İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan deport edilənlərin həbsinin səbəbi - iqtidara tənqid, yoxsa...

1607 02.06.2022 08:40 Gündəm A A

Azərbaycanda həbs edilən keçmiş mühacirlərin ailələri mayın 31-də Almaniya səfirliyi qarşısında etiraz aksiyası keçirib. “Yeni Müsavat” bildirir ki, onlar Almaniya hökumətini təqsirləndirirlər. “Almaniya qeyri-qanuni olaraq onları Azərbaycana satdı və ölkəyə gələn kimi hamısı həbs edildi” - etirazçılardan biri deyib. Etiraz edən ailələr bir müddət əvvəl həbs edilən Samir Aşurov, Pünhan Kərimli, Ziya İbrahimli, Cəfər Mirzəyev və digərlərinin yaxınlarıdır. P.Kərimlinin atası Vahid Kərimov deyib ki, oğlunun məhkəməsi açıq keçirilsə də, ailə üzvləri, hüquq müdafiəçiləri, media nümayəndələri ora buraxılmır. Etirazçılar artıq eyni şikayətlə 3-cü dəfədir səfirliyə müraciət etdiklərini bildiriblər.

Daha əvvəl də Almaniyadan Azərbaycana qaytarılan mühacirlər müxtəlif səbəblərlə həbs olunub. Sonuncu dəfə mayın 20-də tənqidçi mövqeyi ilə tanınan Ziya İbrahimli Bakı Hava Limanında həbs edilmişdi. 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında saziş imzalanıb. Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur. Dövlət Miqrasiya Xidməti 2021-ci ildə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb. Onların 39 nəfəri Almaniyadan qaytarılıb.

Bu göstərici 2020-ci illə müqayisədə 2,9 faiz artıb. Readmissiya ilə bağlı sorğu sayı isə 440 olub. Avropa İttifaqı ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub. Daha 4160 şəxsin sorğusu müsbət cavablandırılıb, 2147 nəfərin isə readmissiyası nəzərdə tutulur. Bəs Almaniyadan deportasiya edilənlərin  həbs olunmaları hansı zərurətdən irəli gəlir? Onlar xaricdə olarkən hakimiyyət əleyhinə fəaliyyət göstərdikləri üçün təqib edilirlər, ya başqa əlaqələrdə şübhəli bilindikləri dövlət üçün narahatlıq yaradır? Qəribədir ki, Almaniya hökuməti heç bir reaksiya vermir. Keçmiş deputat Hüseyn Abdullayevin də Bakıya ekstradisiyasına rəsmi Berlin münasibət bildirməyib.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Bir şəxsi ölkəsində həbs gözləyirsə, onu deportasiya etmək qadağandır”

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, həbs olunanları şəxsən tanımır, mətbuatdan izləyir: “Media yazır ki, Avropaya gediblər, müxtəlif tədbirlərdə iştirak ediblər, müsahibələr veriblər, tənqidi fikirlər səsləndiriblər, hökumətin nəzarətinə düşüblər, geri qaytarılan zaman həbs olunublar. Hazırda hansı nüanslar var, onu araşdırmalar müəyyən edə bilər. Bu şəxsləri müdafiə edən vəkillər var, yəqin ki, daha geniş məlumat əldə edəcəyik. Amma məndə də müəyyən şübhələr var ki, onların müxalifətçi fəaliyyətinə görə bu əməliyyat qurulub. Əvvəllər də belə hallar olub və gözləniləndir. Ona görə bir çoxu Almaniya hökumətini qınayır ki, bu şəxslərin aqibətini fikirləşmədən deport edib”.

Ə.Mustafayev dedi ki, əgər bir şəxsi ölkəsində həbs gözləyirsə, onu deportasiya etmək qadağandır: “Bu, ümumi qəbul edilmiş qaydadır. Çünki əvvəllər də belə həbslər baş verib, amma Almaniya yenə bu işləri davam etdirir. Yəqin ki, Almaniya hökuməti bundan nəticə çıxaracaq. Mən istəməzdim ki, onların qayıdışı problem olsun. Elə şərait yaradılmalıdır ki, onlar təhlükəsiz şəkildə vətəndə yaşasınlar. Biz eşitmişik ki, saxta sənədlə mühacirətə gedənlər olub, indi bu həbslərdən sonra qanunsuz yolla gedənlərin deportasiyasının qarşısı alınacaq”.

Ə.Mustafayev qeyd etdi ki, cinayət işləri var, hüquq-mühafizə orqanları istintaqın davam etdiyini söyləyir: “Qınamaq da çətindir ki, niyə gələn kimi dərhal sorğu-sual olunurlar. Hüquqi yanaşmadır. Faktlar göstərir ki, həbs edilmiş şəxslər saxta sənəd ittihamı ilə tutulmayıblar. Onların hamısı müxtəlif maddələrlə, əsasən narkotiklə ittiham olunurlar. Bu da şübhələr yaradır. Çünki dələduzluq ittihamı irəli sürməyiblər”.

Qulamhüseyn Əlibəyli: Co Baydenin “genosid” ifadəsini işlətməsinin heç bir  hüquqi əsası yoxdur

Qulamhüseyn Əlibəyli: “Saxta sənəd düzəldərək mühacirətdə olublar, sonra da həmin dövlət onları deportasiya edib”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, həbs olunan keçmiş mühacirlər tanınmış adamlar deyil: “Onlar siyasətin içində olmayanlardır. Əlbəttə, tənqidi mövqedən çıxış edə bilərlər, amma siyasətçi deyillər. Görünür, onları tənqidi çıxışlarına görə həbs ediblər. Biz deyə bilmərik ki, bu şəxslər mühacirətdə olduğu dövrdə hansısa şübhəli əlaqələr qurublar, ya yox. Amma deportasiya edilənlərin həbsinə və xüsusi araşdırmaya ehtiyac yoxdur. Sadəcə, saxta sənəd düzəldərək mühacirətdə olublar, sonra da həmin dövlət onları deportasiya edib”.

Hökumət rəsmiləri isə bəyan edir ki, Almaniyadan deport edilən şəxslər siyasi səbəblərlə saxlanılmır, onlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR