İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Attestasiya Komissiyasındakı rəhbər dəyişikliyinə təhsil ekspertindən reaksiya

4060 06.09.2018 09:20 Gündəm A A

Etibar Əliyev: “Əgər ona müəyyən sərbəstlik verilsə...”

Xəbər verildiyi kimi, Prezident yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Onu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev əvəzləyib.

Qeyd edək ki, Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub.

1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 1984-1989-cu illərdə Rusiyada Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və buranı da fərqlənmə diplomu ilə bitirib.

1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

2009-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını alıb. 60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir. F.Mustafayev 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini kimi fəaliyyət göstərib. 1994-1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin əvvəlcə vitse-prezidenti, sonra isə prezidenti olub. 1996-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin əvəlcə icraçı direktoru, sonra isə prezidenti işləyib. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti vəzifəsində çalışıb. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi işləyib.

2004-2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, 2015-2016-cı illərdə təhsil nazirinin müşaviri vəzifələrində işləyib.

2016-cı ildən bu günə qədər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.

2011-2013-cü illərdə Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü olub. 2013-cü ilin fevral-oktyabr aylarında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013-cü ilin oktyabr ayından bu günə qədər isə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri işləyib. 2017-ci ilin sentyabr ayından Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.

Təhsil eksperti Etibar Əliyev “Yeni Müsavat”a açıqlamasında bu təyinatı yüksək dəyərləndirdi: “Azərbaycanda 2005-ci ildən başlayaraq Bolonya sistemi tətbiq olunmağa başlayıb. Burada elmi dərəcələrin verilmə strukturu tam fərqlidir. Belə qurumların mövcudluğu nəzərdə tutulmur. Lakin buna baxmayaraq, Ali Attestasiya Komissiyası bizdə fəaliyyət göstərir. Sovetlər dönəmində Mərkəzləşmiş Ali Attestasiya Komissiyası kimi mövcud idi. Sonralar hər ölkənin özünün belə bir komissiyası yaradıldı. Dissertasiyaların təsdiqi ilə məşğul olan yeganə qurum kimi fəaliyyət göstərir. Düşünürəm ki, Ali Attestasiya Komissiyasının ən uğurlu rəhbəri rəhmətlik Azad Mirzəcanzadə olub. Onun vaxtında alim olmaq istəyənlərdə bir məsuliyyət hissi var idi. Özünü alim kimi görə bilən şəxslər bu işə baş qoşurdu. Tam da olmasa, əksəriyyətini nəzərdə tuturam. Sonradan bu qurumda dəyişikliklərlə yanaşı yumşalma prosesi getdi. Plagiat işlərinin sayı çoxalıb. Eyni zamanda alim olanların qohum-əqrəbalarının, dost-tanışlarının sürətlə alim olma prosesi getdi. Vəli Hüseynovun idarəçiliyi akademik Arif Mehdiyevin idarəçiliyinin məntiqi davamı idi. Son təyinata gəldikdə isə düşünürəm ki, bu uğurlu təyinatdır. Famil Mustafayevi daha çox təhsil sistemindən tanıyırdım. O, 2004-cü ildən 2015-ci ilə qədər Azərbaycan Milli Ensiklopediya Mərkəzində çalışıb. Burada çalışmağın özü də müəyyən təcrübədir. Onu prinsipial, elmi olan bir şəxs kimi tanıyıram. 2016-cı ildən etibarən çalışdığı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində özünü doğruldu. Peşə təhsilinin vəziyyəti çox ağır idi. Onun gəlişindən sonra müəyyən canlanma yarandı. Bu təhsil sisteminə xeyli sayda partnyorlar dəvət olundu. Famil Mustafayevi işlədiyi hər yerdə özünü doğruldan şəxs kimi tanıyıram. Əgər ona müəyyən sərbəstlik verilsə, kadrlar seçimində imkanlar yaradılsa, düşünürəm ki, bu sistemdə müəyyən dərəcədə dönüş yaratmaq mümkün olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR