Ötən həftə dünya, eləcə də Türkiyə və Almaniya mətbuatınının manşetlərini Almaniya millisinin üzvü, türk əsilli futbolçu Məsud Özillə bağlı məlumatlar bəzədi. Futbolçuya qarşı irqçi münasibət, ümrə ziyarətində, Məkkədə çəkdirdiyi şəkillərə görə dininə-inancına görə hücumlara məruz qalması, nəticədə onun alman milli komandasından ayırlması, xüsusən də futbolçunun maraqlı bəyanatı geniş müzakirələrə yol açdı, hətta Almaniyanın özündə etiaz aksiyasına səbəb oldu.
Xatırladaq ki, futbolçu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, şəkil çəkdirdikdən sonra alman azarkeşləri tərəfindən xoş qarşılanmayıb və təzyiqlərə məruz qalıb. Hətta Almaniya rəhbərliyi də futbolçunu hədəfə aldı. DFB rəhbəri Raynhard Qrindel isə yaranmış vəziyyətdən sonra onu yanına çağırmışdı. Nəticədə futbolçu irqçiliyin qurbanı olduğunu bəyan edərək, alman millisindən ayrIlmışdı.
Məsud Özil kimdir?
M.Özil 1988-ci il oktyabrın 15-də Almaniyanın Gelzenkirhen şəhərində anadan olub. Atası Mustafa Özil, anası isə Gülizar Özildir. Məsud Özilin ailəsi hazırda öz ata yurdları olan Türkiyənin Zonquldaq vilayətinin Devrək rayonunda istirahət edir. Ailə üzvlərindən Məsud Özilin böyük qardaşı, həm də onun meneceri olan Mutlu Özil, anası Gülzar və atası Mustafa Özillər mediaya çıxmaq istəməsələr də, xalq tərəfindən göstərilən sevgidən və verilən dəstəkdən dolayısı təşəkkürlərini bildiriblər.
Məsud Özil Almaniya millisində 10 il oynayıb. O, karyerası dövründə Almaniyanın “Şalke”, “Verder”, İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. Hazırda İngiltərənin “Arsenal” komandasında çıxış edən 29 yaşlı Məsud Özil dünya çempionu və gənclər arasında Avropa çempionu tituluna sahibdir. Futbolçu həmçinin Almaniya kubokunun, İngiltərə kubokunun, İspaniya çempionatının və kral kubokunun qalibidir. Türk olduğu üçün Almaniya cəmiyyətinin təzyiqləri ilə üzləşən Məsud halbuki nə az, nə çox, 5 dəfə Almaniya millisinin ən yaxşı oyunçusu seçilib. O, intizamlı futbolçulardan sayılır. Məsud Özil Almaniya yığması tərkibində həlledici oyunlarda çıxış müddətində cəmi iki dəfə sarı vərəqə alıb.

2009-cu ildən Almaniya millisinin formasını geyən futbolçu 92 oyunda 23 qol vurub və 28 məhsuldar ötürmə verib. O, 2014-cü ildə Almaniya milli komandasının heyətində dünya çempionu olub.
2018-ci ilin dünya çempionatında Almaniya millisi gözlənilən oyunu göstərə bilmədi. Lakin futbol mütəxəssisləri də dəfələrlə qeyd ediblər ki, bu məsələdə tək Məsudu suçlamaq doğru deyil.
Bütün bu nailiyyətlərinə baxmayaraq alman cəmiyyəti onun prezident Ərdoğanla görüşməsini, şəkil çəkdirməsini həzm edə bilmədi. Əksəriyyət də qeyd edir ki, əslində alman cəmiyyətinin Məsud Özilə olan bu cür münasibəti almanların Türkiyə prezidenti Ərdoğana qarşı olan kinli mövqeyindən irəli gəlir.
Azərbaycandan da böyük dəstək
Məsud Özilin irqçiliklə üzləşməsi Azərbaycanda da narazılıqla qarşılanıb. Sosial şəbəklərdə minlərlə vətəndaş, azarkeşlər futbolçuya dəstək verdi, mətbuatda qalmaqalla bağlı müzakirələr aparılıb.

Məsələ ilə bağlı idman eksperti Aydın Bağırov “Yeni Müsavat”a danışıb:
“Azərbaycan tərəfindən baxanda bizə bir qədər fərqli gəlir, amma orada məsələ başqadır. Məsələn, xatırlayıram ki, ötən il Azərbaycan və Almaniya futbol matçından sonra Almaniya Futbol İttifaqının prezidenti mətbuat konfransında çox maraqlı açıqlama vermişdi. Biz onun futboldan danışacağını gözləsək də, o Cavid Hüseynovla bağlı qalmaqaldan söz açdı. Bildiyiniz kim,i C.Hüseynovun adı jurnalistin qətl işində hallanırdı. Prezident çox sərt şəkildə bəyanat verərək bildirdi ki, “qətl hadisəsində adı hallanan futbolçunun bizə qarşı oynamağInı qəbul edə bilmərik”. Təbii ki, bu cür məsələlərdə verilən qərar ona aid ola bilməzdi, lakin bu cür bəyanatın özü sərt təpki idi.
Məlum olduğu kimi, bu günlərdə Almaniya cəmiyyətində tanınmış futbolçu Məsud Özilin Türkiyə prezidenti ilə görüşməsi, şəkil çəkdirməsi sərt, neqativ reaksiyalarla qarşılandı. Bu, siyasi bir məsələdir. Lakin idmanda belə bir qızıl qayda var ki, “idman siyasətdən kənar olmalıdır”. Baxmayaraq ki, idman da bir siyasətdir, lakin idman ümumilikdə siyasətdən kənarda qalmalıdır.
Məsud Almaniya kimi demokratik bir ölkənin vətəndaşıdır və o, istədiyi bir şəxslə, hətta hansIsa dövlətin başçısı ilə görüşüb şəkil çəkdirə bilər. Məsuda qarşı isə çox ciddi basqılar, təzyiqlər oldu. Hətta bu yaxınlarda keçirilən dünya çempionatında Almaniya cəmiyyətində, mediada komanda barəsində nə qədər işıqlandırılırdısa, bir o qədər də Məsudun və digər türk əsilli futbolçuların Türkiyə prezidenti ilə görüşməsinə reaksiyalar bildirilirdi. Bu da istər-istəməz bir futbolçunun oyununa birbaşa təsir edən amildir. Görünür, bu da onun oyuna siyarət etmişdi. İctimai və medianın rəyi çox güclüdür.
Bütün bunlardan sonra o, bildirdi ki, “qazananda alman, uduzanda isə köçkün oluram”. Bu çox ciddi bir açıqlama idi və vəziyyətin nə yerdə olduğunu göstərirdi. Mənə görə bu qədər təzyiq qarşısında onun komandadan getməsini adi qiymətləndirmək olmaz. O da insandır və bütün bunlara tab gətirə bilmir. Məsələ burasındadır ki, ona ciddi dəstək də olmadı. Ona görə də onun getməsini normal qəbul etmək lazımdır”.
Xalidə Gəray
“Yeni Müsavat”






