İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın keçmiş baş naziri Qərbi darmadağın edən kitab yazıb, Rusiyanı haqlı çıxarıb

4027 27.03.2021 19:29 Siyasət A A

İsveçrə qəzeti Şröderin kitabına tənqidi məqalə həsr edib, onu Putinə yaltaqlanmaqda suçlayıb

“Almaniyanın keçmiş kansleri Gerhard Şröder ABŞ-ın himayəsi olmadan yeni dünya düzəni arzulayır. Onun Qreqor Şölligenlə birlikdə yazdığı yeni kitab isə hər kəsdən öncə Vladimir Putini sevindirəcək”.

Musavat.com xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin mövzuya həsr olunmuş analitik yazısında sabiq kansler sərt şəkildə tənqid olunub.

“Üzərində hər hansı məsuliyyət daşımayan adam həmişə iri miqyasda düşünür”,-deyə müəllif Hans Peter Bartels Almaniyanın keçmiş liderinin kitabına bu sözlərlə qiymət verib. Yazı müəllifi G.Şröderin kitabında “NATO-ya ehtiyac qalmadığı”, “Avropa Birliyinin fövqəldövlətə çevrilmədiyi təqdirdə süquta uğrayacağı”, “BMT-nin yalnız islahatlarla xilas oluna biləcəyi” barədə fikirlərini olduqca bəsit adlandırıb.

Hans-Peter Bartels keçmiş kanslerin “Qərb dünyasının öz axmaqlığı və fərsizliyi ucbatından hakim mövqeyini itirməsi”, “Avropanın ABŞ-ın asılılığından qurtularaq Rusiya ilə müstəqil münasibətlər qurması”, habelə, “güclü Avropa ordusunun yaradılması” barədə tezislərini də qeyri-səmimi hesab edir.
Kitabında Qərbi acı ifadələrlə tənqid etməkdən çəkinməyən Gerhard Şröder Rusiya və onun lideri Vladimir Putini ağızdolusu tərifləməkdən çəkinməyib. Bu, “Neue Zürcher Zeitung” yazarının diqqətindən qaçmayıb.

Maraqlıdır ki, Gerhard Şröder Rusiya ilə bağlı müsbət fikirlərini möhkəmləndirmək üçün tarixə də müraciət edib. Onun II Dünya müharibəsinin başlanmasına gətirib çıxaran bədnam “Ribbentrop-Molotov” paktını az qala müsbət çalarlarla qiymətləndirməsi və burada İosif Stalinə haqq qazandırmağa çalışması Hans Peter Bartelsin təpkisinə səbəb olub.

“Bənzər arqumentlər alman faşizmi üzərində Qələbənin 75 illiyində Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən də irəli sürülüb. Putinin sözlərinə görə, pakt əsasında Polşadan zorla alınan ərazilər (Qərbi Ukrayna və Qərbi Belarus) zatən əvvəllər də Rusiyaya məxsus olub.

Lakin Şröder nədənsə Almaniyanın tarixi torpaqları sayılan Köniqsberq (indiki Kalininqrad) və Sileziyanın (böyük hissəsi indiki Polşadadır) geri qaytarılması barədə susmağa üstünlük verir. Doğrudur, almanlar II Dünya müharibəsindən sonra sərhədlərin yenidən təftişinə geri qayıtmadılar və buna görə bütün dünya onlara minnətdardır. Bəs o zaman Rusiya üçün eyni sözləri söyləmək mümkündürmü? Putin Rusiyası bu günə qədər SSRİ-nin dağılmasının nəticələri ilə barışmır və yeni yaranan respublikaların suverenliyini qəbul etmir”, - deyə müəllif Hans-Peter Bartels Şröderə sual ünvanlayır.
“Gerhard Şröder öz ölkəsindən fərqli olaraq Rusiyanın dünya düzənini təftiş etmək ideyasına olduqca sakitliklə yanaşır. Üstəlik indinin özündə belə Şərqi Avropa ölkələri aqressiv böyük qonşularına tərəf qorxu ilə boylanırlar. Buna onların haqqı da çatır. 1994-cü ildə Budapeştdə imzalanan memorandumda Ukraynanın ərazi bütövlüyünü tanımasına rəğmən Rusiya Krımı işğal etməklə onun müddəalarını tamamilə pozub. Kitabda isə Krımın ilhaqı Rusiyanın özünü müdafiə etməsi kimi dəyərləndirilir. Aleksey Navalnının zəhərlənməsi məsələsinə münasibət bildirən Şröder “məgər bunun üçün əsaslı sübutlar varmı” deyərək, əslində Vladimir Putinin vəkili rolunda çıxış edir”,-deyə müəllif keçmiş kansleri Rusiya qarşısında zəiflikdə günahlandırır.
Məqalədə Şröderin sözügedən əsərindəki “Rusiya ilə sabit münasibətlər olmadan Avropanın gələcəyi yoxdur”, sözlərinə də toxunulub.
“Ola bilər ki bu belədir. Lakin dünya tarixi bizlərə avtokratların nəyə önəm verdiyini, habelə onlarla yalnız güc dili ilə danışmağın lazım olduğunu öyrədib. Avtoritar liderlər zəifliyə ikrahla baxırlar və ondan yalnız öz məqsədləri üçün istifadə edirlər. Ona görə də Gerhard Şröderin azad Qərbin zəiflikləri barədə kitabı orda böyük həzz və ləzzətlə oxunur,-deyə yazının sonunda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR