İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Duqin: Ermənistan Rusiya ilə birlikdə olmasa, yer üzündən silinəcək...

6299 26.08.2016 18:24 Dünya A A

Ermənistan müxalifəti rəsmi İrəvanın münaqişənin nizamlanması ilə bağlı verəcəyi güzəştlərdən narahatdır 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan pauza davam edir. Bu sükutu yalnız cəbhə bölgəsində avtomat və pulemyotlardan gələn səslər pozur.

Diplomatik arenada da dəyişən heç nə yoxdur. Sadəcə, Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçiriləcəyi ilə bağlı xəbərlər gəzir.

Bu səbəbdən meydan siyasətçilərə, fikir adamlarına, analitiklərə, politoloqlara, daha doğrusu onların mətbuatla paylaşdıqları fikir, proqnoz və təhlillərə qalıb.

Rəsmi meydanlardan fərqli olaraq, burada vəziyyət daha qaynardır. Xüsusilə Rusiya və Ermənistan mətbuatında münaqişə ətrafında qızğın müzakirələr geniş vüsət alıb.

Musavat.com həmin məlumatlardan, fikirlərdən və mövqelərdən bəzilərini Azərbaycan oxucularına çatdırır.

Hər halda, olan-bitəni düzgün təhlil etmək baxımından qarşı, zidd görünə bilən fikir və  mövqelərin çatdırılması doğru olardı. 
****

ABŞ Dövlət Departamentini sanksiyalar üzrə kooordinatoru Daniel Frid “Amerikanın səsi”  radiosuna  bildirib ki, ABŞ Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının tərəfdarıdır. Lakin bundan ötrü ilk öncə münaqişə tərəfləri addım atmalıdır: “Onlar nə istədiklərinə qərar verməlidirlər. Əgər sülh istəyirlərsə, Birləşmiş Ştatlar kömək etməyə hazırdır”. 



Daniel Frid münaqişəyə cəlb olunan ölkələrin hökumətlərinin problemin qəti həllində maraqlı olmadığını bildirib: “Onlar Qarabağ probleminin mövcudluğu şərtlərində özlərini çox rahat hiss edirlər və uzunmüddətli deyil, qısa müddətli perspektivdə düşünürlər”, deyə amerikalı diplomat bildirib.

Ermənistan müxalifəti isə  hakimiyyətin münaqişənin nizamlanması ilə bağlı verəcəyi güzəştlərdən narahatdır. 

Musavat.com-un news.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın keçmiş xarici işlər naziri, “Vəhdət” partiyasının sədri Vardan Oskanyan “Amerikanın səsi” radiosuna müsahibəsində Ermənistanın nizamlanma ilə bağlı danışıqları dondurmasını istəyib: “Ən yaxşı variant müzakirələri parlament seçkilərinə qədər durdurmaqdı”, -  deyə Oskanyan bildirib. 

Картинки по запросу vardan oskanian

Oskanyan bununla bağlı Ermənistan hakimiyyətini yanlış istiqamət götürməkdə ittiham edib: “Biz Dağlıq Qarabağ xalqının (erməni icmasının –red.) öz müqəddəratını həll etmək hüququnun müəyyən edilməsi ilə bağlı prioriteti artıq itirmişik. İndi bütün diqqət ərazilərin qaytarılması üzərində cəmləşdirilib”.

Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının deputatı, hakim “Vahid Rusiya” partiyasının üzvü, Azərbaycana qarşı xüsusi düşmən mövqeyi ilə seçilən Konstantin Zatulin erməni  “Noyev kovçeq” (“Nuhun gəmisi”) qəzetində münaqişə ilə bağlı fikirlər səsləndirib. 

Картинки по запросу

Onu da qeyd edək ki, Zatulin Azərbaycana gəlişi qadağan olunan Rusiyanın nadir siyasətçilərindəndir. Onun üçün də onun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər heç kimi təəccübləndirməməlidir. 

