İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisadan onları təlxək adlandıran deputata cavab: "Siz qapı-qapı gəzəndə..."

41411 12.07.2022 23:42 Şou-biznes A A

Aktrisa Xəyalə Quliyeva "Xəzər TV"də yayımlanan "Komedixana" yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevə sosial şəbəkə üzərindən cavab ünvanlayıb.

Musavat.com-un xəbərinə görə, layihənin iştirakçısı olan aktrisa qeyd edib:

"Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünyagörüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısınız. Bizimlə bağlı danışdığınıza görə yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, "Komedixana" aktyorlarının kollec təhsili yoxdur.

Bəli, haqlısınız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti, aktyor və rejissor dərsləri almışam. Bu, o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiniz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin.

Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva!" 

Xatırladaq ki, bir neçə gün öncə deputat Etibar Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları ağır ifadələrlə tənqid etmişdi:

"Təsadüfən "Xəzər TV"nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər.

Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR