İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadakı mühacir qadının intiharının səbəbi

3434 23.07.2019 08:50 Gündəm A A

Son 10 gündə adıçəkilən ölkədə miqrantlar arasında üç özünəqəsd cəhdi baş verib

Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqın düşərgəsində intihar hadisəsi baş verib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə,  qaçqın kampında yaşayan Məmmədova Humay iki gün əvvəl dərman içməklə özünə qəsd edib. 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, xəstəxanada dünyasını dəyişib. 40 yaşlı qadının intiharına ilkin səbəb kimi “Dublin” qərarının obyektiv araşdırılmaması olub.

Məlumata görə, Humay Məmmədova 1979-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbçi kimi çalışıb və sağlamlığında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.

Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib. Ə.Əliyevin sözlərinə görə, bu gün başqa bir azərbaycanlı xanım da Berlində özünə qəsd edib. O, hazırda xəstəxanadadır.

Hüquqşünasın sözlərinə görə, bu, son 10 gündə Almaniyada üçüncü intihara cəhd hadisəsidir.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Deggendorf düşərgəsi ümumən ağır şəraitlidir və orada azərbaycanlı ailələr çoxluq təşkil edir. Haqqında danışılan qadın isə 9 yaşlı qızı ilə bu düşərgədə qalırdı. Ortada Dublin prosesi ilə bağlı ləngimələr olub. Belə ki, viza alıb Avropa Birliyi ölkələrindən hansısa birinə daxil olursansa, orada qaçqın statusu üçün müraciət edirsənsə, səni həmin ölkəyə qaytarırlar. Macarıstan vizası ilə gəlmisənsə, Almaniyadan sığınacaq istəyirsən və bu zaman səni Macarıstana qaytarırlar. Çünki sən Macarıstandan sığınacaq istəməlisən. İlk viza aldığın ölkə odur.

Məlumatlarda həmçinin qeyd olunur ki, H.Məmmədova adlı qadın da Dublin prosesinə düşüb və proses düzgün aparılmayıb. Almaniyanın müvafiq idarəsi Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədir. Qadın hesab edib ki, sözügedən idarənin Deggendorf şəhərindəki şöbəsində iş düzgün araşdırılmayıb və buna etiraz əlaməti olaraq dərman qəbul edərək, həyatına qəsd edib. Xəstəxana ilə düşərgə arasındakı məsafə böyük olsa da, onu 15 dəqiqə ərzində xəstəxanaya çatdırıblar. Bir-iki gün boyunca xəstəxanada qalan qadının həyatını həkimlər xilas edə bilməyiblər.

Qadının özündən sonra 9 yaşlı qızı qalıb və onu Almaniyada yaşayan bacısına əmanət edib. Xəstəxanaya aparılanda “qızımı bacıma verin” deyib. Əldə etdiyimiz bir başqa məlumatda isə bildirilir ki, Günay adlı bir başqa azərbaycanlı xanım da eyni səbəblərlə dərman içərək intihar edib və hazırda xəstəxanadadır.

SEVİNC,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR