Xəbər verildiyi kimi, Rusiya müxalifətinin lideri Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə mübarizə fondu (KMB) Ədliyyə nazirliyi tərəfindən “xarici agent” siyahısına salınıb.
Xatırladaq ki bundan öncə KMB rəhbərliyinə qarşı 1 milyard rubl pulun mənimsənilməsi üzrə cinayət işi qaldırılmışdı.
Nazirilyin qeyri-hökumət təşkilatları üzrə departamentinin rəisi Vladimir Titov bu qərarı “fond əməkdaşlarının dövlət hakimiyyət orqanlarının fəaliyyətinə təsir göstərməsi, mitinq və yürüşlər təşkil etməsi” ilə əlaqələndirib. V. Titov bütün bunların təşkilatı “xarici agent" adlandırmaq üçün əsas olduğunu bildirib.
Bundan başqa nazirlik rəsmisi bir sıra xarici ölkələrdən fondun hesabına pul tranşlarının köçürüldüyünü iddia edib.
Onun sözlərinə görə, İspaniyadan iki, ABŞ-dan bir tranş olmaq üzrə, 140 min rublluq hesab fondun bank hesablarına yatırılıb.
Rusiya dövlətinin iddiasına əsasən, bunlardan biri ABŞ-ın “Star-Doors LLC” adlı şirkətidir. Maraqlıdır ki, bəhs edilən firma divar şkaflarının quraşdırılması ilə məşğuldur və Florida ştatında qeydə alınıb.
İspaniyadan isə Roberto Fabio Monda Kardenas adlı bir şəxsin adından iki dəfə pul köçürməsi həyata keçrilib.
Qeyd etmək lazımdır ki, Korrupsiya ilə mübarizə fondu Rusiya hakimiyyətinin yuxarı dairələrindəki milyardlıq pul yeyintiləri, dövlət məmurlarının qeyri-qanuni şəkildə varlanma hallarının, xəzinədən talanan pullaırn Qərbdə leqallaşdırılmasının ifşası ilə məşğul olub.
Gözlənildiyi kimi KMB rəhbərliyi Ədliyyə nazirliyinin qərarına sərt reaksiya verib.
Fondun direktoru İvan Jdanov tvitter hesabında yalnız Rusiya vətəndaşları tərəfindən maliyyələşdirildiklərini və xaricdən heç vaxt pul almadıqlarını yazıb.
Bunu təşkilatın təsisçisi Aleksey Navalnı da təsdiqləyib. Rusiyalı siyasətçi bu qərarın birbaşa prezident Vladimir Putin tərəfindən verildyini qeyd edib.
Fondun mətbuat katibi Kira Yarmış isə nazirliyin qərarını siyasi təzyiq və onların ölkədə baş verən korrupsiya hallarına qarşı mübarizə fəaliyyətini dayandırmaq cəhdi kimi qiymətləndirib.
Qeyd olunur ki, bu ilin avqust ayının 3-də Rusiya İstintaq Komitəsi Korrupsiya ilə mübarizə fonduna qarşı 1 milyard rubl vəsaitin mənimsənilməsi üzrə cinayət işi başlayıb. Həmin vaxt KMB-nin bütün federal və regional bank hesabları və qərargahları bağlanıb. Sonradan həmin rəqəm düzəldilərək 75 milyon rubla endirilib.
Musavat.com






