İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya sosial-demokratlarının reytinqi anti-rekordu təzələyib

548 16.02.2018 16:14 Dünya A A

Bundestaqa sentyabr seçkilərində ölkənin müharibədən sonrakı tarixində ən pis nəticə göstərən (20,5 faiz) Almaniya sosial-demokratik partiyasının (ASDP) reytinqi təşkilatda baş verən kadr dəyişiklikləri fonunda aşağı düşməyə davam edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Infratest dimap” sosioloji institutunun fevralın 15-də dərc olunan sorğusunun nəticələrində əksini tapıb.

Tədqiqata əsasən, hazırda ASDP-ni almanların 16 faizi dəstəkləyir. İnstitutun iki həftə əvvəl keçirdiyi son sorğudan bəri ölkənin ən qədim partiyasının populyarlıq göstəricisi 2 faizə qədər aşağı düşüb. INSA institutunun fevralın 12-si “Bild” qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticəsi isə ASDP-nin dəstək reytinqinin 16,5 faiz olduğunu göstərib.

“Infratest dimap” sosioloji institutunun tədqiqatına əsasən mühafizəkar Xristian-demokratik və Xristian-sosialist ittifaqlarının (XDİ-XSİ) və Sol partiyanın reytinqi dəyişməz qalıb – bu siyasi qüvvələr əvvəlki kimi müvafiq olaraq 33 və 11 faiz dəstəyə malikdir. “Almaniya üçün alternativ” partiyasının populyarlıq reytinqi 1 faiz artaraq 15 faizə, “İttifaq-90”/“yaşıllar” partiyasının populyarlıq reytinqi isə 2 faiz artaraq 13 faizə çatıb. Həmçinin Azad demokratik partiya iki həftə ərzində dəstəyini 1 faiz itirib (9 faiz).

Sorğu 13-15 fevral tarixlərində, təxminən min nəfər arasında keçirilib.

Qeyd edək ki, ASDP partiyasının rəhbəri Martin Şuls fevralın 13-də istefaya getdiyini bildirib. Partiyanın idarə heyəti isə yekdilliklə bu vəzifəyə Bundestaqda sosial-demokratlar fraksiyasının rəhbəri Andreu Nalesin namizədliyini irəli sürüb. ASDP aprelin 22-də növbədənkənar qurultayda yeni liderini seçəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR