Almaniya miqrantların inteqrasiyası proqramını təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu proqram beş səviyyədən ibarətdir, onun təfərrüatı isə bəndlərin sayını yüzə çatdırır.
Birinci mərhələ Almaniya ilə sərhədi keçməmişdən əvvəlki vaxta aiddir. Bu mərhələdə miqrant hələ vətəndə olarkən diplomlara aid, təhsil və sair tələblər haqqında məlumat toplamalıdır. Bu, ilk növbədə, ixtisaslı kadrların işə cəlb edilməsi proqramı çərçivəsində Almaniyaya gedənlərə aiddir.
İkinci mərhələ ilkin inteqrasiya tədbirlərini - dil biliklərini, gündəlik həyata başlanmasını, təhsil keyfiyyətlərinin tanınmasını əhatə edir.
Üçüncü mərhələ əmək bazarına inteqrasiyaya həsr edilib.
Dördüncü mərhələ miqrantın cəmiyyətin bir hissəsi kimi böyüməsinin əsaslarına aiddir. Buna sosial ödəmələr, səhiyyə sisteminə vergilərin ödənilməsində iştirak, idman və mədəni tədbirlərdə iştirak daxildir.
Beşinci mərhələdə isə əsas diqqət vətənpərvərliyin dərinləşdirilməsinə yönəlmiş tədbirlər yer alıb. Bu mərhələdə miqrant Almaniyanın ictimai həyatında və bəlkə də ölkənin siyasi həyatında iştirakını nümayiş etdirməlidir.
Federal hökumətin başçısı Angela Merkel bu proqramı təqdim edərək nəzəriyyəni praktikada tətbiq etməyə çağırıb.