Zatulin geniş miqyaslı müharibənin Azərbaycan üçün xeyirli olmayacağını iddia edir.
Rusiyalı deputat əl altdan gizli təhdid etməyi də unutmayıb: “Azərbaycan həmişə Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə hazır olduğunu söyləyir. Əslində isə Azərbaycan blef edir. Çünki onun iqtisadi imkanları, neft və qaz yastığı zəifdir. Geniş miqyaslı müharibə xarici qüvvələrin müdaxiləsini də özü ilə bərabər gətirəcək...”.

Zatulin üçün sülh Azərbaycanın Qarabağı itirməsindən keçir: “Sülh olduğu təqdirdə bir  tərəf Qarabağın müstəqilliyini tanıyacaq, o biri tərəf isə əraziləri itirəcək (?!). Tərəflər kompromisin bundan ibarət olduğunu bilir, lakin daxili siyasi səbəblərdən susurlar”.
Zatulin Türkiyə və Azərbaycana kin qusmağı unutmayıb: “Düşünürəm ki, bu münaqişədə sabitliyi pozan faktor Türkiyənin maraqlarıdır. Türkiyə  Ermənistanla imzalanan protokollarla Azərbaycanın əlinə onu manipulyasiya etmək üçün bəhanələr verdi. Bundan sonra Bakı Rusiyanı daha asan bənd hesab edərək, onun  rəhbərliyinə təsir edə biləcəyini düşündü. Düşünürəm ki, hətta bəzi uğurlar da əldə edildi. Bu mənada mən özümün nümunəmi göstərə bilərəm. 2011-ci ildə mən Dövlət Dumasının MDB ilə əlaqələr üzrə komitə sədrinin müavini vəzifəsindən getməli oldum. 2010-cu ildə isə məni Azərbaycanda “persona non qrata” (arzu edilməz şəxs - red.) elan etdilər.

Zatulinin Rusiyanın Ermənistanı Dağlıq Qarabağ münaqişəsində yalnız buraxmayacağını da iddia edir: ...”Rusiyanın Azərbaycana silah satması tərəflər arasında balansı pozsa da, apreldə baş verənlərdən dərs çıxararaq müharibəni dayandırdı və Ermənistana daha ucuz şərtlərdə yenidən silah verməyə başladı”. 

Rusiyanın digər tanınmış politoloqu Aleksandr Duqin isə Ermənistanı təhdid edib: “Əgər Ermənistan Rusiyanın  bu ağır günlərində üzünü Qərbə doğru çevirsə, yer üzündən silinəcək”. 

Картинки по запросу Duqin

Bu sözləri Duqin Ermənistanın 1-ci informasiya saytına (1in.am) verdiyi müsahibədə bildirib: “Avrasiya İqtisadi İttifaqı Nuhun gəmisinə bənzəyir. Kim bu gəmiyə otursa, mövcud olmaqda davam edəcək, oturmayan və tərk edən isə yer üzündən silinəcək”.

Rusiyada öz  millətçi çıxışları ilə tanınan, Beynəlxalq Avrasiya hərəkatının rəhbəri olan Duqinin fikrincə, Rusiya ABŞ-ın sayəsində yaranan bu situasiyadan çıxa bilər: “Elə Ermənistanın da böhrandan qurtula bilməsi mümkündür. Lakin Ermənistan Rusiyanın bu ağır günlərində Qərbdən dəstək alaraq Rusiyanı tərk etmək istəsə, partlayacaq və ondan heç nə qalmayacaq. Ermənistan Qərbin nəyinə lazımdır?”, deyə Duqin bildirib.

Duqinin fikrincə Qərb özünün əsas geopolitik düşməninə, yəni Rusiyaya zərbə vurmaq üçün Qarabağ münaqişəsini nəzarətdə saxlamaq istəyir:

“Buna görə Ermənistan bu ağır iqtisadi böhranı sakitcə izləyərək Rusiyadan daha bərk yapışmalıdır”, deyə Duqin qeyd edib.

Vaqif Hüseyn 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR