokrat olsa da, millətçi-vətənpərvər biriydi və öz xalqına sevgisində qüsuru yox idi. Üstəlik, A.Göyüşov erməni separatizminə qarşı olan, erməni xislətinə bələd olan adam idi. “Erməni xisləti” sözündə müəyyən şovinizm elementləri olsa da və bu, ifadə Altay Göyüşovun indiki mövqeyi ilə uzlaşmasa da, o, 20-21 il öncə yazdığı və “Yeni Müsavat”da dərc etdirdiyi “Seroj” adlı essesində ermənilərin etibarsız qövm olduğunu öz əsgərlik xatirəsi əsasında sübut etmişdi.

Hökumətə müxaliflik, yoxsa xalqa naxələflik?

Məhz buna görə, erməniləri hələ 18-20 yaşından tanıyan adam olaraq Altay Göyüşovu “səmimi ermənifil” adlandırmaq mümkün deyil. O, belə bir təmayüldədirsə, riyakarlıq edir, yox, elə bir tutumu yoxdursa, demək, son qeydlərinin motivi başqadır.

Burada Göyüşovun həmişə mövcud iqtidara qarşı müxalif mövqedə olması da öz rolunu oynaya bilər. O, xalq hərəkatına rəğbətli olub, əvvəlcə Müsavat partiyasında, sonra ReAL təşkilatının rəhbərliyində təmsil olunub. Ona görə də iqtidara müxaliflik onun düşüncəsinə həkk olunub və ola bilər ki, idarə edənlərin hər addımına müxalifətçilik etmək vərdişi oradan qalıb. Ancaq bu, iqtidar məsələsi deyil, söhbət Azərbaycan dövlətinin maraqlarından, xalqımızın ümdə mənafeyindən gedir və ixtisasca tarixçi olan Göyüşov hökumətə müxalifliklə xalqa naxələfliyi bir-birindən ayıra bilməyəcək qədər ağılsız adam deyil.

“Sənə dil verən var, Züleyxa”

332.JPG (11 KB)

Yerdə qalır üçüncü versiya. Hazırda Avropada sığınacaq tapan və oradakı donorların, siyasi-humanitar dairələrin Ermənistan-Azərbaycan müharibəsinə dair mövqelərini yaxşı bilən A.Göyüşov özünü bu konyukturaya uymağa vadar edib. Bu dairələr son 30 ildə hər fürsətdə ermənilərə qahmar çıxıb, Azərbaycanı haqsız sayıb. Azərbaycanın torpaqları uzun illər işğal altında qalanda onlar aqressora barmaq tuşlamayıblar, daima “münaqişənin dinc yolla tənzimlənməsinin vacibliyin”dən danışıblar, başqa sözlə, Azərbaycanın “dqr”in “müstəqilliyi”ni tanımasının daha doğru olacağını tövsiyə ediblər. Göyüşov da bilir ki, hansı sözü necə desə, həmin dairələrin xoşuna gələr. Yəni “Mehman” filmində prokuror Mehmanın arvadı Züleyxaya dediyi sözlə desək, Göyüşova dil verən var.

Həm də bu, onun ilk belə çıxışı deyil. 2020-ci ilin sentyabr ayında, 44 günlük müharibədən bir müddət əvvəl o, canlı videoyayım açaraq demişdi: “Mən əminəm ki, Azərbaycan ordusu müharibə aparmaq iqtidarında deyil”. Ondan iki ay sonra bayrağımız ermənilərin alınmaz qala saydıqları Şuşaya sancıldı.

Bəs ermənilərin pasifistləri, öz millətini haqsız sayanları yoxdurmu?

Vaxtilə Azərbaycanın himni çalınanda ayağa qalxıb ermənilərə qoşulan və arxasını çevirənlər də olmuşdu, xatırlayırsınızsa. Bu da həmin xətdir. Azərbaycanın üzərinə hücumlar olanda, əsgər və zabitlərimizə qarşı təxribatlar törədiləndə bir kəlmə ağzını açıb pasifistlik etməyən bəzi həmvətənlərimiz yalnız Azərbaycan hərbi gücdən istifadə edəndə dirçəlirlər, müharibə əleyhdarı olurlar.

554.jpg (264 KB)

                              Vahe Avetyan Bakıda olarkən

Baxaq, görək, bu qədər haqsız, aqressiv olmalarına rəğmən ermənilərin içində də belə pasifistlər varmı? Yoxdur. Bir az rejissor Georgi Vanyan obyektiv olmağa çalışırdı, o da öldü. Bir də yazıçı Vahe Avetyan soydaşlarının törətdiyi Xocalı qətliamına görə vaxtilə erməni xalqının adından bizdən üzr istəmiş, Bakıya dəvət olunmuş, Xocalı qurbanlarının abidəsinə əklil qoymuşdu. Ancaq 44 günlük müharibə başlayanda onun da erməni damarı yoğunladı, bizdən üz döndərdi və öz xalqının yanında durdu. Bizimkilər isə belə məsələlərdə çox ardıcıl və “sadiq”dirlər.

Özünüzdən götürün, qonşunuz hər gün sizi təhqir etsə, nə edərsiniz?

İndi necə edək? Biz toparlanmalı, özümüzə gəlməli, üstündə yaşadığımız torpaqları qoruyub, çəpərləyib, içində asudə yaşamamalıyıqmı? Bizim üstümüzə qolaylanan, təhqir edən, övladlarımıza təhlükə yaradan pis qonşuya lazımi cavab vermək hüququmuz yoxdurmu? Məişəti götürək. Hansı kişi onun çəpərinə keçib övladlarını döyən, arvadına-qızına sataşan psixopat qonşusunun qabağından qaçar, gedib məhkəməyə müraciət edər? Yəqin ki, yüzdə doxsan adam həmin qonşunun cavabını elə çəpərinin içindəcə verər.

Ermənilər həmin aqressiv qonşudurlar və 130 ildən artıqdır ki, bizimlə vaxtaşırı cəngə çıxırlar.

Havadarları olanda bizə güc gəlsələr də, iş təkbətəyə qalanda bugünkü günə düşürlər.

Ona görə də Altay Göyüşov kimi tarix müəllimləri gərək bugünkü toqquşmaya tarix prizmasından baxsınlar və anlasınlar ki, biz yüz ildən çoxdur ki, belə güclü olmağı və üstümüzə cumanların cəzasını verməyi arzulayırdıq. Nəhayət, o günləri görürük. Yoxsa ardıcıl məğlubiyyətlər, daima qapazaltı olmaq millətin qürurunu heçə endirmiş, onda natamamlıq kompleksi yaratmışdı. Millət indi-indi özünə gəlir.

 Söhbətin sonunda yad fikir deyənin kütləvi təhqir edilməsi məsələsinə bir də qayıdaq. Altay Göyüşovun özü nə qədər zərərli düşüncədə olsa da, onun atası görkəmli ziyalı olub cə oğluna əzəmətli Altay dağının adını qoyarkən onun da elə olmasını arzu edib. Fəqət o, bilə bilməzdi ki, oğlu Altay zəhərli və zərərli sözləri ilə öz xalqının sinəsinə dağ çəkəcək.

Göyüşovun bu düşüncədə olması bir dərddirsə, bu ölkədə ona dəstək verən yüzlərlə adamın olması da başqa dərddir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR