Qanun nə deyir?
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafeyinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Ailə Məcəlləsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə aliment ödənilməsi üçün saziş bağlamaq hüququna malikdirlər. Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Alimentin məbləğini isə qanunvericilik bu cür müəyyən edir: Bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dördə biri, 2 uşağa görə üçdən biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyət, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin, əmək qabiliyyətini itirmiş qadınlara da aliment ödənilməlidir. Əgər məhkəmə boşanan şəxsə qarşı qətnamə çıxarırsa və icra vərəqəsi verirsə, qətnamə icra edilməlidir. Aliment məhkəmə qərarından 5 gün sonra ödənilməli, atanın iş yerinə xəbər verilməlidir. Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz. Aliment ödəməkdən yayınan şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (Məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər.
Xarici ölkələrin qanunvericiliyi daha sərtdir
Xarici ölkələrin əksəriyyətində qanunda nəzərdə tutulub ki, vətəndaş işləmirsə, o, qanuna əsasən məşğulluq idarəsində qeydiyyata alınmalıdır. Məşğulluq idarəsi isə üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin şəxsin işlə təmin edilməsinə çalışır. Məsələn, Rusiyada hökumət borca görə köləlik institutu yaradıb. Məhkəmə icraçıları aliment ödəməyənləri məcburən işə düzəldirlər. İşsiz aliment ödəməyənləri əmək birjası vasitəsilə işlə təmin edirlər. Bir sözlə, boşanma uşaq qarşısında məsuliyyətdən azad etmir. Əgər əvvəllər aliment ödəməyən məhkəmədə bəyan edə bilərdi ki, günahkar deyil, guya iş yoxdur, indi isə bu arqument işə keçmir. Əmək birjası arayış verəcək ki, vətəndaşa harada və hansı vakansiyalar təklif edilib. “İcranın keçirilməsi haqda” qanuna əsasən, məhkəmə icraçıları əmlakın qiymətləndirilməsi üçün vətəndaşların evinə onların olmadığı vaxt daxil ola bilərlər. Borcluların (aliment ödəməyənlər, kreditlər üzrə borclular, məbləği bir neçə min manatı keçən vergi və cərimələri ödəməyənlər) xaricə getməsinə müvəqqəti məhdudiyyət də qoyulub. Bu kimi qanunlar Avropa ölkələrinin əksəriyyətində qəbul edilib. Həmçinin, bir çox ölkələrin praktikasında var ki, əgər kişi aliment ödəmirsə, ona məxsus əşya və ya mülkü satıb aliment ödəyir.
Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova deyir ki, alimentlə bağlı 2 növ müraciət daxil olur. Bəzi xanımlar rəsmi nikahda yox, molla kəbinində yaşayırlar. Onlar bilmirlər ki, aliment almaq üçün məhkəməyə müraciət edə və aliment tələb edə bilərlər. Məhkəmənin qərarı var ki, kişi öz uşağı üçün aliment ödəməlidir, amma qadın bu alimenti ala bilmir. Kişilərdə belə bir fikir formalaşıb ki, əgər o, həyat yoldaşı ilə yaşamırsa, deməli, ona bir qəpik pul ödəməli deyil. İkinci və əsas problem məhkəmə icraçılarındadır. Məhkəmə icraçılarına qadınlar müraciət edəndə ki, aliment ödənilmir, onlar müxtəlif bəhanələr edirlər. Baxmayaraq ki, bu, məhkəmə icraçılarının borcudur". Mətanət Əzizovanın sözlərinə görə, aliment verməyənlərlə bağlı müraciətlərin sayı artıb: “Son vaxtlar boşanmaların sayının artması bu problemin çoxalmasına da səbəb olub. Bəzi qadınlar öz hüquqlarını bilmir, onlar müraciət etmək üçün hansı sənədlər lazım olduğunu da bilmirlər. Elə qadınlar da var ki, məhkəmədən qorxurlar. Başqa bir problem isə kişi işlədiyi idarədə vergidən yayınmaq üçün mühasibatlıq sənədində aldığı maaşın məbləğini az yazdırır. Ancaq reallıqda çox maaş alır. Bu da aliment verilməsində yaranan problemlərdən biridir. Alimentin miqdarının çox az olmasına səbəb olur. Bəzən aliment 30-40 manat da olur. Çox zaman da məhkəmədə kişilər işləmədiklərini deyərək, alimentdən boyun qaçırmaq istəyirlər. Elə bilirlər ki, bu işə yarayacaq”. Onun fikrincə, alimentin məbləği artırılmalıdır: “Əgər məhkəmədə kişi işlədiyini və maaşını açıqlayıbsa, uşaqların sayına uyğun olaraq, onun maaşından faiz tutulur. Ən azı 72 manat hər uşağa məhkəmə aliment ayırmalıdır. Problem ondadır ki, heç bu 72 manatı da ödəmirlər. Hər il uşağın ehtiyacları artır. Əgər insanlar sivil şəkildə boşanırlarsa, məsələn, hər il 10% aliment artırılsa, daha yaxşı olar. Çox təəssüf ki, kişilər öz uşaqlarının ehtiyaclarını ödəməkdən boyun qaçırırlar”. Mətanət Əzizova alimentin ödənilməsindən yayınmaları aradan qaldırmaq üçün bu sahədə qanunvericiliyi bir qədər də sərtləşdirməyin vacib olduğunu söylədi.
“Məhkəmə icraçıları öz vəzifələrini yerinə yetirmirlər”
Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı neçə iş olduğunu öyrənmək üçün quruma müraciət etsək də, bizə konkret rəqəm deyilmədi. Cari ildə açıqlanan hesabatda göstərilib ki, idarənin icraatında alimentlə bağlı 20 mindən çox iş var. Və onun çox az qismi təmin edilib. Hüquqşünas İradə Cavadova deyir ki, qadınlar öz hüquqlarını bilmədiyi üçün alimentlə bağlı müraciət etmirlər: “Bir çox xanımlar boşandıqları zaman alimentlə bağlı müraciət etmirlər. Kişilər onlara təzyiq edərək deyirlər ki, aliment istəsən, sənin üçün problem yaradacağam. Bir qisim qadınlar təzyiq nəticəsində ehtiyat edərək müraciət etmirlər. Bəzi xanımlar düşünür ki, məhkəmədə süründürməçiliklə qarşılaşa bilərlər. Ancaq belə deyil. Düzgün iddia tərtib olunarsa, onlar udacaq”. Hüquqşünasın fikrincə, alimenti ödəməkdən boyun qaçıranlar üçün qanunvericilikdə ciddi cəza nəzərdə tutulmayıb: “Yaxşı olar ki, qanunvericiliyə bir müddəa əlavə edilsin ki, analar uşaqlarını ildə bir dəfə istirahətə göndərmək və yaxud mükəmməl təhsil alması üçün ata ona daha çox aliment ödəsin. Bəzən də olur ki, ana uşağını istirahətə apardıqda kişilər bundan sui-istifadə edir və uşağın xaricə çıxarılmasına mane olur. Çox yaxşı olardı ki, bu məqama da diqqət ayrılsın”. İradə xanım deyir ki, ərinə soyadını verən qadın aliment ala bilər: “Nikah qurulan zaman qadın istənilən soyadı götürə bilər. İstəsələr öz soyadlarını götürə də bilərlər, yaxud da öz soyadlarında qala da bilərlər. Bunun alimentə heç bir təsiri yoxdur”. İradə Cavadova məhkəmə icraçılarının yaxşı işləmədiyini də söylədi: “Bu sahədə icraçılar mükəmməl işləməlidirlər. Alimenti ödəməyən kişilər məsuliyyətə cəlb olunmalıdır. Ancaq əksər hallarda icraçılar bundan sui-istifadə edirlər. Öz vəzifələrini yerinə yetirmirlər”.
Çıxış yolu...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova da son zamanlar alimentlə bağlı şikayətlərin sayının çoxaldığını deyir: “Əsasən də məhkəmə icrası ilə bağlı şikayətlər artıb. Ancaq o statistika indi hazır deyil. Prezidentin məhkəmə işlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncamından sonra yəqin ki, bu sahədə irəliləyiş olacaq. Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz. Onun ölkəni tərk etməsinə məhdudiyyət qoyuldu. Yəqin ki, problemin həllində bunun da köməyi olacaq”. T. İbrahimova aliment fondunun tezliklə yaradılmasının gözlənilmədiyini bildirdi: “Bir çox ölkələrdə aliment fondu yaradılıb. Sadəcə, bizim ölkəmizdə bu, təklif olaraq qalıb. Yaxın illərdə yaradılacağı gözlənilmir. Biz öz səlahiyyətimiz çərçivəmizdə müvafiq qurumlar qarşısında təklif vermişik. Bu məsələnin öz həllini tapması, yəqin ki, uzun çəkəcək. Ancaq aliment fondu yaradılarsa, problem qismən həllini tapar”.






