Xəbər verdiyimiz kimi Almaniyada koronavirusla bağlı ciddi şəkildə testlər keçirilir. Bu səbəbdən də virusa yoluxma ehtimalı olan insanların da sayı hər gün artır.
Lakin maraqlıdır ki, bu ölkədə virusdan dünyasını dəyişənlərin sayı digər Avropa ölkələrinə nisbətən xeyli azdır. Mütəxəssislər bunu Almaniyada ciddi şəkildə test tədbirlərinin keçisilməsini göstərir. Yoluxanların arasında yaşlı insanların az olması da diqqət çəkir.
Beləliklə, Almaniyada 15 mindən çox insanın koronavirusa yoluxmasına baxmayaraq, sadəcə 44 insan dünyasını dəyişib. Bu isə kifayət qədər müzakirələrə səbəb olub. Cənubi Koreya qədər həddindən artıq testlər keçirən Almaniya ölü sayına görə İtaliya, İspaniya, Fransa və eləcə də ABŞ-dan dəfələrlə geridədir. Almaniya mətbuatının yazdığına görə virusa yoluxanların əksəriyyəti gənclər olduğundan onlar da tez bir zamanda sağalırlar.
Qeyd edək ki, Almaniyada bir həftədə 150 min insana test tətbiq edilib. Maraqlıdır ki, koronavirusa yoluxanların 80 faizi 60 yaşa qədər olanlardır. Bu da virusdan ölüm hallarını xeyli azaldır. Bununla belə mütəxəssislər qeyd edir ki, ölü sayının az olmasına baxmayaraq, Almaniya hələ ki, koronavirus probleminin ilk mərhələsindədir. Vəziyyətin bundan sonra pisləşəcəyi ehtimal olunur.
Xatırladaq ki, Almaniya hökuməti ölkədə koronavirus aşkar olunan andan ciddi tədbirlər həyata keçirməyə başladı. İlk öncə ölkənin ən böyük əyaləti olan Bavyeraya iki həftəlik giriş-çıxış bağlandı. Bu qərarın başqa böyük əyalətlər üçün də keçərli olacağı istisna edilmir. Merkel hökuməti bir neçə gün öncə ölkədəki bütün təhsil müəssisələrini, fabrikləri, insanların kütləvi toplaşdığı məkanları və barları bağlamışdı. Baş nazir Angela Merkel koronavirusu “İkinci Dünya mübaribəsindən sonra ən böyük olay” adlandırmışdı.
Almaniya mətbuatının yazdığına görə bazar günü baş nazir Merkel böyük toplantı keçirəcək və bütün ölkədə evdən çölə çıxma qadağası elan edəcək.
Xalidə Gəray,
Musavat.com






