Türkiyəyə düşmən kəsilən 14 türk əsilli deputatlar...
Almaniya mətbuatı son vaxtlar türk millətçiləri haqqında dönə-dönə yazırlar. Türk millətçilərini “faşist”, “sağ ekstremist” adlandırmaqdan sanki ləzzət alırlar. Məsələn, “Die Frankfurter Rundschau” nəşri yazır ki, əsası 1968-ci ildə Alparslan Türkeş tərəfindən qoyulan Milliyətçi Hərəkat Partiyasının Almaniyada 18.500 nəfər üzvü var və bu ciddi narahatlıq doğurur.
Bu narahatlığın arxasında nə dayanır? Söhbət ondan gedir ki, istər Türkiyədə, istərsə də xaricdə türk millətçiləri prezident Tayyib Ərdoğana ciddi dəstək verirlər. Bu isə Almaniyanın xoşuna gəlmir. Çünki Almaniya Türkiyə prezidentinin yeritdiyi müstəqil siyasətdən qətiyyən məmnun deyil. Onlar hesab edirlər ki, Tayyib Ərdoğan Qərbin maraqlarına qarşı çıxır. Bu isə Almaniyanın da çıxarlarına ziddir.
Orası da var ki, Almaniyada yaşayan türklər dəfələrlə Tayyib Ərdoğana ən yüksək səviyyədə dəstək nümayiş etdiriblər. Xüsusən Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində Almaniyanın (eləcə də digər Avropa ölkələrində -E.H.) bir çox şəhərlərində türklər izdihamlı mitinqlər keçirərək Ərdoğanın yanında yer aldıqlarını göstəriblər. Bu göstəri isə Almaniyada təşviş doğurub. Yerli siyasətçilər hesab edirlər ki, Almaniyada yaşayan türklər Türkiyə haqqında yox, Almaniyaya inteqrasiya olmaq haqqında düşünsələr daha yaxşı olar.

Xatırladaq ki, Almaniya Avropa Birliyində əhalisinin çoxluğuna görə birinci yerdə gedir. Bu ölkədə yaşayan 83 milyon nəfərin isə 3 milyonu Türkiyə əsilli insanlardır. Məntiqlə 3 milyon türkdən cəmi 18.500 nəfərinin millətçi olması aşırı səviyyədə əndişə yaratmamalıdır. Ancaq bu əndişə bütün sərhədləri keçib.
Onu da qeyd edək ki, son parlament seçkilərində 14 nəfər Türkiyə əsilli şəxs Almaniyada millət vəkili seçilib. Öncəki seçkidə isə onların sayı 11 nəfər idi. İlk baxışda əla göstəricidir. Ancaq Almaniyada millət vəkili seçilən heç bir türk deputat nəyinki Türkiyənin maraqlarından çıxış etmir, tam əksinə, Türkiyənin maraqlarına qarşı cəbhədə yer alırlar. Özü də xüsusi qabalıqla. Məsələn, erməni millətçilərini hər fürsətdə alqışlayan Fransada Milliyətçi Hərəkat Partiyasının fəaliyyəti rəsmən qadağan edilib. Almaniya da eyni addımı atmaq istəyir. Və...
Sevim Dağdelen, Cem Özdemir və digər Türkiyə əsilli deputatlar Milliyətçi Hərəkat Partiyasının Almaniyada qadağan olunmasında təkid edirlər. Almaniyanın seçki mexanizmi elə qurulub ki, Türkiyəyə simpatiyası olan heç bir türk parlamentə seçilə bilməz. Bütün hallarda bu istisna olunur. Almanlardan daha çox alman olan türklərin isə belə bir şansı var. Belələri isə bütün çirkin işlərin məsuliyyətin öz üzərinə götürürlər. 2016-cı ilin iyun ayının ikisində Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı. Parlament müzakirələrində isə Türkiyə əsilli deputatlar Osmanlı İmperiyasını ittiham etmək üçün sıraya düzülmüşdülər. Onlar "Erməni qanunu” adlanan sənədi xüsusi canfəşanlıqla müdafiə edirdilər.
İctimai müstəvidə də biz bunu aydın şəkildə görürük. Məsələn, Almaniyada “Arsenal”ın türk əsilli alman futbolçusu Mesut Özilə xoş olmayan münasibət formalaşıb. Səbəbi də bəllidir. O, prezident Tayyip Ərdoğanla dəfələrlə görüşüb. Bu isə Almaniyada qıcıq yaradıb.
“Die Frankfurter Rundschau” yazır ki, Almaniyanın bir sıra əyalətlərində “Boz Qurdlar” deputat mandatı uğrunda mübarizəyə atılıb. Belə ki, hələ 1996-cı ildə Alparslan Türkeş “Boz Qurd”lara göstəriş vermişdi ki, onlar Almaniyanın nüfuzlu siyasi partiyalarında yer alsınlar və Almaniyanın siyasi həyatında fəallıq göstərsinlər. Onlar Türkiyədən idarə olunurlar və Almaniyanın daxili işlərinə Türkiyə iqtidarının maraqları çərçivəsində müdaxilə etməyə çalışırlar.
“Die Frankfurter Rundschau” nəşri də Almaniyanın “Die Welt”, “Der Spiegel” kimi nüfuzlu media orqanları kimi Almaniyada Milliyətçi Hərəkat Partiyasının qadağan olunmasına çağırır. Qəzet əmindir ki, Almaniya da Fransanın yolu ilə getməlidir.
Elbəyi Həsənli, Sürix
Türkische Rechtsextreme in Deutschland: Lokalpolitik im Visier | Politik (fr.de)






